Dahi bəstəkarımız Üzeyir Hacıbəyov eyni zamanda görkəmli publisist, dramaturq, ictimai-siyasi xadim, maarifçi filosof olmuşdur.
Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də indiki Ağcabədi rayonunun Rəncbərlər kəndində Mir Qədir Ağanın ocağında atası Əbdulhüseyn, anası Şirinbəyim xanımının ailəsində dünyaya gəlmişdi. O, 5 yaşına qədər Ağcabədidə yaşamış sonra isə Şuşa şəhərinə köçmüşlər. Üzeyir bəyin uşaqlığı qədim Qarabağımızın tacı olan Şuşada keçib.
Bülbül səsli xanəndələri, ustad çalğıçıları məşhur olan Şuşanın Qafqazın Konservatoriyası adlandırıblar. “Qafqazın Konservatoriyası” balaca Üzeyir üçün də ilk musiqi məktəbi olub. Təbiət Üzeyir bəydən heç nə əsirgəməyib-misilsiz istedad, nadir musiqi qabiliyyəti, saysız-hesabsız melodiyalar yaratmaq bacarığı, güclü yumor hissi, möhkəm iradə erkən yaşlarından aşkar olunmuşdur.
Üzeyir Hacıbəyov 1899-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olmuş, 1904-ci ildə bu seminariyanı bitirmişdir. Sonra Moskva və Sankt-Peterburqda musiqi təhsili alan Üzeyir bəy professional bəstəkar kimi yetişmişdir. Üzeyir Hacıbəyov həyatı və yaradıcılıq fəaliyyəti üç bir-birindən fərqli ictimai-siyasi münasibətləri özündə ehtiva edən dövrləri əhatə edir. Rus çarizmi, Azərbaycan Xalq Cümhuriyyəti və sovetlər dövrü. Dahi bəstəkarımız Üzeyir bəyin bütün fəaliyyəti boyu azərbaycançılıq ideyası xüsusi xətlə keçir. Onun fəlsəfi baxışlarında türkçülük və azərbaycançılıq, eləcə də, ümumbəşərilik vəhdət təşkil etmişdir. Xalq Cümhuriyyəti dövründə Üzeyir Hacıbəyov müsavat partiyasının üzvü və ideloqlarından biri olmuş AXC-nin rəsmi orqanı olan “Azərbaycan” qəzetini qardaşı Ceyhun bəylə birlikdə redaktə etmiş, sonra qardaşı Ceyhun bəy Paris sülh konfransına getdiyi üçün qəzeti tək redaktə etmişdir. Üzeyir bəy qəzetdə istər çar Rusiyasının, istər sovet Rusiyasının imperialist müstəmləkəçi siyasətini kəskin tənqid etmişdi. Bu illərdə Üzeyir bəyin Əhməd Cavadın sözlərinə yazdığı “Çırpınırdı Qara dəniz” mahnısını, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin milli marşını yazmışdır. Sonrakı sovet dövründə bəstəkar öz yaradıcılıq fəaliyyətini fəal davam etdirmişdir. İlk dövrlərdə Üzeyir bəyi sovet represiyasından Nəriman Nərimanov xilas etmiş, 30-cu illərində isə Üzeyir bəyin şah əsəri olan “Koroğlu” operasını Stalinin çox bəyənməsi Üzeyir bəyin xaricdə olan qardaşının yaratdığı təhlükələrdən qorumuşdu. Qeyd olunan dövrdə Azərbaycanda ziyalıların kökünü kəsməyi qarşılarına məqsəd qoymuş, üzü bolşevik içi daşnaq müstəntiqlər Üzeyir Hacıbəyovun güllələnməsini həyata keçirəcək sənədlər hazırlamışdılar.
