Qəzetimizdə müntəzəm olaraq əməkdaşlarımız tərəfindən şəhidlərimizin, qazilərimizin, Vətən müharibəsi iştirakçılarının keçdiyi şərəfli döyüş yolu haqqında silsilə yazılar dərc olunur. Hər dəfə onlar haqqında yazmağı “Aran” qəzeti kollektivi olaraq, özümüzə mənəvi borc bilirik. Haqqında söz açdığımız belə qəhrəmanlardan biri – rayonun Pərioğullar kəndindən olan Məhəmməd Əliyevlə olan söhbətimizi təqdim edirik.
– Salam, mən özüm sizi tanıyıram. Amma istərdim ki, oxucularımız da yaxından tanısınlar. Özünüz barədə oxucularımıza qısa məlumat vermənizi istərdim.
– Mən, Əliyev Məhəmməd Zəfər oğlu 1995-ci ilin aprel ayında Ağcabədi rayonunun Pərioğullar kəndində anadan olmuşam. Sözügedən kəndin tam orta məktəbində oxuduqdan sonra Vətənə olan borcumu ödəmək üçün hərbi xidmətə yollanmışam. 2013-2015-ci illərdə Tovuz rayonunda “N” saylı hərbi hissədə Ağır Artilleriya Divizionunda topçuluq üzrə manqa komandiri vəzifəsində xidmət etmişəm. Hərbi hissədə keçirilən təlim yarışlarında manqa komandiri olduğum bölmədə topların döyüş vəziyyətinə operativ gətirilməsinə görə birinci yerə layiq görülmüşük. Komandanlıq tərəfindən mükafatlar və fəxri fərmanlarla təltif olunmuşuq. Sözsüz ki, bu, təkcə mənim nailiyyətim deyil, həm də manqa komandiri olduğum əsgərlərimizin uğuru idi. Bu cür yaxşı nəticələr göstərməyim bəlkə də uşaqlıqdan hərbiyə olan böyük maraq və sevgimə də bağlı ola bilər. Doğma kəndə qayıtdıqdan sonra təhsilimi artırmaq üçün imtahan verib Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin kimya texnologiya fakültəsinin kimya ixtisasına qəbul oldum. İxtisasım üzrə gözəl təhsil aldım.
– II Qarabağ Müharibəsinin iştirakçısı kimi şərəfli döyüş yolu keçmisiniz. Keçdiyiniz döyüş yolu haqqında nə deyə bilərsiniz?
– Tovuz döyüşlərindən sonra müharibə qığılcımının yavaş-yavaş alovlandığını hiss edirdim. Belə bir günün gəlməsinə görə Allahıma şükr edirdim. Duam qəbul olundu. Nəhayət 2020-ci ilin 29 sentyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə getdim. Oradan da bir həftəlik Goranboyda “N” saylı hərbi hissədə minaatan bölüyün tərkibində təlim keçdim. Olduğum hərbi hissədə kifayət qədər təcrübə topladığım üçün minaatan batareyasının tərkibində döyüşmək mənə elə də çətin gəlmirdi. İlk döyüşə qatıldığım yer sözügedən batareyanın 40 nəfərlik şəxsi heyətiylə birlikdə Füzuli istiqamətindən başlayıb. Cəbrayıl rayonunda, Zəngilanın Mincivan qəsəbəsi, Xocavəndin Dolanlar, Qubadlının Xanlıq, Xıdırlı kəndlərinin işğaldan azad edilməsində əsgər yoldaşlarımızla gərgin döyüş yolu keçmişik. Bu istiqamədə gedən döyüşlərdə düşməni canlı qüvvə baxımından xeyli itkiyə uğratmışıq. Müharibə bitəndən 2021-ci ilin yanvarına kimi Qubadlının Xanlıq kəndində xidmətimi davam etdirmişəm. Vətən müharibəsindəki iştirakım nəzərə alınaraq Prezident İlham Əliyevin Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” meadalları ilə təltif olunmuşam.
– Müharibə zamanı ən yadda qalan hadisələrdən birini danışa bilərsinizmi?
– Mənim üçün ən yadda qalan hadisələrdən biri Xocavənd istiqamətində olub. Oktyabrın 17-də Xocavəndin Dolanlar kəndində minaatan batareyamız mühasirəyə düşdü. 7-8 saat dayanmadan həmin istiqamətdə düşmənlə döyüşdük. Nəhayət ki, 4 və 6-cı bölmələrdən olan motoatıcıların köməkliyi sayəsində mühasirədən çıxdıq. Həmin döyüşdə cəmi iki döyüşçümüz Pərviz Cəfərov və Dəyanət Cəfərov yüngül qəlpə yaraları aldı. Amma heç bir itkimiz olmadı. Düşmən də canlı qüvvə və döyüş texnikası baxımdan xeyli itki verdi. Məhz haqqında söz açdığım hadisə müharibənin mənim üçün ən yadda tərəflərindən biri idi.
– Sonda nə demək istəyirsiniz?
– Sonda bir daha müharibənin baş verməməsini, xalqımızın hər zaman sülh içində, firavan şəraitdə yaşamasını arzu edirəm. Dövlət başçımızın şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına həssaslıqla, yüksək diqqət və qayğı ilə yanaşmasını müharibə iştirakçısı kimi çox yüksək qiymətləndirirəm.
– Dəyərli vaxtınızı ayırdığınız üçün minnətdaram, sağ olun.
– Buyurun.
Söhbətləşdi: Hüseyn QULUZADƏ