Mövsümi xəstəliklərdən necə qorunaq?

Pis fəsil yoxdur deyənlər yəqin ki, ilin hər fəslinin özünəməxsus yeri, gözəlliyi olduğunu yaxşı bilirlər. Gah isti yayı bizə xatırladan, hərdən də soyuqluğu ilə şaxtalı qışın xəbərçisi olduğunu söyləyən payız məhz belə fəsilllərdəndir.

Odur ki, təbiətin payız ünvanlı payından onun bəxş etdiyi təkrarsız çalarlarından zövq almaq lazımdır. Payız bizə bağların bəhrəsini, buz bulaqların sərinliyini, ana təbiətin gözəlliyini gətirir.

Və payız gələndə çoxlarının yadına bu məşhur misralar düşür: “Payız gəldi uçdu getdi quşlar…”

Mən isə deyərdim, payız gəldi özü ilə gətirdi xəstəliklər… Bəli düz oxudunuz. Payız gəldi, özü ilə gətirdi xəstəliklər. Mövsüm dəyişikliyini insanlar orqanizmin immunitet səviyyəsindən asılı olaraq müxtəlif formada keçirirlər. Bəzi insanlarda bu özünü halsızlıq, yorğunluqla göstərsə də, bəzilərində yuxusuzluq, iştahsızlıq və depressiya ilə müşahidə edilir. Nəticədə orqanizmin zəifləməsinə və xəstəliklərin baş qaldırmasına səbəb olur. Bu mövsümdə tənəffüs yolu xəstəlikləri də çox artır. Havanın temperaturu, atmosfer təzyiqi, küləyin təsiri ilə əlaqədar olaraq burun-boğaz boşluğunda qıcıqlanmalar yaranır. Həkimlərin bildirdiyinə görə, payızda ürək, qan-damar, ağciyər, tənəffüs sistemində baş verən xəstəliklər, oynaqlarda revmatizm ağrıları daha çox özünü göstərir. Həkimlər onu da qeyd edirlər ki, bu mövsümdə qrip virusu daha geniş yayılır. Nəticədə halsızlıq, bədən hərarətinin qalxması, boğazda yanma, burun tutulması, axması və əzələ ağrısı xəstəni olduqca əldən salır. Bu xəstəliklərin qarşısı vaxtında alınmadığı halda miningit, bronxit, qarmarit kimi xəstəliklərə yol aça bilər.

Bəs biz mövsüm dəyişikliyi zamanı özümüzü bu xəstəliklərdən necə qoruya bilərik? Mütəxəssislərin bildirdiyinə görə, idmanla məşğul olmaq, sağlam həyat tərzi keçirmək, düzgün qidalanmaq xəstəlikdən qorunmağın ən gözəl yoludur. Əlbəttə, burada isti geyimlərdən istifadə etməyimiz də vacib şərtlərdən biridir. Biz özümüzü soyuqdan qorumalı, qrip virusuna yoluxmuş insanlarla məsafə saxmalıyıq. Bu xəstəliklərə yoluxmamaq üçün mütləq gigiyenik vasitələrdən istifadə etmək, əlləri tez-tez sabunla yumaq ən vacib amillərdən biridir.

Nəinki mövsüm xəstəliklərinə, bütün xəstəliklərə qalib gəlmək üçün əhvalımızı nikbinliyə kökləməyimiz vacib şərtdir. Bildiyiniz kimi insan özünü müsbət emosiyalara kökləyəndə xəstəliklər bir qədər geri çəkilir.

Nikbin olun, gülümsəyin, ailənizlə, sevdiklərinizlə mehriban ünsiyyətdən zövq alın.

Pərvin ŞAKİRQIZI

Şərhlər