Ölkəmizin gücünə güc qatan müqavilə
28 il bundan əvvəl 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın 8 müxtəlif ölkəsini təmsil edən 13 məşhur neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi” haqqında saziş – tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş sənəd imzalanıb. Müqavilənin bağlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev misilsiz rol oynamışdır. Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Ulu öndər Azərbaycanı siyasi böhrandan çıxarmaqla yanaşı, iqtisadi böhrandan da çıxarmaq üçün öz ideyalarını həyata keçirməyə başladı.
Əsrin müqaviləsinin bağlanması ilə müstəqil dövlətimizin neft strategiyasının əsası qoyuldu:
Bu layihə ilə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya nümayiş etdirdi, dövlət müstəqilliyimizin mühüm təminatçısına çevrildi. 20 sentyabr günü eyni zamanda ulu öndər Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildən Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.
Müqavilənin hazırlanmasının ilk günlərindən o vaxtlar ARDNŞ-nin birinci vitse-prezidenti, Milli Məclisin üzvü İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Cənab İlham Əliyevin bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur – “Bizim məqsədimiz təkcə neft hasil etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəəti həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.
1994-cü ildə bağlanmış müqavilə ölkədə sabitliyi təmin etdi, Azərbaycanın hərtərəfli və sürətlə inkişaf etməsi üçün zəmin yaratdı. “Əsrin Müqaviləsi” maliyyə baxımından da Azərbaycan üçün sərfəlidir. Müqavilə Azərbaycanın qlobal neft bazarına çıxmasına və dövlət büdcəsi üçün böyük həcmdə gəlir mənbəyi yaratdı.
“Əsrin müqaviləsi” ilə müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Müqavilənin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən ulu öndər Heydər Əliyev demişdi: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bütün dünyaya nümayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətinə sahib olduğunu bütün dünyaya nümayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş ölkələri, onların ən böyük şirkətləri arasında əlaqələr yaratdıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrin Azərbaycana investisiya qoyması üçün böyük yol açdıq:”
“Əsrin müqaviləsi” qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasını uğurla inkişaf etdirir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev bu sahəyə xüsusi diqqət ayırmış və onun inkişafına dair müvafiq Fərman və Sərəncamlar imzalamışdır.
2017-ci ilin sentyabr ayında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanma mərasimi keçirilmişdir.
“Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə kimi uzadılmışdır. Bu, çox böyük əhəmiyyətə malik bir hadisədir. Azərbaycanın gələcək inkişafı üçün, maliyyə imkanlarının genişlənməsi nöqteyi-nəzərindən bu sazişin çox böyük əhəmiyyəti var. Müqavilənin müddətinin uzadılması onu göstərir ki, xarici dövlətlər və şirkətlər Azərbaycanı ciddi və etibarlı tərəfdaş kimi qəbul edirlər. Bu bir daha sübut edir ki, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür.
29 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə daha bir mühüm layihənin – “Cənub Qaz Dəhlizi”nin açılış mərasimi keçirilib . Bu, ölkəmizin tarixində çox mühüm bir tarixi gündür. “Əsrin müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, “Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng razılaşmalarından biridir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən həyata keçirilən bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizin beynəlxalq nüfuzunu artırır, ölkəmizə olan iqtisadi və siyasi marağı daha da gücləndirir. Bu layihələrin həyata keçirilməsi onu göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihələrin reallaşması ölkəmizdə neft-qaz sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
“Əsrin müqaviləsi” nin 28 illiyi və 20 sentyabr Neftçilər Günü münasibəti ilə Azərbaycan neftçilərini təbrik edir, onlara çətin, eyni zamanda, çox şərəfli vəzifələrinin yerinə yetirilməsində yeni-yeni uğurlar arzu edirik.
Pərvin ŞAKİRQIZI