Anamla mən bir-birimizdən çox fərqli insanlarıq. Yox, bəzi oxşarlıqlarımız da var. Məsələn, ondan mənə yazmaq, bir də nəfəs kəsən fiziki ağrılar keçib. Hə, humanistlikdə də ona oxşamışam. Bağışlamaq tərəfim də anama çəkib. Amma ondan fərqli olaraq bağışladığımın səhvini unutmuram. Dərs çıxarıram özüm üçün. Anamda ən çox bəyənmədiyim, bax həmin dərs almağın olmamasıdır. Bağışladımı, həm də unudur. Beləliklə, sonrakı zərbələrə müqavimətsiz, hazırlıqsız olur. Digər məsələlərdə qəti oxşarlığımız yoxdur. Atama daha çox yaxın olduğum açıq-aydın hiss olunur. Hətta yaşa dolduqca tamamilə atam kimi düşündüyümün fərqindəyəm. Atama bağlılığımın hərdən anamda gizli qısqanclıq hissi yaratdığını hiss etsəm də, üzə vurmuram.
Mən fədakarlıqda da hərdən ağıl işlətməyi sevirəm. Anam isə gözünü yumub nəyi varsa kimin üçünsə fəda edə bilir. Bu mövzuda heç kimin- doğmalarının belə, məsləhətlərini dinləməz. Öz bildiyi özü üçün qanundur. Elə bu səbəbdən maddi tərəfdən bu gün heç nəyi yoxdur. Başqaları üçün nəyi qurban verə bilərdisə verib, tükənib. Necə deyərlər, bir həsirdir, bir Məmmədnəsir.
Anam həm də müəllimdir. Respublikanın Əməkdar müəllimi. Təhsil sahəsində də eynilə çox fədakar olub. Bugünlərdə hardasa(yadımda deyil hara idi) təhsillə bağlı tədbirdə olimpiada qaliblərinin olmamasından narazılıq edirdilər. Anamın işlədiyi dövrdə hər il şagirdlərindən olimpiada qalibi olurdu. Şagirdləri hər zaman seçilirdi. Bir dəfə Təhsil Şöbəsindən şübhə ilə gəlib dərsində oturmuşdular ki, necə ola bilər ki, inşa yazıdan sinifdə hamı 5 alıb? Amma yenidən yoxlama aparıb şahid olmuşdular ki, bu, reallıqdır…
Anam bəzən işinin xətrinə bizi ac qoyub, evi tökülü qalıb, qabları yuyulmayıb. Qohumlar içində buna ağız büzənlər də olub. Amma anam heç nəyi eyninə almadan təhsil sahəsində bacardığından da artığını etməyə çalışıb. Müsabiqələrdə iştirak edib, dəfələrlə Təhsil Nazirliyi tərəfindən təltif olunub. Fəaliyyəti boyunca orta məktəblə yanaşı müxtəlif illərdə kollecdə, institutda, hazırlıq kurslarında işləyib. Sadəcə işləməyib, şagirdlərin, tələbələrin istər elm öyrənməsində, istərsə də insan kimi yetişməsində əlindən gələni edib.
Anam bir çox elmi məqalələrin müəllifidir. Amma onların əksəriyyətini başqaları üçün yazıb. Yəni imza başqasının olub. Heç bir təmənnasız. Sadəcə kiminsə xətri xoş olsun deyə. Bax, onun sevmədiyim tərəflərindən də biri budur. Şəxsən mən kiməsə kömək edərəm, dəstək olaram, istiqamət verərəm, vaxtımı onun öyrənməsi üçün sərf edərəm. Amma öz yaradıcılığımı kiməsə “pay” vermərəm…
İndi təqaüddədir anam. Enerjisi aşıb-daşsa da, yaşı ilə bağlı olaraq təhsildən uzaqlaşmalı oldu. Bir müddət alışa bilmədi işsizliyə. İndi həyətdə güldən-çiçəkdən əkib başını qatır. Onları da şagirdləri kimi əzizləyir, böyüdür, söhbətləşir.
Mənim özümü tanıyan tanıyır. Tanımayanlar isə məhz anama görə tanıyır. Hansı idarədə, təşkilatda bir işim olsa orada mütləq anamın şagirdi, tələbəsi olmuş kimsə ortaya çıxır və işimi dərhal həll edərək, anama da salam göndərir. Bərdədə tədbirə gedirəm, kimsə soruşur ki, Zəhra müəllimin qızısınız? Zərdabda oluram, yenə elə. Beyləqanda işim var, mütləq Zəhra müəllimin adı hallanır… BDU-ya qəbul olunmuşdum. Qeydiyyatdan keçəcəkdim. Universitetin çölündə dayanıb bir yoldaşımı gözləyirdim. Zarafatla dedim ki, qorx ki, burada da bir tanışın çıxa. Elə həmin an arxa tərəfdən bir az suala bənzər səs eşitdim: Zəhra müəlliiim?
İkimiz də arxaya döndük. Anamın bir neçə il əvvəl dərs dediyi tələbə idi. Görüşdülər, qucaqlaşdılar… Anamla göz-gözə gələndə ikimiz də güldük.
Artıq adət etmişəm buna. Ya tələbə yoldaşı, ya şagirdi, ya tələbəsi olmuş kimsə, yaxud da hansısa təlimdə, tədbirdə, qurultayda tanış olduğu insanlar mütləq rastıma çıxır. İstər paytaxtda, istərsə də müxtəlif bölgələrdəki tədbirlərdə, müxtəlif müəssisələrdə. Sosial şəbəkələrdə də dəfələrlə rayonumuza aidiyyatı olmayan, heç ağlıma gəlməyən insanlar anamın Zəhra müəllim olduğunu soruşublar.
Bugünlərdə jurnalistlərin VIII Qurultayı keçirildi. Mən də iştirak etdim. Çıxışımı bitirib əyləşdim. Bir xanım diqqətlə mənə baxırdı. Toplantı bitəndən sonra yaxınlaşıb dedi: “Siz Zəhra müəllimin qızısınız? “
Bəli dedim. Qucaqladı, görüşdü, anamı haradan tanıdığını qeyd etdi…
Mən hər zaman Zəhra müəllim haqqında xoş sözlər eşitdim. Özü də çox xoş… Yuxarıda qeyd etmişəm axı, xasiyyətcə, dünyaya baxışımıza görə çox fərqliyik. Çox cəhətimiz uyğun gəlmir. Hərdən kiçik mübahisələrimiz də olur ümumi məsələlərdə. Doğrusu bir çox məqamlarda özümü haqlı bilirəm… Anamın yaşlaşdığını, bir çox məsələlərdə artıq bugünlə ayaqlaşa bilmədiyini, həmçinin həddindən çox xəyalpərəst, reallığı qəbul edə bilməyən biri olduğunu düşünürəm. Sonra işimlə bağlı rayonda hansısa kəndə, hansısa məktəbə, hansısa tədbirə gedirəm. Anamı soruşurlar o yerlərdə:
“Zəhra müəllim necədir? “, “Zəhra müəllim kimi müəllimlər çox azdır bu dünyada ”, “ Zəhra müəllim əvəzsizdir”, “ Zəhra müəllim dəyərdir”, “Zəhra müəllim təkcə gözəl müəllim deyil, o, çox gözəl insandır”… Zəhra müəllim… Zəhra müəlim…
Elə gün olmaz ki, kimsə anamın dəyərini mənə xatırlatmasın… Nə yalan deyim, bu xatırlatmalar məni həmişə utandırır… Yuxarıda qeyd etmişəm axı, xasiyyətcə, dünyaya baxışımıza görə çox fərqliyik. Çox cəhətimiz uyğun gəlmir…
Hə, yuxarıda həm də onu qeyd etmişdim ki, anam bəzən işinin xətrinə bizi ac qoyub, evi tör- töküntülü qalıb, qabları yuyulmayıb. Qohumlar içində buna ağız büzənlər də olub… Amma anam ömrünün ən dəyərli illərini müəllimlik sənətinə həsr edib. Şam kimi əriyib bu yolda. Özü əriyib, amma ölkəmizin hər yerinə səpələnib yandırdığı digər şamlar. Hər yerdə xatırlanır adı… Ən yaxşı müəllimlərdən biri kimi heç vaxt undulmayacağını gözəl bilirəm…
Bu gün müəllimlər günüdür. Ana-bala kimi bəlkə də heç vaxt dünyaya baxışımız uyğun gəlməyəcək. Heç vaxt söhbətimiz tutmayacaq… Amma sən dünyanın ən fədakar, ən sevilən, ən vicdanlı müəllimlərindən birisən, Zəhra müəllim! Günün mübarək !
Məhsəti Musa