Ağcabədi Qadın Resurs Mərkəzi 2020-ci ilin dekabr ayından fəaliyyətə başlayıb. Sözügedən qurumun koordinatoru Gülşən Quliyevanın dediklərinə görə, Qadın Resurs Mərkəzi “İqtisadi və sosial iştirakın artırılmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qrupa daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində təşkil olunub. Həmin layihə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə BMT-nin inkişaf proqramı layihəsinin birgə əməkdaşlığı və Britaniya hökumətinin maliyyə dəstəyi əsasında fəaliyyət göstərir. Layihə Ağcabədi, Bərdə və Tərtər rayonlarında həyata keçirilir. Burada nəzərdə tutulmuş bütün xidmətlər pulsuz yerinə yetirilir. Layihədə hüquqi dəstək, psixoloji dəstək, sosial məsələlər üzrə dəstək xidmətləri nəzərdə tutulub. Bununla əlaqədar olaraq müxtəlif təlim məşğələləri də təşkil olunur. Biznes, kompüter, mühasibatlıq, psixoloji, psixososial gender, stressin idarə edilməsi və digər bu kimi tədbirlər keçirilir.
G.Quliyeva söhbət zamanı qeyd edib ki, bu ilin fevral ayında rayondan olan 37 nəfər qadının iştirakı ilə keçirilən biznes təlimi bu baxımdan diqqəti çəkib. Mərkəzdə təşkil olunan həmin təlim böyük marağa səbəb olub. İyul ayında keçirilən kompüter üzrə təlim xüsusi ilə önəmli olub. Həmin təlimdə uğurla iştirak edən 20 nəfər gənc qadın BMT-nin və respublika elm və təhsil nazirliyinin sertifikatlarına layiq görülüb.
Ağcabədi şəhər 4 saylı tam orta məktəbində avqust ayında keçirilən mühasiblik kursunu 20 qadın uğurla başa vurub və yaxın günlərdə onlara da müvafiq sertifikat veriləcək.
Mərkəzin koordinatoru onu da əlavə edib ki, 26-30 avqust tarixlərində rayonda keçirilən psixo-sosial təlimlərdə 20 qadın iştirak edib. Bakı şəhərindən dəvət olunmuş psixoloqun iştirakı ilə keçirilən bu təlim böyük maraqla qarşılanıb. Həmin iştirakçılar belə tədbirlərin müntəzəm təşkil olunmasını təklif ediblər.
Qadın Resurs Mərkəzinin təşkilatçılığı ilə rayonda, eləcə də, qəsəbə və kəndlərdə psixolji, hüquqi və sosial problemlərlə əlaqədar keçirilən görüşlər də mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərindən gəlmiş psixoloq Nüşabə Nağıyeva tərəfindən psixoloji yardıma ehtiyacı olan qadınlar, xüsusilə Vətən müharibəsi dövründə zərər çəkmiş şəxslər, qazilərin həyat yoldaşları, şəhid anaları ilə görüşlər çox böyük səmərə verib. Bu səbəbdən həssas qrupa daxil olan qadınların Mərkəzə müraciətləri çoxalıb. Artıq həmin müraciət edənlərin sayı 150 nəfərə çatıb.
Yeri gəlmişkən qeyd edək ki, rayonun Hindarx qəsəbəsi, Xocavənd, Boyat, Qaraxanlı, Salmanbəyli, İmamqulubəyli, Arazbar, Minəxorlu və s. kəndlərində keçirilən görüşlərdə qadınlara psixoloji dəstəklər verilib.
G.Quliyeva sonda bildirib ki, adıçəkilən layihə 2024-cü ilə qədər davam etdiriləcək.
Yəhya PAŞAZADƏ