Azərbaycan xalqı çox qədim musiqi sənətinə malikdir. Xalqımızın belə zəngin musiqiyə malik olması heç də təsadüfi deyil.
Xalqımız uzun bir tarixi inkişaf yolu keçib. Əsrlər boyu milli musiqimiz də inkişaf edib, zənginləşib. Qədim musiqimiz haqqında ilkin məlumatlar Qobustan və Gəmiqaya rəsm əsərlərində öz əksini tapıb.
Beləliklə, xoş sədalı musiqimiz Qobustan qayalarındakı qaval daşından süzülərək bu günümüzə qədər gəlib çatıb. “Kitabi-Dədə-Qorqud”, “Koroğlu” dastanlarında, eyni zamanda Nizaminin, Füzulinin əsərlərində zəngin musiqi sənətimiz haqqında geniş məlumat verilib.
XlX əsrin 80-ci illərində Mir Mövsüm Nəvvab və Hacı Hüsnü tərəfindən muqiçilər məclisi təşkil olunub. Bu məclisdə muğam sənəti geniş şəkildə müzakirə edilib. Məşədi Cəmil Əmirov, Seyid Şuşinski kimi incəsənət nümayəndələri belə məclislərin fəal iştirakçıları olublar. Azərbaycan musiqisinin dünya miqyasında tanınmasında Üzeyir Hacıbəyovun rolu danılmazdır.
Azərbaycan, rus və dünya klassik musiqi nümunələrini dərindən qavramış, doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yazıb yaratmış böyük bəstəkar ömrünün təqribən 45 ilini musiqi sənətinə həsr edib. 18 sentyabr–dahi bəstəkarın dünyaya göz açdığı gündür. Bu gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Üzeyir Hacıbəyov bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub.
İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyovun yaradıcılığının zirvəsini “Koroğlu” operası təşkil edir. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. Bu opera Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu olan bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə tamaşaya qoyulub.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar bu komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu əsər 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Üzeyir Hacıbəyovun ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsusdur.
Üzeyir Hacıbəyov təkcə musiqi bəstələmirdi, həm də musiqinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəyovun musiqişünasalim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir.
Üzeyir bəy Cəlil Məmmədquluzadənin yaratdığı “Molla Nəsrəddin” məktəbinin qüdrətli nümayəndələrindən biri kimi Üzeyir Hacıbəyovun əsərləri həm də xalqın azadlıq mübarizəsinə xidmət edib, tərbiyəvi əhəmiyyətə malik olub. Bəstəkarın yaratdığı musiqi inciləri böyük şöhrət qazanaraq, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.
Görkəmli musiqi xadimləri onu professional şərq musiqinin atası adlandırıblar. Bəstələdiyi əsərlərlə Azərbaycanı dünyaya tanıdan və musiqi aləmində yeni qapılar açan sənətkar eyni zamanda şərqin qapılarını da dünyanın üzünə açmış oldu.
Üzeyir Hacıbəyov dirijor, publisist, dramaturq və pedaqoq kimi də böyük uğurlar qazanıb.
O zaman Azərbaycan musiqi sənətinin peşəkarlara ehtiyacı var idi. Bəstəkar məhz bu ali məqsədlə həyatını, fəaliyyətini vətəni üçün musiqi elminin sələflərini yetişdirməyə həsr edib. Məhz bu ali məqsədlə Üzeyir Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasın təşkil edib. Bundan sonra ilk notlu xalq çalğı alətləri orkestri, ilk çoxsəsli xor, musiqi məktəbi, musiqi texnikumunu yaradıb.
İllər keçdikcə dahi bəsətkarın ümidləri özünü doğruldur. Bu təhsil ocaqları Azərbaycan musiqisinə Üzeyir ənənələrini uğurla davam etdirən görkəmli, istedadlı şəxsiyyətlər verir.
Elə ölməz bəstəkarın doğum gününün musiqi günü kimi qeyd edilməsi də əlamətdar hadisədir. Sonralar bu əlamətdar hadisə ənənəyə çevrilib. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində, 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd edilməsi qərara alınır.
Beləliklə, Azərbaycan xalqına Milli Musiqi Günü bəxş edən Üzeyir Hacıbəyovun simasında bəstəkarın əməyinin layiqli davamçıları yetişir. Onlar ölkəmizi beynəlxalq səhnələrdə böyük uğurla təmsil edirlər.
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində hər il ölkəmizdə yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və yaxud da yenidən qurulur. Milli musiqiçi kadrların yetişməsi istiqamətində uğurlu layihələr həyata keçirilir.
Son illər beynəlxalq səviyyəli musiqi festivallarının ölkəmizdə keçirilməsi musiqi mədəniyyətinin inkişafından xəbər verir.
“Qarabağ xanəndələri” albomunun, “Üzeyir Hacıbəyov Ensklopediyası”nın və “Muğam Ensklopediyası”nın nəşr olunması Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılığı sənətinin, kamançanın UNESKO tərəfindən “Bəşəriyyətin qeyri maddi-mədəni irsi siyahısı”na daxil edilməsi isə qədim musiqi mədəniyyətimizə verilən qiymətin daha bir ifadəsidir. Bu gün qürurla Azərbaycan müstəqilliyinin milli atributlarından olan dövlət himnimizi dinləyərkən ölməz bəstəkarın nəfəsini duyuruq.
Zaman dəyişir. Zövqlər dəyişir, əsl musiqi isə əbədi olaraq yaşayır. Elə sənətkar Üzeyir bəyin əsərləri kimi.
Pərvin ŞAKİRQIZI