Tarixi romanlar müəllifi

Ağcabədi Regional Mədəniyyət İdarəsi rayon Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük söz ustası Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 135 illiyi münasibəti ilə “Tarixi romanlar müəllifi” mövzusunda yığıncaq keçirilib. Tədbirdə sözügedən mərkəzi kitabxana, N.Nərimanov adına şəhər mədəniyyət klubu, Ağcabədi Dövlət Rəsm Qalereyasının əməkdaşları, fəal oxucular, 2 saylı şəhər tam orta məktəbinin müəllim və şagirdləri, media nümayəndələri iştirak ediblər.

Yığıncağı mərkəzi kitabxananın direktoru Məhəbbət Əliyeva giriş sözü ilə açaraq, Y.V.Çəmənzəminlinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Kitabxananın direktor müavini Təranə Məmmədova görkəmli sənətkarın dramaturgiyası haqqında geniş söhbət açıb, müəllifin Azərbaycan ədəbiyyatında tutduğu yüksək mövqeyindən və rolundan danışıb.

Mərkəzi kitabxananın fəal oxucuları da Y.V.Çəmənzəminli haqqında fikir və mülahizələrini bölüşüblər. Yığıncağın sonunda Y.V.Çəmənzəminlinin yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib, sənətkarın əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

A. MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər