7-ci sinifdə oxuyuram. Qış aylarıdır. Atamın 40-ı təzə çıxıb. Yeni-yeni məktəbə qayıdıb, dərslərə adaptasiya oluram…
Azərbaycan dili dərsidir. Müəllim imla, ya da inşa , bəlkə də, başqa nəsə yazdırır. Orasını tam xatırlamıram. Bir onu bilirəm ki, sinifdəki uşaqlarla 2-3 cümlə ilə, atalarının harada işlədiyi haqda qısa sorğu aparılır. O dönəmdə də, sinif yoldaşlarımın içində atası olmayan bir mənəm. Neçə nəfərin 13 yaşında atası ölür ki?!
Nə isə. Hamı bir – bir qalxıb, vərəqə yazdığı , atasının işi haqqında məlumatı sinifə oxuyur. Mənim vərəqim isə, ağappaqdır. Necə narahatam. Az qala atamın öldüyünə görə utanıram.
Qantər götürüb məni. Atamın yoxluğunu hələ özüm üçün qəbul etməmişəm,qalxıb atası olan uşaqların içində bunu necə deyəcəm?! O an üçün, bəlkə, həyatımın ən böyük stressini keçirirəm. Dediyim kimi qışdır, amma alnımdan damcı-damcı tər tökülür.
Sıranın mənə çatmaması üçün bildiyim bütün duaları edirəm. Zəng vurulsun, lap istəyir dünya dağılsın, nə olur olsun, bircə sıra mənə çatmasın.
Amma növbəm yaxınlaşır. Və çatır…Gözümü yumub, başımı əymişəm, adım çəkilir. Lakin səs fərqlidir. Bu səs ən arxa sırada əyləşib, jurnal yazan sinif rəhbərim, Nəzakət müəllimənin səsidir. Çağıran odur: “Orxancan ,dur gəl , mənə kömək et”
İndi 25 yaşım var. Özüm ata olmuşam. Hər günümə şükür edirəm. Bunu xatirəmi yazacaq qədər də güclüyəm. Amma o müəllimi harda görsəm, mütləq 7-ci sinifdə, yeni atası ölmüş uşaq kövrəkliyilə qaçıb, onu qucaqlayıram.
Baxın, belə müəllimlərin borcunu əsla ödəyə bilmərik. Onlar bizə, cəmiyyətə Allahın lütfüdür. Onları qoruyun və qədrlərini bilin. Müəllim adına layiq olan, bu dəyərli peşəni , iş olaraq yox, ali məqsəd olaraq görən hər kəsin əziz günü mübarək olsun!!!
Orxan KƏRİMOV