Aranda çiçək, ay Güləbətin

Ötən əsrin 70-80-ci illərində Ağcabədi respublikada ən qabaqcıl pambıqçılıq rayonlarından biri olmuşdur. Həmin illərdə rayonumuz respublika üzrə 100 min ton həddini keçən üç rayondan biri idi. Burada pambıqçılığın inkişafı təkcə əlverişli iqlim şəraitinə, bol suya, münbit torpaqlara görə deyil, həm də zəhmətkeş, əsas gəlir mənbəyi də bu sahədən olan insanların hesabına idi. Ulu öndər Heydər Əliyevin məhz bununla bağlı söylədiyi fikirlər bu gün qəzetimizin ilk səhifəsində şüara çevrilib: “Ağcabədililər torpağa ürəkdən bağlı, zəhməti, əməyi sevən insanlardır.”

Həmin dövrdə rayonumuzda üç nəfər-Güləbətin Məmmədova, Şaban Rzayev və Suqra Mədətova pambıqçılıq sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə o vaxt ölkənin ən ali mükafatı olan “Qızıl ulduz” medalı ilə təltif olunmuş, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdülər. Bu gün onları xatırlamaq və gənc nəslə də tanıtmaq lazımdır. “Həmidə qadınlar klubu”nda rayonumuzun fəal, tanınmış, uğurlu qadınları ilə bağlı yazılar dərc olunur və bu, davamlı olacaqdır. Hazırda rayonumuzda pambıq yığımına ciddi hazırlıq gedir. Bu ərəfədə məhz həmin zəhmətkeş insanlar haqqında yazmaq istədim. Daha doğrusu, hələ ki, onlardan biri haqqında…

Güləbətin Əliş qızı Məmmədova 14 yanvar 1920-ci ildə Ağcabədi rayonunun Arazbarı kəndində anadan olub. 1937-1967-ci illərdə rayonun Çaparidze adına kolxozunda manqabaşçısı, Üzeyirkənd kənd sovetinin sədri vəzifələrində çalışıb. 1949-cu ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olan G.Məmmədova 1950-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. O, həmçinin V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, AKP XXI-XXVI qurultaylarının nümayəndəsi olub. 2 dəfə “Lenin” ordeni ilə təltif edilib.

Pambıqçılıqda xüsusi fərqlənən Güləbətin Məmmədova evdə də eyni şəkildə qoçaq, işgüzar olub. Bunu yeganə övladı Adil Əliyev deyir. O, həmçinin qeyd edir ki, anam çox mərhəmətli, başqalarına yardımçı olmağı sevən insan idi. Bütün qohumlar, tanışlar köməyə ehtiyacı olanda ona müraciət edirdilər. Bilirdilər ki, əlindən gələn işdirsə, mütləq həll edəcək.

G.Məmmədovanın çox ləzzətli, adla deyilən xörəklər hazırladığını da bildirən övladı evlərinin daim qonaq-qaralı olduğunu söyləyir. Məşhur xanəndlər Xan Şuşinski, Şövkət Ələkbərova da vaxtı ilə onların evində qonaq olublar.

Güləbətin Məmmədova 1987-ci ildə vəfat etsə də adı unudulmur, gözəl insan kimi xatirələrdə yaşayır. Hətta rayon sakinləri arasında belə fikir formalaşıb ki, “Güləbatın” və ya “Bu dağda maral gəzər” adı ilə tanıdığımız mahnının sözləri məhz Güləbətin Məmmədovaya həsr olunub. Amma məlumdur ki, bu mahnı bir folklor nümunəsidir. Araşdırılsa bəlkə də yaşı Güləbətin xanımdan xeyli əvvələ gedib çıxar. İkincisi, mahnının nəqaratındakı “Dağlarda çiçək, ay Güləbatın” misrasına diqqət yetirək. Güləbətin Məmmədova aranda doğulub, burada böyüyüb və burada da dünyasını dəyişib. O zaman onun dağla nə əlaqəsi var idi? Məsələn, “Dağlar qızı Reyhan” mahnısındakı Reyhan haqqında müəyyən məlumatlar var ki, 1918-ci il Mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazdan olan Reyhan adlı gəlin isə qaçıb gizlənməyi bacarır. Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada “Gəlinqaya” adlandırılan yerdə daşnakları darmadağın edir. 1928-ci ildə Reyhan həbs olunur, amma bolşeviklər tərəfindən güllələnməyə aparılan zaman xilas edilir. Reyhanın adı və soyadı dəyişdirilir. O, Krımdakı bir monastrda yerləşdirilir. Hansı monastra yerləşdirildiyi məlum deyil.

1928-ci ildə yenə də ermənilər tərəfindən “antisovet” damğası vurularaq, güllələnməyə məhkum edilir. Əslən Xaçmazın Padar kəndindən olan Reyhanı güllələnmədən Mir Cəfər Bağırov xilas edir.

Bu məlumatı ona görə xatırlatdım ki, həmin mahnıdakı Reyhanın “dağlar qızı” adlanmasının səbəbi var idi. Amma “Güləbatın” mahnısı ilə Güləbətin Məmmədova arasında heç bir əlaqə tapa bilmədim. Üstəgəl, burada digər əmək adamlarına həsr olunmuş mahnılardakı kimi, pambıqçılıqdan, zəhmətdən, torpaqdan da söz açılmır. Həmçinin əksər xalq mahnıları kimi bu mahnının da mətnini bayatılar təşkil edib və həmin bayatıların bəzisini başqa xalq mahnısında da görmək mümkündür. Məsələn, “Gül açdı” mahnısında “Bu dağda maral gəzər” misralı məlum bayatı da var. Yəni o bayatıların ilk olaraq hansı mahnıda işlənməsini də bilmirik.

Əslində sözügedən illərdə zəhmətkeş əməkçilərə, pambıqçılara, neftçilərə həsr olunmuş mahnıların yaranması, dildən-dilə düşməsi və həmin dövrdə pambıqçılıq sahəsində Güləbətin Məmmədovanın da şöhrəti, fəxri ada layiq görülməsi bu mahnının ona həsr olunmasını çox inandırıcı göstərə bilərdi. Və bəlkə də deyilənlər həqiqətdir. Amma bəlkələri araşdırmaq, dəqiqləşdirmək daha gözəl olar. Bəziləri mahnının Kəlbəcərdə yaşamış hansısa Güləbətin adlı bir qadına həsr olunduğunu da söyləyirlər…

Hər halda, “Dağlarda çiçək, ay Güləbatın” deyərkən hansı Güləbətindən bəhs olunur bilmirəm, amma Ağcabədidə də bir çiçək vardı, adı Güləbətin.

Məhsəti MUSA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com