Cəbrayılın azad olunması Böyük Qələbəyə inam yaratdı

​​       Bu gün Cəbrayılın azad olunmasının 2-ci ili tamam olur. 2020-ci ilin  sentyabr ayının 27-də Ermənistanın növbəti təhriki ilə başlayan Vətən Müharibəsində ordumuzun apardığı bütün döyüşlər əsl qəhrəmanlıq salnaməsi olmuşdur. Lakin Cəbrayıl uğrunda gedən döyüşlər və rayon mərkəzinin  işğaldan azad olunmasının xüsusi əhəmiyyəti vardır. Müharibənin başlanmasının 8-ci günündə Cəbrayılın düşməndən geri qaytarılmasını xalqımız böyük sevinclə qarşıladı. 30 il ərzində bu ərazidə düşmənlərin qurduğu müdafiə sədləri, döyüş zonasında  piyada  və tank əleyhinə çoxsaylı minaların basdırılmasına görə alınması müşkül hesab edilən Cəbrayılın azad edilməsi ordumuzun qələbəyə inamını artırdı, xalqın milli ruhunu yüksəltdi. 

​Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  cənab İlham Əliyevin televiziya vasitəsi ilə Cəbrayılın azad edilməsi barədə verdiyi xəbər xalqımız tərəfindən böyük sevinc və şadyanalıqla qarşılandı. Artıq Azərbaycan xalqı əmin oldu ki, möhkəmlənmiş müdafiə xəttini ordumuz yarıb Cəbrayılı azad edibsə,  digər yaşayış məntəqələrimizin də düşmən tapdağından azad edilməsi çətinlik törətməyəcəkdir. Cəbrayıl uğrunda gedən döyüşlərdə Azərbaycanın qəhrəman döyüşçüləri əsl sücayət nümayiş etdirdilər. Keçirilən hərbi əməliyyatınəsas  əhəmiyyəti ondan ibarət idi ki, bu ərazi azad olunandan sonra işğal altında olan digər rayonlara uğurlu əks-hücum etmək asanlaşırdı. 

​Cəbrayıl coğrafi mövqeyinə və relyefinə görə mühüm strateji əhəmiyyət kəsb edir. 1993-cü ilin avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən  Cəbrayılın işğal edilməsi nəticəsində bu rayona 14 milyard dollara yaxınziyan dəyib. Erməni  vandalizmi sayəsində  rayonərazisindəki bütün  inzibati binalar, yaşayış evləri, maddi-mədəni və tarixi abidələr, eləcə də bütün infrastruktur dağıdılmış, rayon əhalisi 27 il  qaçqın və köçkünlük  həyatı yaşamağa məcbur olmuşdur.

​Ölkə Prezidenti cənab İlham Əliyev  Cəbrayıl rayonuna 16 noyabr 2020-ci il və 14 fevral 2021-ci il tarixlərində etdiyi səfərlərdə  çıxışları zamanı Cəbrayılın xüsusi əhəmiyyət daşıyan bir bölgə kimi düşmən əsarətindən azad olmasını xüsusilə qeyd etmiş, bu döyüşlərdə milli ordumuzun bir an geri çəkilməyərək daim irəli gedib qəhrəmanlıq və sücayət göstərdiyini fəxrlə bəyan etmişdir.​ Ölkə Başçısı 3 rəngli Azərbaycan bayrağının qədim və tarixi abidə olan Xüdafərin körpüsündə dalğalanmasını  Azərbaycan xalqının qürur və fəxarət rəmzi olduğunu vurğulamışdır.

​Bu gün işğaldan azad edilmiş Cəbrayıl ərazilərində həyat bərqərar edilir. Torpaqlar minalardan təmizlənir, əhalinin doğma vətənlərinə qayıdışı üçün lazım olan infrastruktur layihələr həyata keçirilir. Bu ərazidə görülənbərpa və quruculuq işləri onu göstərir ki, Cəbrayıl rayonunun ərazilərinə daimi sakinlərin köçürülməsi çox da uzun çəkməyəcəkdir.

Nazim Bünyatov  

 YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Şərhlər