Üzeyir bəy ömrü boyu çox çətin bir həyat keçirib. XX əsrin əvəllərində maddi ehtiyaclar, nadan cızmaqaraçıların onun hər əsərinə hücumları, təhqirləri, hətta qəzetlərdə onun karikaturalarının verilməsi Üzeyir bəyə ağır təsir edirdi. Bütün bunlara baxmayaraq Üzeyir bəy öz yaradıcılığını genişləndirir, yeni əsərləri ortaya qoyurdu. Azərbaycançılıq ideyasınına sadiq olan Üzeyir bəy bütün yaradıcılığında milli ruhu yüksək şəkildə verə bilmişdi. Üzeyir bəyin “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər keçilən böyük sənət yolu gərgin yaradıcılıq axtarışları ilə zəngin bir yoldur. Burada qeyd etmək lazımdır ki, ilk Azərbaycan operasının məhz Füzlinin “Leyli və Məcnun” poeması əsasında yazılması da mənalı faktdır. Üzeyir yaradıcılığında “Füzuli” poemasına çox dərin bir məhəbbət hökm sürməkdədir. Bədii dilimizin banisi Füzulinin ədəbiyyatımızda gördüyü vəzifəni, musiqimizdə böyük Üzeyir həyata keçirmişdir. Azərbaycan folklorunu, xalq musiqimizi bütün incəliyi ilə araşdıran Üzeyir bəyin apardığı axtarışların nəticəsi olaraq “Azərbaycan xalq musiqisinin əsasları” kitabı ortaya qoyuldu. Bu kitab Üzeyir Hacıbəyovu qüdrətli nəzəriyyəçi və tədqiqatçı kimi tanıtdı.Bəstəkarın musiqimizin müxtəlif məsələlərinə həsr olunmuş ayrı-ayrı məqalələri, çıxışları bu gün də ən dəyərli mənbə kimi bizim üçün qiymətlidir.
Üzeyir sənətində diqqəti ən çox cəlb edən cəhət xalq musiqisinə münasibət məsələsidir. Bəstəkarın demək olar ki, elə bir yazısı, çıxışı yoxdur ki, bu nöqtəyə toxunmamış olsun. Üzeyir Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” kitabının 1945-ci ildəki ilk nəşrinə yazdığı ön sözdə həmin mövzunu necə işlədiyindən danışarkən qeyd edirdi ki, Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək işinə 1925-ci ildə başlamışam. Seçdiyim bu mövzuya dair bir ədəbiyyat və xüsusi elmi əsər olmadığına görə mən ancaq şəxsi müşahidələrimlə apardığım diqqətli tədqiqatın nəticələrinə və Azərbaycan xalq musiqisinin bütün nümunə və formalarının dərin təhlilinə əsaslanmağa məcbur oldum. Beləliklə, bu sətirlər də aydın təsdiq edir ki, ölməz sənətkar xalq musiqimizin elmi əsaslarını işləmək, ona layiq olduğu yüksək qiyməti vermək və lazımınca tanıtmaq, sevdirmək üçün nə qədər gərgin tədqiqat işi aparmış və vətandaşlıq qeyrəti göstərmişdir.
Üzeyir Hacıbəyov musiqi folklorumuzu toplamağın, xalq musiqimizi bütün incəliyi ilə araşdırmağın vacib olduğunu təkrar-təkrar xatırladarkən bu zəngin xəzinədən heç də passiv istifadəni, yerli-yersiz sitatlar gətirməklə nümunəni nəzərdə tutmurdu. Bəstəkarın qəti qənaəti belə idi ki, musiqi folklorundan xalqın arzu və düşüncələrini, həyata, dünyaya baxışını, sənətkarlıq sirlərini öyrənmək və bundan yaradıcılıqda faydalanmaq lazımdır. Əks təqdirdə, bəstəkar xalq musiqisinə heç nə əlavə edə bilməz, onu daha da zənginləşdirmək əvəzinə, ancaq təkrar etməli olur ki, bunun da əsl sənətkarlıqla, əlbəttə əlaqəsi yoxdur. Xoşbəxtlikdən, böyük Üzeyir bu məsələdə də Azərbaycan musiqisində nümunə göstərdi. Onun dühasının parlaq məhsulu olan “Koroğlu” operasını yaratdı.
Üzeyir Hacıbəyovun dahiliyi ondadır ki, xalqın qəhrəmanlığını, vətənpərvərliyini, milli qürurunu, azərbaycançılığını musiqi dili ilə parlaq şəkildə ifadə etmişdir. “Koroğlu” operası azərbaycançılıq ideyasını daha dərindən təcəssüm etdirmişdir. Üzeyir Hacıbəyov “Koroğlu” operası haqqında belə yazır: “Koroğlu” Azərbaycan dinləyicilərinə Azərbaycan xalq və melodiyalarını eyni ilə təkrar edən bəzi əsərlərdən daha yaxşı çatır, çünki “Koroğlu” operası xalqın doğma musiqi dilində yazılmışdır. Mən xalqdan hazır nəğmələr almamışam, yalnız xalq yaradıcılığının əsaslarını öyrənmişəm.
