Millimizi kimə tapşıraq: Yerli yaxşıdır, yoxsa türkiyəli?

Son bir neçə gündə futbol üzrə milli komandamızın italiyali baş məşqçisi Canni de Byazinin vəzifəsində qalıb-qalmayacağı yenidən və daha qızğın şəkildə müzakirə olunmağa başlayıb. Düzdür, məsələ ilə bağlı AFFA İcraiyyə Komitəsi son qərarını vermədiyindən yığmanın gələcək perspektivi barədə danışmaq hələ tezdir. Amma UEFA Millətlər Liqasında komandanı qrup birincisi etmək vədi ilə yeni müqaviləyə qol çəkən əcnəbi çalışdırıcının riyazi şansları qalsa da, bunu bacarmayacağına şübhə edən yoxdur. Məhz bu səbəbdən yerli idman mediasında De Byazinin Slovakiya və Qazaxıstanla matçlardan sonra istefaya göndəriləcəyinə dair xəbərlər manşetləri bəzəyir.

Bəs görəsən, milli komandamızın “sükanı arxası”na keçmək ehtimalı olan məşqçilər kimlərdir?

İndiyə qədər hər dəfə alman çalışdırıcının istefası gündəmə gələndə milli komandanın adı ətrafında xeyli sayda əcnəbi mütəxəssisin adı hallanır. Yığmamızla daha hansı legioner mütəxəssisin adı anılmadı ki? Çezare Prandelli, Eusebio Di Françesko, Stanimir Stoylov, Abdullah Branko İvankoviç, Sreçko Kataneç… Yadınızdadırsa, De Byazinin yığmanın baş məşqçisi təyin olunmasından öncə AFFA milliyə namizədlərin yer aldığı siyanın 32 legioner məşqçidən ibarət olduğunu açıqlamışdı. Elə bu dəfə də AFFA-nın namizədlər siyahısının legioner məşqçilərlə zəngin olacağı şübhə doğurmur. Fərq yalnız orasındadır ki, bu dəfə milliyə gəlişi müzakirə olunan əcnəbi məşqçilər türkiyəli çalşdırıcılardır və ən əsası yerli məşqçilər də yox deyil.

Yerli məşqçilərdən “Zirə”ni çalışdıran Rəşad Sadıqov, sonuncu dəfə “Neftçi”də iş başında olan Samir Abasov və bu mövsümdən “Turan-Tovuz”a rəhbərlik edən Ayxan Abbasovun adı ölkənin əsas yığması ilə birgə çəkilir.

Yığmanın yeni baş məşqçisinin “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanovun olmayacağına şübhə etməyən futbol camiəsi üçün ən yaxşı variant Rəşad Sadıqov sayılır. Düzdü, Rəşad Sadıqovun milli komandanın sükanı arxasına keçməsinin əleyhinə olanlar da var və onlar Sadıqovun təcrübəsinin azlığını önə çəkirlər. Elə son olaraq AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov seçmə komandaya rəhbərlik edən mütəxəssisin beynəlxalq təcrübəsinin olmasının vacibliyini önə sürmüşdü. Amma milliyə rəhbərlik edəndə – “Oser faciəsi”nin iştirakçısı olanda hansı beynəlxalq təcrübənin sahibi olduğu ilə bağlı özünə sual verməyi unutmuşdu. Yaxud Lixtenşteyn millisinə ilk qələbə sevincini yaşadan seçmə komandamızın o vaxtkı baş məşqçisi Vaqif Sadıqov hansı təcrübə sayəsində o postu tutmuşdu ki?!

Ən əsası Rəşad Sadıqov haqda təcrübəsiz imici formalaşdırmaq düz deyil. Hələ “Qarabağ”da futbolçu kimi çıxış etdiyi dönəmdə ağdamlıların U-19 komandasına rəhbərlik edən Sadıqov 2017-ci ilin dekabrından 2018-ci ilin analoji dönəminə qədər də ölkənin Olimpiya millisinə rəhbərlik etmişdi. U-21-dən ayrıldıqdan sonra fəaliyyətini futbolçusu olduğu “Qarabağ”da həm də U-19-un məşqçisi kimi davam etdirən Rəşad 36 yaşında UEFA-nın ali məşqçilik lisenziyası olan PRO-nu almaqla bacarığını ortaya qoymuşdu.

