Rayonun Köyük kənd sakini 60 yaşlı Savalan Hacıyev uzun illərdir ki, müəllimlik fəaliyyəti göstərir, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. O, H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma Köyükdə və qonşu Şahsevən kəndində müəllimlik edir. Bacarıqlı pedaqoq 40 ilə yaxın müddət ərzində çalışdığı ümumtəhsil məktəblərində mühüm uğurlara imza atıb. Onun yetirmələri ali məktəblərə qəbul imtahanlarında layiqincə iştirak edərək, yaxşı nəticələr qazanırlar. Savalan müəllim əldə etdiyi nailiyyətlərə görə dəfələrlə respublika təhsil nazirliyinin və rayon təhsil şöbəsinin fəxri fərmanlarına layiq görülüb.
Bölgənin nüfuzlu dil-ədəbiyyat müəllimlərindən sayılan S.Hacıyev yaşadığı Köyük kəndində kənd təsərrüfatı sahəsində də özünü sınamaq qərarına gəlib. Bu zəhmətsevər insan xeyli müddətdir ki, pambıq əkib-becərməklə, heyvandarlıqla məşğuldur. Savalan müəllim pedaqoji sahədə olduğu kimi, əkin-biçin işlərində də yaxşı nəticələr göstərir. Təsadüfi deyil ki, o, ötən təsərrüfat ilində 2,5 hektar əkin sahəsinin hər hektarından 35 sentner “ağ qızıl” götürməyə nail olub.
Əməksevər müəllim cari təsərrüfat ilində də özünə məxsus 2 hektar pay torpağında pambıq yetişdirir. Hazırda tarlalarda kompleks aqrotexniki tədbirlər aparılıb, bol məhsulun bünövrəsi qoyulub. Təsərrüfatçı yaxın günlərdə pambıq yığımına başlayacağını bildirib, sahələrdən daha çox məhsul toplamağa söz verib.
Savalan müəllimin heyvandarlıq sahəsində də fəaliyyəti ürəkaçandır. O, bəslədiyi 100 baş ana qoyundan hər il 120 bala almağa müvəffəq olub. Bu il isə müəyyən səbəblər üzündən qoyunların baş sayı xeyli azalıb. O, gələcəkdə imkan daxilində qoyun-quzunun sayın artırmaq fikrindədir. Təsərüfat sahəsində əldə etdiyi gəlir müəllimin dolanışığını xeyli yaxşılaşdırıb.
S.Hacıyev həm də istedadlı muğam ifaçısıdır. O, lap gənc yaşlarından bu qədim sənətlə məşğul olub. Köyük və qonşu kəndlərdə keçirilən toy məclislərində tez-tez iştirak edib. Onun repertuarında “Segah”, “Rast” muğamları və xalq mahnıları xüsusi yer tutub. Özünün dediyi kimi, atası Umudvar kişi, əmiləri Novruz və Paşa Hacıyevlər də gözəl səsə malik olublar. Gözəl səs, məlahətli ifa onlarda nəsillikcədir.
Təəssüflər olsun ki, oğlunun qəflətən vəfat etməsi səbəbindən Savalan müəllim neçə vaxtdır ki, muğam ifaçılığından uzaqlaşıb. O, bu ağır faciədən sarsıldığını, artıq oxuya bilmədiyini bildirir. Lakin həyat davam edir. Savalan müəllim oğlunun əziz xatirəsi üçün muğam ifaçılığını davam etdirməlidir.
Təcrübəli pedaqoqa, zəhmətkeş təsərrüfatçıya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Y. PAŞAZADƏ