Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanımaq, tanıtdırmaq hər birimizin borcudur.
Bu gün həmin qəhrəmanlarımızdan biri olan Talıbov Şirnalı Aqil oğlunun doğum günüdür. Yaşasaydı 25 yaşını qeyd edəcəkdi… Amma Şirnalı Vətən uğrunda canından keçməyi seçdi.
Şirnalı Talıbov 16 sentyabr 1997-ci ildə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində dünyaya göz açıb. 2003-cü ildə doğulduğu kənddə Rahim İbrahimov adına kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. Məktəbi bitirdikdən sonra, 2017-ci ilin aprelinə qədər ordu sıralarında hərbi xidmətdə olub.
Müharibə başlayandan sonra qismən səfərbərlik elan olunan zaman Vətənin müdafiəsinə qoşulmaq üçün könüllü olaraq cəbhəyə yollanır. Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşır. O,əsl qəhrəmanlıq göstərərək 4 gün mühasirədə qalan döyüş yoldaşlarını düşdükləri çətin vəziyyətdən xilas edir.
Doğmaları onu qorxmaz, igid insan kimi xatırlayır. Heç bir çətin vəziyyətin onu qorxutmadığını, onun üzündəki təbəssümünü silə bilmədiyini bildirirlər.
Qəhrəmanımız oktyabr ayının 22-də 23 yaşında Qubadlı uğrunda gedən gərgin döyüşdə şəhadətə ucalır. İki ildir ki, doğmaları onun ad gününü onsuz qeyd edirlər.
Bu gün şəhidimizin ad günü münasibəti ilə doğulduğu kənddə mərasim keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı İlkin Alıyev, şəhidin doğmaları, kənd sakinləri, digər şəhid ailələrinin üzvləri, media mənsubları iştirak etdilər.
Onlar öncə Şirnalı Talıbovun da adının və şəklinin həkk olunduğu, kənd şəhidlərinin əziz xatirəsinə ucaldılmış abidə bulaq kompleksini ziyarət edib, onlarınruhuna dualar oxudular.
Sonra şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi.
Ardınca qəhrəmanın doğulduğu evdə çay süfrəsi ətrafında toplaşan ziyarətçilər Şirnalı Talıbovun keçdiyi qısa və mənalı həyat yolundan, döyüşlərdə göstərdiyi şücaətlərdən danışıb, xatirələrini bölüşdülər.
Qeyd edək ki, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək həlak olan Şirnalı Talıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!
Pərvin ŞAKİRQIZI