Zülfüqar Əliyev rayonumuzun təcrübəli və qabaqcıl pambıqçılarındandır. O, hər il əkin sahələrindən bol məhsul toplayaraq dövlətə təhvil verir. Təsadüfi deyil ki, ötən il təcrübəli fermer 55 hektar əkin sahəsinin hər hektarından 35 sentner “ağ qızıl” tədarük edib.
Zülfüqar Əliyev bu il də qarşıya böyük məqsədlər qoyub. O, fermer təsərrüfatına məxsus 65 hektar pambıq sahəsində yüksək aqrotexniki tədbirlər həyata keçirərək bol məhsul yetişdirməyə nail olub. Fermerin qənaətinə görə, tarlalarda yaxşı məhsul vardır. Artıq sahələrdə defolyasiya işləri başa çatdırılıb. Bugünlərdə pambıq yığımına start veriləcək. Hər il olduğu kimi, cari mövsümdə də yığımda maşınların gücündən maksimum istifadə ediləcək. Söhbət zamanı fermer onu da əlavə etdi ki, bütün imkanları səfərbərliyə alıb, pambığı vaxtında və itkisiz yığmaq əzmindəyik. Əkin sahələrinin hər hektarından 40 sentnerə qədər məhsul götürməyi qərara almışıq.
İnanırıq ki, təcrübəli fermer cari təsərrüfat ilində də yüksək nəticəyə imza atacaq.
Yəhya PAŞAZADƏ