Milli komandaya indiyə qədər rəhbərlik etmiş yerli və əcnəbi mütəxəssislərlə Rəşad Sadıqov arasında bir neçə mühüm fərq var ki, həmin fərqlər də sabiq müdəfiəçinin milli komandaya gətirilməsini şərtləndirməlidir. Birincisi, yığmanı elə mütəxəssis çalışdırmalıdır ki, millinin oyunçuları ona inanmalı, hörmət və qəbul etməlidir. Hansı ki, hər üç amilin ən tez formalaşacağı simalardan birinin Sadıqov olacağına şübhə yeri yoxdur. Yadınızdadırsa, hələ De Byazinin baş məşqçi kimi təsdiqlənməsindən öncə İctimai Televiziyanın efirində milli komandamızın hücumçusu Ramil Şeydayev Rəşad Sadıqovun namizədliyini irəli sürmüşdü. Düzdü, həmin vaxt Sadıqov futbolçu karyerasını bitirməmişdi və bu təklifə isti yanaşanlar qədər “14 nömrə”nin yığmanın baş məşqçisi postuna təyinatının tez olacağını düşünənlər də var idi. Amma bu məsələ ən çox diqqət çəkən məqam təklifin bir mütəxəssis deyil, milli komandanın hazırkı üzvü tərəfindən irəli sürülməsiydi. Görünür, əksər milli üzvləri keçmiş kapitanın rəhbərliyi altında oynamaq istəyindədilər. İkincisi, Rəşad futbolçular üçün rahat biridir. Onlara münasibətdə tək məşqçi yox, yeri gələndə mənəvi qardaş olur. Futbol zehniyyəti dərin və müasirdir, hər zaman müsbət yeniliyə can atır.  Qarşısındakını inandırmaq kimi fitri ustalığı, vergisi var. Komanda daxilində intizamı qurmağı bacarır. Üçüncüsü, keçmiş kapitan yaxşı motivatordur. Kənardan emosional olsa da, bilməyərəkdən səhv edən futbolçusunu paltardəyişmə otağında qışqırıb danlamır, yaxud hay-küy qaldırmaqla qeyri-etik nəsə demir, əksinə onu ruhlandırır, uğura kökləyir. Bu və bilinməyən digər özəllikləri səbəbindən futbolçular arasında həm insan, həm də yaxşı məşqçi kimi nüfuzu var. Nüfuz demişkən, AFFA rəhbərliyini ölkə futbolundakı biabırçı duruma rəğmən postunda ancaq Rəşad Sadıqov kimi sevilən simanın təyinatı saxlaya bilər.

Ölkənin əsas millisi üçün yerli namizədlərdən olan Samir Abasovun Azərbaycan məşqçilik məktəbinin ən yaxşı nümayəndələrindən olması ilə demək olar, hamı razıdır. Məşqçi kimi çalışdığı “Sumqayıt”da yaxşı komanda formalaşdıran Abasov “kimyaçılar”dan ayrıldıqdan sonra “Zirə”də uğur qazanmasa da, həmin uğursuzluğu “Neftçi”ni 8 illik fasilədən sonra çempion etməklə sığortalamışdı. Artıq CV-sində çempion məşqçi yazılan Abasov Azərbaycan milli komandasını rahatlıqla çalışdıra bilər. “Mətbəxin içində” olmayan birini gətirməkdənsə, klubda gördüyü işlərlə hər kəsin rəğbətini qazanan, ölkə futbolunun hər üzünə bələd olan Abasov daha doğru seçim olar. Əslində gec-tez onu əsas millinin baş məşqçisi kimi görəcəyimiz şübhə doğurmur. Ancaq “hələ vaxtı deyil” düşüncəsi ilə davranmaq gülməlidir. AFFA 44 yaşlı mütəxəssisə indi də “yaşıl işıq yandırmayacaqsa”, bu nə vaxt olacaq?!

Ölkənin 1 nömrəli komandasının baş məşqçi postuna namizəd olduğu deyilən Ayxan Abbasovun “Turan Tovuz”la mövsümə yaxşı başlaması onun personasına onsuz da çox olan marağı artırmaqdadır. Buna qədər isə Abbasovun istedadının ən parlaq nümunəsi onun rəhbərliyi altında sərgilədiyi şən futbolla çoxlarının qəlbini fəth edən “Sumqayıt” idi. Hansı ki, iki il ardıcıl Avrokuboklara vəsiqəni təmin etmiş və 2020/2021-ci illər mövsümündə tarixində ilk dəfə ölkə premyer liqasının bürünc medallarını qazanmışdı. Baxmayaraq ki, yerli futbolçulardan təşkil olunan komandanın keyfiyyətli futbolçu çatışmazlığı həmişə hiss olunurdu. Amma Ayxan Abbasovun qurduğu sistem, stabil oyun sayəsində komanda ardıcıl iki dəfə Azərbaycan kubokunun finalçısı olduğu mövsümlərdə uğurlu çıxış etmişdi. Ən əsası artıq uzun illərdir müasir futbolda gənclərə etimad göstərilməsi kimi mərhələ başlayıb. Bu təcrübə nəinki klublar, A millli komandalarda sınanıb və müsbət nəticəsini göstərib. Bəs, biz niyə futbolda gedən bu prosesdən kənarda qalaq?

Ölkə futbolunun bugünkü durumuna yaxından bələd olan, yığmanın təcrübəli və gənc üzvlərinin nəyə qadir olduğunu bilən adını qeyd etdiyimiz yerlilər ən azı mentallıq, milli ruh baxımından həm türklərdən, həm də də yeni dəvət olunacaq avropalıdan minimum 3 addım öndədilər.