Dahi bəstəkar Üzeyir Hacıbəyov yaradıcılığına nəzər saldıqda onun fəlsəfi baxışlarında azərbaycançılıq, türkçülük ideyaları ilə yanaşı ümumbəşəri ideyaları, multikultural dəyərləri görürük. Üzeyir Hacıbəyov demək olar ki, bütün yaradıcılığı multikulturalizmin örnəyi ola bilər. Şərqdə ilk operanın banisi olan Üzeyir Hacıbəyov “Leyli və Məcnun”, “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Əsli və Kərəm”, “Harun və Leyla”, “Koroğlu” operalarında multikulturalizmin ənənələrinin müxtəlif təzahürlərini görürük. XVI əsrin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin poeması əsasında bəstələnmiş “Leyli və Məcnun” operasının qədim ərəb rəvayətinin Azərbaycan musiqi irsində milli ruhda təfsirini əks etdirir, yəni bu rəvayət ərəb qəbillərinin həyatından bəhs etsə də, bu əsərin qəhrəmanları məhz Üzeyir bəyin musiqisi sahəsində gözümüz qarşısında azərbaycanlı kimi canlanır. “Rüstəm və Söhrab” da bu kimi xüsusiyyətlərə malikdir. Bu opera X əsrin fars şairi Firdovsinin “Şahnamə” əsərinin motivlərinə əsaslanır ki, muğam operasında bəstəkar milli musiqi vasitəsilə qəhrəmanların daxili aləmini xarakterizə etmişdir. Üzeyir Hacıbəyovun “Şeyx Sənan”, ”Əsli və Kərəm” operaları başqa bir tərəfdən diqqəti cəlb edir. Bu əsərlərin məzmununda müxtəlif dinlərə və millətlərə mənsub qəhrəmanların bir-birinə səmimi sevgisindən və faciəsindən danışılır. “Şeyx Sənan”da ərəb şeyxiylə gürcü qızının, “Əsli və Kərəm”də azərbaycanlı şahzadə ilə erməni qızının faciəli məhəbbət hekayəsi əsasında bəstəkar çox təsirli əsər yaratmışdır. Lakin bu operaların talehi müxtəlif olmuşdur. “Şeyx Sənan” operası bir dəfə səhnəyə qoyulmuşdur. Uğursuz tamaşadan sonra bəstəkar əsərin əlyazmalarını məhv etmişdir. “Əsli və Kərəm” operası isə xalq arasında çox rəğbət qazanmışdır. Operanın süjet xətti iki gəncin, azərbaycanlı Kərəmin və erməni Əslinin məhəbbəti, Qara keşişin onların məhəbbətinə mane olması, onların qovuşa bilməyərək od tutub yanması üzərində qurulmuşdur. Əsərin faciəvi sonluğu Azərbaycan cəmiyyətində çox həssas qarşılanmışdır. Bu əsər Üzeyir Hacıbəyovun cəmiyyətdə baş verən hadisələrə dini və milli zəmində qarşıdurmalara, xalqlar arasındakı nifrət hisslərinə qarşı ehtirazı idi. Qeyd etmək lazımdır ki, bu məsələ, bu gün də aktualdır və insanları həyəcanlandırır.
Ümummilli lider Heydər Əliyev Üzeyir Hacıbəyli yaradıcılığına yüksək qiymət vermişdir. Ulu öndərin göstərişi ilə 1975-ci il noyabrın 20-də Üzeyir Hacıbəyovun ev muzeyi açıldı, bu Azərbaycanda ilk ev muzeyi oldu, ev muzeyinin açılışında Heydər Əliyev özü iştirak edərək, söyləmişdir ki, Üzeyir Hacıbəyov yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinə sevgi və qayğının təzahürü idi. Heydər Əliyev Üzeyir Hacıbəyova yüksək qiymət verir, onun Azərbaycan mədəniyyət və incəsənətinə verdiyi misilsiz töhfələrin azərbaycançılıq ideyalarında tutduğu böyük rolu xüsusi ilə vurğulayırdı.
Mahir Səlimov,
ADPU-nun Ağcabədi filialının direktor müavini,
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent