Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində ümumtəhsil məktəblərində məruzələrin keçirilməsi davam etdirilir. Oktyabr ayında keçirilən məruzələr Vətən müharibəsinin ikinci il dönümünə və 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunub.
oktyabrın 4-də Mərkəzin elmi işçisi Ruhin Hüseynov 8 nömrəli tam orta məktəbdə “İgidlər can verir yurdu yaşatmaq üçün” və “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” adlı məruzələrlə çıxış edib. Məruzəçi bildirib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirib ki, Azərbaycan bir əsrdə iki dəfə özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. İkinci tarixi imkan 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
“İgidlər can verir yurdu yaşatmaq üçün” mövzusunda məruzədə bildirilib ki, 2020-ci ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu Qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir.
Məruzələrdən sonra məktəblilərin fəal iştirakı ilə keçirilən diskussiyada gənc Heydərçilər xüsusi fəallıq göstəriblər.