Azərbaycan Ordusu 44 gün ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər yürüşünü uğurla, şərəflə və qətiyyətlə davam etdirdi, daim irəli getdi, torpaqlarımızı addım-addım, qarış-qarış işğaldan qurtardı.
4 oktyabr 2020-ci il tarixdə social şəbəkədə Müzəffər Ali Baş Komandanımızın “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” sözlərinin yayılması Azərbaycan xalqının uzun illər boyu qövr eyləyən yarasına bir məlhəm oldu.
Bəli, rəşadətli Ordumuz tarix yazdı – 27 il erməni vandalizminin hərbi-siyasi əsirliyində qalmış Cəbrayılı azadlığa qovuşdurdu. Bu, Vətən müharibəsinin gedişində strateji nailiyyətlərin növbəti dönüş nöqtəsi oldu.
Bu Qələbənin əsas mahiyyəti ondan ibarət oldu ki, sonrakı döyüşlər üçün stimul yaratdı və növbəti qələbələrə yol açdı.
Cəbrayıldan sonra digər tarixi torpaqlarımız, doğma yurd-yuvalarımız da işğaldan azad edildi, tarixi ədalətin bərpasına nail olundu.
Bu gün erməni faşizminin tapdağından xilas edilmiş bütün torpaqlarımızda, o cümlədən Cəbrayılda misli görünməmiş bərpa-quruculuq işləri aparılır, həmin ərazilərə yeni həyat və nəfəs verilir. Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdış tezliklə Cəbrayılın bütün yaşayış məntəqələrini əhatə edəcək.
İndi Müstəqilliyimizin və suverenliyimizin rəmzi olan bayrağımızın Cəbrayılda əzəmətlə və qürurla dalğalanması qalib Azərbaycanın qüdrətinin göstəricisi, məğrur xalqımızın isə qürur mənbəyidir!
Cəbrayılda əvvəldə bəzi kəndlərimiz və yüksəkliklər Ordumuz tərəfindən azad edilmişdi. Lakin böyük bir yaşayış məntəqəsinin-rayon mərkəzinin işğaldan azad edilməsi Ordumuzda və Xalqımızda Qələbəyə inamı gücləndirdi. Bu inam bizi hər gün Qələbəyə yaxınlaşdırdı. Cəbrayıl azad ediləndən keçən 36 gün də hər gün Ordumuz Müzəffər yürüşünü davam etdirərək torpaqları işğaldan azad etməyə davam etdi. Ardıcıl qazanılan uğurlar Azərbaycanın 10 noyabr tarixində Zəfər Qələbəsi, Ermənistanın isə kapitulyasiyası ilə nəticələndi.
Bütün bunlara görə Cəbrayılın işğaldan azad edilmə tarixi- 4 Oktyabr yaddaşlarda xüsusi həkk olunmuş bir tarixdir.
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi
Nəriman Orucov