Ölkə Prezidenti İlham Əliyevin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğı hesabına bütün bölgələrdə olduğu kimi, rayonumuzda da bu istiqamətdə mühüm addımlar atılır. Bundan faydalanan təsərrüfat başçıları becərdikləri sahələrdən ürəkaçan nəticə əldə edirlər. Belə təsərrüfatçılardan biri də rayonun Köyük kəndindən olan Nahid Həsənovdur. 10 ildən artıqdır ki, pambığın becərilməsi ilə məşğul olan təsərrüfatçı gərgin əməyi hesabına bu sahə ilə bağlı təcrübəsini daim artıraraq zənginləşdirir. Nahid Həsənov söhbət zamanı bildirib ki, bol pambıq əldə etmək istəyən şəxs ilk növbədə əkilən pambıq sahəsini yaxşı şumlatmalı, alaq otlarından müntəzəm olaraq təmizlətməli və dərman preparatlarından istifadə edərək, bütün lazımi aqrotexniki qaydalara əməl etməlidir. Bu işləri layiqincə yerinə yetirən N.Həsənov ötən il becərdiyi 4 hektar sahədən 14 ton pambıq əldə edib. Bu da hər hektardan 35 sentner məhsul hesab edilir. Cari ildə 4 hektar ərazidə yenidən pambıq becərən təcrübəli fermer hər hektardan 50 sentner “ağ qızıl” götürmək fikrindədir. Ona bu zəhmətli işində yeni nailiyyətlər və uğurlar arzu edirik.
Hüseyn QULUZADƏ