Qurultayda “Aran” qəzeti də təmsil olunub
Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib.
Qurultayda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin, həmçinin peşə fəaliyyətini yerinə yetirərkən Kəlbəcərin Susuzluq kəndində minanın partlaması nəticəsində həlak olan jurnalistlər – AZƏRTAC-ın aparıcı müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, eyni zamanda, əvvəlki qurultaydan ötən dövr ərzində dünyasını dəyişmiş digər jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu jurnalistlərin VIII qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətini oxuyub.
Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayından ötən dövrdə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.
Daha sonra nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, məruzələr ətrafında müzakirələr aparılıb.
APA Media Qrupunun baş direktoru Vüsalə Mahirqızı, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Milli Məclisin deputatı Aqil Abbas, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Aran” qəzetinin redaktoru Məhsəti Musa, “Kür” qəzetinin redaktoru Əminə Yusifqızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay və başqaları tədbirdə çıxış ediblər. Çıxışlarda Mətbuat Şurasının fəaliyyəti ilə bağlı fikirlər bildirilib, qarşıdakı dövrdə həyata keçiriləcək işlərlə bağlı bir sıra təkliflər irəli sürülüb.
“Aran” qəzetinin redaktoru Məhsəti Musa çıxışında 90 yaşlı qəzetin fəliyyəti ilə bağlı məlumat verib, görülən işlərdən danışıb. O, həmçinin bölgə mətbuatının yaşadığı problemlərə də toxunub, çap mediasının qorunub-saxlanmasının əhəmiyyətindən söz açıb.
Ümumilikdə Şuranın gördüyü işlər qənaətbəxş hesab edilib.
Qurultayda Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əlavə və dəyişiklik edilib.
Tədbirdə, həmçinin Mətbuat Şurasının nəzarət-təftiş komissiyasının və İdarə Heyəti üzvlərinin müəyyənləşdirilməsi ilə bağlı seçki keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mətbuat Şurasının 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası, 14 jurnalistdən və 9 ictimaiyyət nümayəndəsindən ibarət olmaqla, 23 nəfərlik İdarə Heyəti formalaşıb.
Azərbaycan jurnalistlərinin VIII qurultayı çərçivəsində baş tutan səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.
Sonda qurultayın qətnaməsi səsə qoyularaq qəbul olunub.