Tapdıq Yaqub oğlu Əkbərov 1967-ci ildə Ağcabədi şəhərində anadan olub. Ağcabədi şəhər 5 saylı tam orta məktəbini bitirən Tapdıq Əkbərov 1987-1989-cu illərdə Rusiyanın Murmansk şəhərində hərbi xidmətdə olub. Bakı Rabitə Texnikumunu (indiki Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci) bitirən Tapdıq 1992-ci ildən Sank-Peterburq şəhərində “Tornado” klubunda idmanın taekvondo növü ilə məşğul olub. Özünün dediyinə görə, ondan böyük qardaşı bu idman növü ilə məşğul olurmuş. Və onun məşqlərini həmişə diqqətlə izləyən Tapdıq da taleyini idmanın bu növü ilə bağlayır. 1998-ci ilə qədər Sank-Peterburqda taekvondo ilə yaxından və gərgin məşğul olan Tapdıq Vətənə qayıdır. Ağcabədidə “Aran” idman klubunu açaraq yeniyetmə və gənclərə bu idman növü üzrə məşqçilik edir, onların idmanda yüksək nəticələr əldə etmələri üçün əlindən gələni əsirgəmir.
Hazırda Ağcabədi Olimpiya İdman Kompleksində taekvondo idmanı üzrə məşqçi-müəlllim işləyən Tapdıq Əkbərovun qrupunda 30 nəfər – 6 qız və 24 oğlan idmanla məşğul olur. Tapdıq müəllimlə görüşüb xeyli söhbət etdik. Yetirmələrinin uğurlarından həvəslə danışdı. Bildirdi ki, onun yetirmələri Xəyal Məmmədov 2007-ci ildə yeniyetmələr arasında Avropa çempionatında 1-ci yeri tutub. 2014-cü ildə Əkbərova Minayə (Tapdıq müəllimin qızı) yeniyetmələr arasında Dünya Çempionatında 2-ci yerə layiq görülüb. Şamil Şirinzadə 2015-ci ildə klublararası Avropa çempionatında 3-cü yeri qazanıb. Əkbərova Minayə də bu çempionatda 3-cü yerə layiq görülüb.
…Ot kökü üstə bitər atalar sözü əsl mənada həqiqətdir. Tapdıq müəllimin qızı da atası kimi idmançıdır. Minayə onun yolunu davam etdirərək taekvondo idman növündə artıq xeyli uğura imza atıb. O, atasının məşqçiliyi altında artıq püxtələşmiş bir idmançı kimi yetişib. Onun idmanda qazandığı ardıcıl qələbələr buna bir daha sübut dur. Minayə 2018-ci ildə klublararası Avropa çempionatında 1-ci yeri tutaraq qızıl medal əldə edib. Yenə 2018-ci ildə gənclər arasında olimpiadaya lisenziya qazanıb. 2021-ci ildə qadınlar arasında Avropa çempionatında 3-cü yeri əldə edib.
Bu yaxınlarda qardaş Türkiyənin Konya şəhərində kiçirilən V İslam Həmrəyliyi Oyunlarında Minayə ancaq finalda mərakeşli idmançıya uduzaraq gümüş medala sahib olub.
Yeddi yaşından atasının rəhbərliyi altında taekvondo idman növü ilə yaxından məşğul olan Minayə bu il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Bədən tərbiyəsi, idman və taekvondo” ixtisasına yiyələnib. Milli komandamızın üzvü olan istedadlı idmançı müntəzəm olaraq məşqlərdən ayrılmır, fəal surətdə turnirlərdə iştirak edir. İnanırıq ki, gənc həmyerlimiz gələcək yarışlarda da uğurlar qazanacaq, ölkəmizin adını zirvələrdə ucaldacaq.
Adil MİSİRLİ