Yerli məşqçi gətirilməsinin mənfi tərəfi nədir?

Bu günədək millidə baş məşqçi olan yerlilər də etimadı doğrultmayıblar. Hazırda ölkənin “bir nömrə”si olan Qurban Qurbanov belə 2017-18-ci illərdə Millətlər Liqasında bizi sevindirə bilmədi. Həmin vaxt zəiflərin çıxıç etdiyi C divizionunda Malta, Farer adaları və yenicə UEFA ailəsinə qoşulmuş Kosovo ilə bir qrupda yer alsaq da, nəticə ürəkaçan olmadı, yığma pley-offa yüksəlməməklə hamını pərişan etdi. Həmin vaxt ölkənin əsas komandası 18 mümkün xaldan yalnız 9-nu toplamağı bacarmışdı. Onu da qeyd edək ki, o illərdə istər Kosovo, istər Malta, istərsə də Farer adaları reytinq sıralamasında Azərbaycandan geridəydilər. Ancaq onu da vurğulamaq lazımdır ki, əcnəbi məşqçilərə verilən vaxt Qurban Qurbanova verilmədi. İstənilən məşqçinin özünü doğrultması üçün minimum 3 il vaxt lazımdır ki, “Qarabağ”ın tarixi uğurlarının memarına bu etimad göstərilmədi. Ağasəlim Mircavadov, Şahin Diniyev, Vaqif Sadıqovun isə yığma karyerasını yada salmağa dəyməz. 0:10, 0:8, 0:6 kimi yenilgilərin altında məhz adını çəkdiyimiz yerli məşqçilərin imzası var.

Bəs türk məşqçilərin təyinatının müsbət və mənfi tərəfləri nələr ola bilər?

Hazırda “Beçiktaş”ın sabiq baş məşqçisi Sergen Yalçın, son klubu “Antalyaspor” olan, karyerası ərzində isə Türkiyə milli komandasını və “Trabzonspor” və “Fenerbaxça” kimi iddialı klubları da çalşdırmış Ersun Yanal, mövsümün əvvəlində “Neftçi”nin gündəminə gəlmiş Ertuğrul Sağlam və son klubu “Adana Demirspor” olan Samet Aybabanın Azərbaycan yığması üçün əsas namizədlər olduğu bildirilir. Məhz bu səbəbdən yerli futbol ictimaiyyətində türkiyəli məşqçinin mümkün təyinatının mənfi və müsbət tərəfləri müzakirə olunmaqdadır.

Mənfi tərəfi. Bu günə kimi türk mütəxəssislərinin Türkiyədən kənarda uğur qazanmaması sıradan fakt deyil.. Vaxtilə Fatih Terim “Milan” və “Fiorentina” kimi İtaliyanın aparıcı klublarını çalışdırsa da, heç nə ilə yadda qalmadı. Düzdü, “Fiorentina” onun rəhbərliyi altında İtaliya kubokunun finalına çıxmış və sonradan kuboku da qazanmışdı, amma həlledici oyundan öncə “Milan”la müqavilə bağlaması “imperator”un CV-sinə İtaliya kubokunun qalibi yazılmasını əngəlləmişdi. Əslində Terimin “Milan”da da işləri pis getmirdi, amma klub prezidenti ilə yaşanan fikir ayrılığı onun istefaya göndərilməsinə səbəb oldu və dolayısıyla uğur qazanmaq da mümkün olmadı. Şenol Günəş iki il baş məşqçisi olduğu Cənubi Koreya təmsilçisi “Seul”la heç bir uğura imza ata bilmədi. Xaricdə çalışan Mustafa Denizli də ciddi uğuru ilə öyünə bilməz. İranda və elə ölkəmizdə işləyən Denizli “Xəzər-Lənkəran”da uğursuzluqla yadda qalmışdı. Yeri gəlmişkən, qeyd edək ki, təkcə Azərbaycanda qardaş ölkədən 20-yə yaxın mütəxəssis fəaliyyət göstərsə də, onların aktivində cəmi iki gümüş medal var  Belə olan halda kim zəmanət verə bilər ki, türk mütəxəssislər Azərbaycan millisində nəsə edə biləcək?

Müsbət tərəfi. Bu yöndə yeganə üstünlük kimi dil məsələsini qabartmaq olar. Ayrı-ayrı dövlətlər olsaq da, soy-kökümüz eynidi və hər iki xalq bir-birini tərcüməçisiz başa düşür. Baş məşqçi işində isə bu vacib nüanslardan biridir. Hər nə qədər yanında güclü dilmanc olsa da, futbolçu ilə birbaşa ünsiyyətə girmək, emosiyaları yansıtmaq, tapşırıqları “ikinci əldən verməmək” istənilən çalışdırıcı üçün üstünlükdür. Məhz bu məqamda türkiyəli məşqçilər avropalı ilə müqayisədə bir addım öndədilər.

Tural Məmmədov

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com