Vətən oğlu

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə müşayiət olunan çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından çıxarmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsi onların bu bölgədə süni surətdə çoxaldılmasına, XX əsrin əvvəllərindən başlayaraq isə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına gətirib çıxarmışdır. XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə SSRİ-də yaradılmış “aşkarlıq” və “demokratiya” şəraitindən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürmüşdülər. 1988-1991-ci illərdə SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən və mono-etnik dövlət yaratmağa nail olan Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü nəticəsində dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.

Bu 30 il müddətində ölkəmiz daima erməni faşizmi ilə qarşılaşmışdır. Son vaxtlar isə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. Buna cavab olaraq 27 sentyabr 2020-ci il II Qarabağ müharibəsinin başlanğıcı oldu.

44 günlük Vətən müharibəsi Azərbaycanın yüzlərlə igid oğullarını dünyaya tanıtdırdı. Onların bəziləri şəhid oldu, bəziləri isə sağ qalaraq yaşayan qəhrəmanlarımıza çevrildi. Sadiq Şükürov da yaşayan qəhrəmanımızdır. Xeyrəddin kişi oğlunun adını qoyanda yəqin hiss edibdir ki, Sadiq adının mənası kimi Vətənə, torpağa sadiq qalacaqdır.

Şükürov Sadiq Xeyrəddin oğlu 1991-ci ilin may ayının 10-da Ağcabədi şəhərində anadan olub.

1998-ci ildə Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbinə getmişdir. Məktəb illərində bir çox idman yarışlarında iştirak etmişdir.

S.Şükürov 2009-cu ildə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti dövründə igidliyi, fədakarlığı, ünsiyyətcilliyi, mərhəməti ilə əsgər və zabitlərin sevgi və rəğbətini qazanıb.

Dörd oğlu olan Xeyrəddin kişi ailəsini halal zəhməti ilə saxlayırdı. Müharibə başlayana kimi  Şükürovlar ailəsinin kişiləri şəxsi tikinti yerlərində ustalıq edib dolanırdılar. Hərbi xidmətdən gələn Sadiq də ata və qardaşlarına qoşulub tikinti-təmir işlərində ustalıq edirdi.

Daxilən utancaq, az danışan Sadiq məhəllənin sevimlisidir. Həmişə ehtiyacı olanlara kömək etməyi, onlara mənəvi dayaq olmağı xoşlayır. Uşaqlıqdan qohuma, qonşuya, dost-tanışa dayaq olub. Məhəllədə kiminsə köməyə ehtiyacı olanda Sadiq çağırılıb.

II Vətən müharibəsində qələbə əsgər və zabitlərimizin şücaəti, qorxmazlığı, Vətən sevgisi hesabına əldə edilibdir. İllərdir həsrətində olduğumuz torpaqlara bayrağımızı sancmaq hər kəsin arzusu olubdur.

Sadiq 2020-ci il sentyabrın 27-dən Vətən müharibəsində könüllü olaraq iştirak edib.

2020-ci ilin oktyabrın 8-də Füzuli rayonu ərazisində döyüş zamanı Sadiqin tərkibində olduğu qrupun yerləşdiyi mövqeni düşmən müxtəlif növ artilleriyadan, zirehli texnikalardan şiddətli atəşə tutub. Həmin vaxt hərbçilərimizdən ölən və yaralananlar olub. Yaxınlığa düşən minaatan mərmisinin partlaması nəticəsində Sadiq ağır yaralanıbdır. Atəş altında qaldıqlarından Sadiqin döyüş mövqeyindən çıxarılması bir neçə saat çəkib. Nəhayət, digər döyüşçülər yaralıya yaxınlaşa bilib və onu ərazidən çıxarıblar. Çətinliklə Füzuli rayonundakı xəstəxanaya çatdırılan Sadıqə ilk yardımlar olsa da, 1,5 ay komada olub. Sonra müalicə Mərkəzi Hərbi Hospitalda, Mərkəzi Gömrük Hospitalında aparılıb. Daha sonra Azərbaycan Tibb Universiteti Tədris-Cərrahiyyə klinikasına köçürülüb və bir neçə dəfə əməliyyat olunub. Uzun müddət Bona Dea hospitalında müalicə alıb. Aldığı qəlpə yaraları nəticəsində ağciyər, döş qəfəsi, mədə və onurğası zədələnib, aşağı ətrafı iflic olub. Hazırda ona 1-ci qrup əlillik dərəcəsi verilib.

Uzun müddət yataq xəstəsi olduğuna görə yaralar ağır hala çevrilmişdir. Bu da qazimizin vəziyyətini daha da çətinləşdirir. Yarası qazimizə lazımi müalicənin aparılmasına maneçilik törədirdi. Dəfələrlə plastik əməliyyatlar aparıldıqdan sonra vəziyyəti qənaətbəxş hala çevrilmişdir.

Lakin hal-hazırda Şükürovlar ailəsinin bir çox problemləri var. Onlardan ən əsası sağlamlığını torpaq uğrunda itirən Sadiqin müalicəsinin hədindən çox baha olmasıdır (indiyə kimi əməliyyat və müalicələrə təxminən 500 min manat xərclənib. Bütün bu xərci adının çəkilməsini istəməyən bir xeyriyyəçi edib). İkincisi, böyük qardaşı Sadiqə qulluq etdiyi üçün işləmir. Üçüncüsü, müalicə Bakıda olduğuna görə ailə kirayədə qalır. Yəni, nəinki ailə müalicə üçün, hətta adi dolanışıq çətinliyi çəkir.

Bütün bu çətinliklərə baxmayaraq Sadiq Vətənini qoruduğuna görə sağlamlığını itirməyinə qəti peşman deyil: “Əgər bilsəm ömürlük əlil olacam və ya şəhidlik zirvəsinə ucalacam, yenə də müharibəyə gedərdim”.

İgidlik, mərdlik, cəsurluq nümayiş etdirən Sadiq Azərbaycan əsgərinin qəhrəmanlıq nümunəsidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Sadiq Şükürov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Sadiq doğmalarının mənəvi dəstəyi ilə əlilliyin yaratdığı bütün çətinliklərin öhdəsindən bacarıqla gələcəyinə inandığını bildirir. Biz də buna çox inanırıq. O gün çox yaxındadır.

Kəmalə XəliLqızı

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com