Sentyabr ayının 16-da Özbəkistan Respublikasının qədim və tarixi şəhəri olan Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Sammiti keçirilib.
Sentyabr ayının 12-14-də Ermənistan ordusunun dövlət sərhədlərimizi pozaraq genişmiqyaslı təxribat törətməsinə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvətini qəbul edib, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində dialoq tərəfdaşı kimi iştirak etmək üçün Özbəkistana səfər etdi.
Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti zamanı Prezident İlham Əliyevin təşkilatın üzvü olan aparıcı dövlətlərin rəhbərləri ilə görüşləri ölkəmizə göstərilən etimadın və dəstəyin növbəti təsdiqinə çevrildi.
Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti dövlət və hökumət başçılarını salamlayaraq Sammitə dəvətə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyəvə təşəkkür edərək, bir neçə ay əvvəl qardaş Özbəkistana uğurlu səfərini xatırlatdı.
Cənab Prezident çıxışında vurğuladı ki, Azərbaycan geniş tranzit və nəqliyyat-logistika imkanlarına malikdir. Ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin reallığa çevrilməsinə böyük töhvələr vermişdir.
Hazırda Bakı Beynəlxal Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yükdaşımasına, 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmasına malikdir. Bütün bunlarla yanaşı Azərbaycanda avtomobil və dəmir yolları ilə də yükdaşımaya böyük diqqət yetirilir. Son 20 il ərzində ölkəmizdə 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu çəkilib və ya əsaslı təmir edilib.
2020-ci ildə Azərbaycan ərazilərindən Ermənistanın qoşunlarının çıxarılmasından sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu, yüzlərlə kilometr dəmir yolu çəkilib,hava limanları tikilib.
Qarabağ münaqişəsinin həlli regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar açıb. Zəngəzur dəhlizi açıldıqdan sonra regionun və marşrut boyu yerləşən bütün ölkələr üçün əlverişli nəqliyyat imkanları yaranacaq.
Təəəssüf ki, Ermənistanın münaqişənin həlli istiqamətində qeyri-konstruktiv mövqe tutaraq, regionda əmin-amanlığın bərpa edilməsinə və sülh müqaviləsinin bağlanmasına, eləcə də Zəngəzur dəhlizinin açılmasına hər vasitə ilə əngəllər törədir. Bir neçə gün əvvəl Ermənistan Azərbaycanın dövlət sərhəddində genişmiqyaslı təxribatlar törədərək iki ölkə arasında münasibətlərin normallaşmasına böyük zərbə vurmuşdur.
Bu insidentdə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Cənab Prezident bəzi aparıcı Beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətinə də toxunmuş və qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qalmışdır. Ona görə də ölkəmiz Qarabağ münaqişəsini hərbi-siyasi yolla həll etmək məcburiyyətində qalaraq problemi özü həll etdi. Azərbaycan bundan sonra da öz fəaliyyətini Beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanan siyasi xəttini davam etdirəcək, üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qalacaqdır.
Prezident İlham Əliyevin qısa, lakonik və sağlam məntiqə əsaslanan çıxışı böyük maraqla qarşılandı.
Azərbaycan Prezidentinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Rusiya Prezidenti Vladimir Putinlə, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə, Pakistan İslam Respublikasının Baş Naziri Şahbaz Şərif ilə görüşləri qarşılıqlı etimad əsasında, gələcək əməkdaşlığın genişlənməsinə yönəlmiş fikir mübadiləsi ilə başa çatmışdır.
Keçirilən bütün görüşlərdə Azərbaycanın haqq işi uğrunda mübarizə apardığı, həmçinin onun ərazi bütövlüyünün və suverenliyinin dəstəkləndiyi ifadə olunmuşdur.
Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında cənab Prezidentin iştirakı, çıxış və görüşləri ölkəmizin milli maraqlarına hesablanan bir səfər kimi tarixə düşdü.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini.