Azərbaycan dili zəngin lüğət tərkibinə, söz ehtiyatlarına, məna çalarlarına malikdir. Onun məfhumları, fikirləri sərrast ifadə etmək üçün geniş manevr imkanları mövcuddur. Bu imkanlardan yararlanarkən nitqin gözəlliyinin, ifadə mədəniyyətinin qorunması, mühafizə edilməsi mütləq nəzərə alınmalıdır. Ancaq, gəlin görək, hər kəs bu tələblərə lazımınca əməl edə bilirmi?
Əslində, dil vahidlərindən məqamında, dəqiq istifadə etmək özü xüsusi ustalıq və məharət hesab olunur. Kiminləsə danışarkən müraciət zamanı sözlərə, kəlmələrə fikir verilməlidir. Hökmən dinləyənin, həmsöhbətin şəxsiyyəti, cəmiyyətdə mövqeyi, nüfuzu, dünyagörüşü, peşəsi diqqət mərkəzində saxlanılmalıdır.
İctimai həyat dəyişdikcə, inkişaf etdikcə təbii olaraq, dil də inkişaf edir, dəyişir, yeni, fərqli xüsusiyyətlər qazanır. Dilimizin bütün inkişaf mərhələlərində bunu aydın görmək mümkündür. Ölkəmizdə müstəqillik bərpa edildikdən sonra da dilimizdə ciddi dəyişikliklər müşahidə olunub. Ümumiyyətlə, tarixi dövrdən, şəraitdən asılı olaraq, dildə sözlərin mənaca darlaşmasına, deformasiyasına, fərqli anlamlar verməsinə tez-tez rast gəlinir.
Məsələn, ərəb dilindən götürülmüş qələt sözü Azərbaycanda tarixən səhv, yanlış mənalarında işlədilib. Bu gün onu, sadəcə olaraq, həmin mənada işlətmək qeyri-mümkündür. Hazırda dilimizdə işlətdiyimiz “qələt etmisən” ifadəsi müasirlərimiz tərəfindən yalnız təhqir kimi qəbul olunur.
Vaxtilə ədəbi dilimizdə məhsuldar şəkildə işlədilən tüllab və mütrüb sözləri də bu qəbildəndir. Hər iki söz ərəb dilinə məxsusdur. Tüllab ərəbcə tələbə sözünün cəmidir, yəni tələbələr. Mütrüb isə ərəb dilində aktyor, artist deməkdir. Hazırda bu sözlər yaramaz, hoqqabaz, alçaq və sair mənalarada başa düşülür.
Müasir dövrdə dilimizdə müraciət mənasında istifadə etdiyimiz bəy, xanım, yoldaş, müəllim sözləri də müxtəlif cəmiyyətlərdə müxtəlif mənalarda işlədilib. Mənşəcə türk dilinə mənsub olan bəy və xanım sözləri tarixən titul bildirib. Həmin sözlər əsilzadə, zadəgan nəslinə məxsus kişi və qadınlara müraciətən deyilib. Orta əsrlərdə hakim ailələrdən olan qadınlar xüsusi hörmət, nüfuz müqabilində xatın və yaxud xatun (qadın) adlandırıblar (Mömünə xatın, Sara xatun, Aləmşah xatun).
Qədim dövrlərdə bəzi kübar qadınlarımıza bəyim sözü ilə də müraciət olunub. Məsələn, Böyük Bəyim, Kiçik Bəyim, Taclı Bəyim, Ağa Bəyim, Ağa Cavanşir və s. Son vaxtlaradək qızlara Bəyim xüsusi adı da verilib.
Qadınalra müraciət formasında işlədilən xanım və bəyim sözləri xalqımıza məxsus qədim xan və bəy titullarının sonuna -ım, -im mənsubluq bildirən leksik şəkilçi artırılması yolu ilə əmələ gəlib.
