Türk əsilli fransız “Nant”la oyunöncəsi nələr danışdı? – MÜSAHİBƏ

Cari  avrokubok mövsümünə UEFA Çempionlar Liqasında başlasa da, hazırda mübarizəni UEFA Avropa Liqasında davam etdirən Ağdamın “Qarabağ” komandası iki gün sonra qrup mərhələsinin ikinci qarşılaşmasında Fransanın “Nant” komandası ilə qarşılaşacaq. Sözügedən komanda “Qarabağ”a ilk dəfə rəqib olduğundan Fransa təmsilçisi “Qarabağ” üçün “sirli qutu”dur. Məhz bu səbəbdən qarşılaşma ərəfəsində həm Azərbaycan, həm də Fransa futboluna bələd olan futbol adamlarına maraq artmaqdadır. Belələrindən biri də türk əsilli fransız futbolçu Ender Günlüdür. Hazırda İsveçrənin yüksək liqa təmsilçisi “Servette”nin futbol akademiyasının U-15, U-16,  U-17, U-18, və U-21 komandalarında hücumçularla işləyən məşqçi kimi çalışan və eyni zamanda İsveçrə təmsilçisinin skautu kimi fəaliyyət göstərən 38 yaşlı mütəxəssis vaxtilə ölkəmizdə AZAL və “Turan” kimi klublarda top qovduğundan Azərbaycan futboluna da yad sima deyil. Məhz bu səbəbdən türk əsilli fransız futbol adamından “Nant”ı incələməsini istədik.

– Avroliqada “Qarabağ”a rəqib olan “Nant”ı bir komanda kimi necə təqdim edərdiniz?

– Ötən mövsüm ölkə çempionatında istənilən kimi çıxış etməsələr də, Fransa kubokunu qazanmışdılar. Bu mövsüm isə komanda çempionata heç də pis başlamayıb. Ötən ildən komandaya rəhbərlik edən   Antuan Kömbuare yaxşı məşqçidir. Fransalı mütəxəssis 4-3-3 taktiki sxemindən istifadə edir. Yəqin ki, “Olimpiakos”la oyunda “Qarabağ”ın məşqçilər korpusu “Nant”ı təhlil etmək imkanı qazandı.

“Nant” komandasının üstün və zəif cəhətləri hansılardır?

 – Fiziki cəhətdən güclü komanda kimi xarakterizə etmək olar. Heyəti heç də zəif deyil, amma bu komandanın əsas iki  təhlükəli futbolçusu var: Mustafa Mohamed və Moyzes Simon. Həm nigeriyalı vinger, həm də “Qalatsaray”dan icarəyə götürülən Mustafa Mohamed mövsümə yaxşı başlayıb. “Nant” çox aqressiv futbol nümayiş etdirir. Bu aqressivlik isə özlüyündə komanda üzvlərinin oyun ərzində hakim tərəfindən tez-tez cəzalandırılması ilə özünü göstərir.

–  Sizcə,“Qarabağ” komandası “Nant” qarşı hansı oyun üslubuna üstünllük verməlidir?

– Düzü, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hərşeyin ən yaxşısını bilir. Bu qədər uğur qazanmış məşqçinin komandasının necə oynamalı olduğu haqda danışmağa ehtiyac yoxdur. Amma madam ki, sual vermisiniz, deyim. Məncə, “Qarabağ” öz ənənəvi oyununu oynamalıdır. Topa daha çox sahib olmaqla rəqibi yormalı və yaratdığı vəziyyətlərdən istifadə etməlidir. Rəqib sərt oyuna üstünlük verdiyindən “Qarabağ” üçün standart vəziyyətlər çox ola bilər. Belə məqamlarda diqqətli olmaqla “Nant”ı cəzalandırmaq mümkündür. “Qarabağ”a inanıram.

– “Qarabağ”a inanıram deməyinizdən belə anladım ki, iki gün sonrakı matçda məhz “Qarabağ”ı dəstəkləyəcəksiniz.

–  Mənim ürəyim “Qarabağ”ı dəstəkləyir.

– Yeri gəlmişkən, ökəmizdə iki klubun heyətindəçıxış etmisiniz. Azərbaycandan getdikdən sonra bizim futbolu izləyirsiniz?

– Açığı, əvvəllər izləyirdim, amma sonradan çempionatın səviyyəsi düşdü deyə Azərbaycan premyer liqası ilə maraqlanmadım. Yalnız sizin klublar avrokuboklarda çıxış edəndə oyunlara baxırdım. Amma bu il yenidən Azərbaycan birinciliyini izləyirəm. Sabiq klubum “Turan”ın yenidən elitaya qayıtmasına sevinirəm. Ümumiyyətlə, Azərbaycan həmişə ürəyimdədir.

–  Yəqin ki, nə vaxtsa yenidən ölkəmizə qayıtmaq istərdiniz. Futbolçu kimi çıxışetdiyiniz Azərbaycana bu dəfə məşqçi kimi dönmək yəqin ki, sizin üçün də maraqlı olardı.

– Azərbaycana qayıtmağı təbii ki, istəyərəm. Bir gün hansısa yerli klubdan təklif gəlsə, məmnuniyyətlə qəbul edərdim. Hazırda çalışdığım “Servette”nin futbol akademiyasında qazandığım uğurlar, topladığım təcrübə Azərbaycanda uğur qazana biləcəyimə olan ümidimi artırır.

– Yeri gəlmişkən, İsveçrə klubunun skautu kimi azərbaycanlı futbolçuları da izləyirsinizmi və ən əsası İsveçrədə top qova biləcək azərbayanlılar varmı?

– Düzü, skaut kimi daha çox gənc futbolçuları izləyirəm. Azərbaycanlı futbolçuların potensialına gəlincə, təbii ki, istedadlı futbolçular var, ancaq sizin futbolçular xarici klublara transfer olunmaqda çətinlik çəkirlər.

– Sizcə, azərbaycanlı futbolçuların ölkə hüdudlarından kənara çıxa bilməməsinin əsas səbəbi nədir?

– Bayaq dediyim kimi, ölkə çempionatının səviyyəsi aşağıdır. Həm də Azərbaycanda klublar gənc futbolçularla düzgün işləmirlər və ən əsası gənclərə şans verilmir, səbr edilmir. Bu mənada “Qarabağ” və “Qəbələ” nisbətən digərlərindən fərqləniridi, amma son vaxtlar “Qəbələ”nin də gənclərə yanaşması yaxşı deyil.

– Gənc futbolçulardan söz düşmüşkən, milli komandamızın İsveçrə “Qrasshopper”ində forma geyən gənc üzvü Renat Dadaşov avqust ayı üçün   İsveçrədə ən yaxşı futbolçu seçildi. Bu barədə fikirləriniz maraqlıdır.

–  Hə, Renat Dadaşovun ötən ayın ən yaxşısı seçilməsindən xəbərim var. İnşallah, belə də davam edər. Ümumiyyətlə, İsveçrə çempionatı gənc futbolçular üçün bir vitrin rolunu oynayır. Burda özünü göstərməklə daha yaxşı çempionatlara yollanmaq mümkündür. Ümid edirəm ki, Dadaşov da daha yaxşı futbol liqalarından birinə üz tutmaq şansı qazanar.

Söhbətləşdi: Tural Məmmədov

Şərhlər