Nitq mədəniyyətinin formalaşmasında və söz ehtiyatının yaranmasında bilik mənbəyi olan kitablar əvəzedilməz rol oynayır. Son dövrlər təəssüf ki, kitaba münasibət xeyli dəyişib, insanlarda kitab oxumağa maraq nədənsə azalıb. Gənclərimizin əksəriyyəti bu gün diqqətini əyləncəli oyunlara yönəldiblər. Rayonumuzda kitaba münasibətlə bağlı vəziyyəti öyrənmək istədik. Bununla əlaqədar olaraq, Ağcabədi rayon MKS-nin direktoru Məhəbbət Əliyevaya müraciət etdik.
Söhbət zamanı M.Əliyeva öncə çalışdığı müəsssisə haqqında məlumat verərək bildirib ki, 1938-ci ildən fəaliyyət göstərən kitabxana I Qarabağ müharibəsi şəhidi Miryaqub Kərimovun adını daşıyır. Onun sözlərinə görə 93 əməkdaşın çalışdığı qurumda 6-oxuculara xidmət, komplektləşdirmə və kitabişləmə, kitabxana və biblioqrafiya proseslərinin avtomatlaşdırılması, uşaq, informasiya-resurs, metodika və biblioqrafiya şöbələri xidmət göstərir. Bununla yanaşı, rayon mərkəzi kitabxanasının iki qəsəbə, 36 kənd kitabxana filialları vardır. Oxucu sayının vəziyyəti ilə bağlı sualları cavablandıran Məhəbbət xanım hər hansı çətinliyin olmadığını vurğulayıb. O, bildirib ki, keçən il bu rəqəm 34 min 250 nəfər oxucu təşkil edirdisə, cari ildə bu göstərici 28 min 516 nəfər təşkil edir. M.Əliyeva həmçinin kəndlərdə oxuculara operativ xidmət gostərən kitabxana filiallarından və işçilərindən söz açaraq, Pərioğullar kəndindən müdir Nübar Qasımovanın, Boyat kəndindən müdir Təhminə Quliyevanın, Aran kəndindən kitabxanaçı Mahirə Məmmədovanın və Hindarx qəsəbəsindən 1 nömrəli kitabxana filialının müdiri Vəsilə Məmmədovanın bu işdə səylə çalışdığını bildirib. Rayon və kənd kitabxana filiallarının balansında oxucuların bilgilənməsi üçün 283 min 965 kitab nüsxəsi mövcuddur ki, bunun 68 mini rayon mərkəzi kitabxanasının, 215 min 965 kitab qəsəbə və kəndlərdə olan kitabxana bölmələrinin payına düşür. Məhəbbət xanım qeyd edib ki, oxucuların mütaliəsi üçün kifayət qədər kitab fondu mövcuddur. Oxucular bir-birindən maraqlı elmi, bədii, publisistik, tarixi və digər mövzularda olan kitablardan istənilən vaxt faydalana bilərlər. O, bildirib ki, kitabxanamıza əlavə olaraq, 827 kitab gətirilib. Həmin vəsaitlərin çoxunu isə ensiklopedik, bədii məzmunda olan kitablar təşkil edir. Fəal oxuculardan Fəxrəddin Fərzəliyev, Səki Əliyeva, Nahidə Hacıyeva, Kəmalə Həsənova, Simarə Rüstəmova, Naibə İsazadə və başqalarının kitab vəsiqəsini göstərən M.Əliyeva adıçəkilən şəxslərin rayon kitabxanasındakı bilik vəsaitlərindən ən çox istifadə edən şəxslər olduğunu söyləyib. Daimi oxucuların əksəriyyətinin təhsil müəssisəsində çalışan müəllim, şagird və tələbə kollektivi təşkil edir.
O, qeyd edib ki, rayon mərkəzi kitabxanasının rəhbərliyi tərəfindən müntəzəm olaraq, qəsəbə və kənd kitabxanalarına reydlər təşkil edilir, metodika və biblioqrafiya şöbəsi tərəfindən tətbiq olunan yeniliklərlə bağlı məsləhətlər və tövsiyələr verilir. Bununla yanaşı yaş qrupundan asılı olmayaraq bütün sakinlər, o cümlədən həssas qrupa daxil olan fiziki qüsurlu insanlar üçün evlərdə səyyar kitabxana xidməti də fəaliyyət göstərir.
Yerləşdiyi binanın vəziyyətinin o qədər də yaxşı olmamasına baxmayaraq, işçilərin əməksevərliyinə, keçirdiyi tədbirlərin sayına görə rayonda öncül mədəniyyət müəssisələrindən biridir. Müntəzəm olaraq, xalqımızın həyatında baş vermiş tarixi hadisələr, ömrünü Azərbaycan dövlətinə və dövlətçiliyinə həsr etmiş ictimai-siyasi xadimlərin, mədəniyyət və incəsənət insanlarının həyat və fəaliyyəti ilə bağlı yubiley tədbirləri keçirilir.
Sözügedən müəssisənin rəhbəri onu da əlavə edib ki, bu ilin may ayında Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimov bölgələrə səfəri ilə əlaqədar olaraq, Ağcabədi Rayon Mərkəzi Kitabxana Sisteminə də baş çəkib, görülmüş işlərlə yaxından tanış olub.
Biz də bir əsrə yaxın yaşı olan kitabxanadan ayrılaraq, yeni məkanda görüşmək arzusu ilə sağollaşırıq.
Hüseyn QULUZADƏ