İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə veteranları” ilə işin təşkilinə dair komissiyanın yaradılması ilə bağlı yığıncaq keçirilib. Yığıncaqda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, aparatın kollektivi, hüquq-mühafizə orqanları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər iştirak ediblər. 

Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Çıxış edən rayon rəhbəri qeyd edib ki, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Cənab Prezident tərəfindən bununla əlaqədar imzalanan fərman və sərəncamlar, birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etmişdir. Bütün bunları rəhbər tutaraq, şəhid ailələrinin üzvləri, respublikamızın ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi ilə əlaqədar əlillik dərəcələri təyin edilmiş Vətən müharibəsi iştirakçıları və müharibə veteranları ilə işin təşkili və koordinasiyası məqsədilə Ağcabədi Rayon İcra Hakimiyyətinin nəzdində icra nümayəndələri və bələdiyyələr də daxil olmaqla 33 nəfərdən ibarət olan komissiya yaradılsın – deyə rayon rəhbəri öz çıxışında vurğulayıb. Eyni zamanda o da qeyd olunub ki, yaradılacaq komissiyanın iclası ayda bir dəfədən az olmayaraq açıq keçirilsin və iş qaydası onun iclasda qəbul edilən reqlamenti ilə müəyyən edilsin. Həmçinin komissiya üzvləri il ərzində iki dəfədən az olmayaraq, müharibə veteranları və şəhid ailələrinin iştirakı ilə hesabat yığıncağı təşkil etsin. 

Sonda komissiyanın yaradılması ilə bağlı digər fikir və təkliflər də dinlənildi.

Gündüz SEVİNDİK

Fotolar Mais İbrahimovundur

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com