27 sentyabr 2020-ci il tarixindən başlayan şanlı və möhtəşəm Zəfər yürüşünün hər bir anı, hər məqamı qəhrəmanlıq dastanıdır. Məlumdur ki, Ermənistanın uzun müddət işğalçı siyasətini davam etdirməsi, beynəlxalq birliyin isə laqeyd, qərəzli, ikili standartlara əsaslanan məsuliyyətsiz yanaşması Azərbaycan dövlətinin və xalqının səbrini tamamilə tükəndirmişdi. Təcavüzkar dövlətin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə nəticələndi. Füzuli rayonunun Qaraxanbəyli kəndi İkinci Qarabağ müharibəsinin ilk günündə işğaldan azad olunub və ilk şəhidlərimizi bu ərazidə vermişik. 27 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər edərək bu ərazidə Şəhidlərimizin şərəfinə ucaldılmış xatirə lövhəsinin ziyarət ediblər, önünə gül dəstələri qoyublar. Burada çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, yaxınlığında abidənin ucaldıldığı Qaraxanbəyli kəndi, eləcə də Füzuli rayonunun Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri müharibənin ilk günündə şanlı ordumuz tərəfindən azad edilib. Həmçinin bu ərazilərdə II Qarabağ savaşının ilk şəhidləri Vətən uğrunda öz canlarını fəda etmişlər.
Vətən müharibəsi birdaha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdəndir. Xalqımız hər zaman əmin idi ki, dövlətimizin uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, Azərbaycan Bayrağı bu ərazilərimizdə dalğalanacaq. Dövlət başçısının çıxışı zamanı diqqət yetirdiyi digər məsələlərdən biri bərpa-quruculuq işləridir. Bu gün işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Zəfər yolunun, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanının inşası, “Ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış məntəqələrinin yaradılması və digər mühüm addımlar sosial, iqtisadi, siyasi və strateji önəm daşımaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir.
Bu gün Azərbaycanın regionda strateji tərəfdaşlıq potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Xüsusi ilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.
Nəriman Orucov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi.
03.10.2022