Sovet hakimiyyəti illərində xanım həqiqi mənasında deyil, bəzi nüfuzlu şəxslərə, sənətkarlara hörmət formasında işlədilib (Zeynəb xanım, Əminə xanım, Amaliya xanım və s.).
Müstəqillik illərində xanım sözünə daha çox müraciət edilir. Əlbəttə, hər qadına yeri gəldi, gəlmədi, xanım deyə müraciət etmək də doğru deyil.
Keçək bəy sözünə. Zənnimizcə, bu söz (bəzi türk dillərində bay) türk dilində el-oba mənasını verən boy sözündən yaranıb. Bəy, yəni, boyun, elatın, tirənin, tayfanın başçısı, rəhbəri. Rus dilində rast gəlinən boyar sözü də boy sözü ilə əlaqədardır.
Məlumdur ki, istər çar, istərsə də sovet dönəmində bəy sözünə həmişə qısqanclıqla yanaşılıb. Bəy titulu daşıyanlar, ümumiyyətlə, bu nəslə mənsub olan soydaşlarımız daim təqib olunub, repressiyalara məruz qoyulublar. Hətta bu sözün dilimizin lüğət fondundan birdəfəlik silinməsi üçün dəridən-qabıqdan çıxıblar. Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra bəylik hüququnun ləğv olunması haqqında qanun qəbul edilib. Bir çoxları bu səbəbdən bəylik hüququndan mərhum ediliblər. Bəzi şəxslər yalnız çar məmurlarına rüşvət müqabilində bəylik ala biliblər. Belələrini isə rişxəndlə “quru bəy”, “pambıq bəyi” deyə çağırıblar.
Sovet hakimiyyəti dönəmində vaxtilə bəy zümrəsinə mənsub olmuş şəxslərə həqarətlə yanaşılıb. Onlara istehza ilə “bəy” deyə müraciət edilib.
SSRİ-nin dağılması səbəbindən müstəqillik qazanmış respublikamızda bəy sözü yenidən gündəmə gətirilib. Müstəqilliyin ilk illərində kişilərə, bir növ, kütləvi şəkildə bəy deyə müraciət olunub. Lakin bir müddət sonra bu söz lağ mənasında işlədilib, cəmiyyətdə birmənalı qarşılanmayıb.
Bununla belə, illər keçdikdən sonra bəy sözü bir daha fəal status qazanıb, müraciət mənasında geniş işlədilməyə başlayıb. Hazırda sovet dövründə məhsuldar müraciət forması olan yoldaş sözü dilimizdən tədricən sıxışdırılır. Onu cənab sözü əvəzləyib.
Qeyd edək ki, qardaş Türkiyə Respublikasında həmin sözlərin qarşılığı kimi əfəndim, arkadaş müraciət formalarından istifadə edilir. Azərbaycanın cənubunda soydaşlarımız kişilərə ağa deyə müraciət edirlər. Həmin söz dilimizə məxsusdur, təxminən, başçı, hörmətli şəxs mənasını verir.
Bir neçə kəlmə də müəllim sözü haqqında. Müəllim ərəbcə elm sözündən daxili fleksiya yolu ilə əmələ gələn elmləri öyrədən peşə sahibinə deyilir. Uzun illər Azərbaycanda bu sözdən müstəqim mənada istifadə olunub. Ötən əsrin 50-ci illərindən etibarən hörmətli şəxslərə müəllim deyə müraciət edilməyə başlanıb. Maraqlıdır ki, bu gün respublikamızın hər yerində peşəsindən, vəzifəsindən asılı olmayaraq hər kəsə müəllim deyirlər. Pedaqoqlara, elm adamlarına, musiqi xadimlərinə, jurnalistlərə, vəzifəli şəxslərə müəllim deyə müraciət edilməsi başa düşüləndir. Bəs, bərbərə, satıcıya, mühaisbə, aqronoma, həkimə müəllim deyilməsinə nə ad vermək olar?
Yəhya PAŞAZADƏ