Ucalaraq əbədiyyət zirvəsinə…

Ellər üçün can vermək də dedi, azdı,
Həyatıyla ölümlərə məzar qazdı.
Öz adından zamanlara zəfər yazdı,
Tarixlərdə həmişəlik qaldı şəhid.

Amalından günəş doğdu, sübh oyandı,
Bayrağının rəngi ilə göy boyandı.
Qayaların sırasında bir dayandı,
Torpaq ilə rahat nəfəs aldı şəhid.

Cavab verdi həqiqətin gur səsinə,
Səngərləri bərk-bərk sıxdı sinəsinə.
Ucalaraq əbədiyyət zirvəsinə,
Yollarını haqq yolundan saldı şəhid.

Azadlığa göz açıldı qan yerindən,
Yurd göyərdi, Vətən bitdi can yerindən,
Bir danışdı ulduzlarla dan yerindən,
Üfüqlərlə bir xəyala daldı şəhid.

Ruhu gəzdi yenə düzü, dağı, daşı,
Çıxdı yenə əsarətə, zülmə qarşı.
Qalib gəlib ön cərgədə addımbaşı,
Hər gün yeni bir qələbə çaldı şəhid.


Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com