Rayonda son vaxtlar heyvandarlıq sahəsində yoluxucu xəstəliklərə qarşı mühüm addımlar atılır. Görülmüş işlər haqqında ətraflı məlumat almaq üçün təcrübəli baytar, Ağcabədi Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Nazir Cəfərova müraciət etdik. Onun sözlərinə görə, ötən ilin noyabrından respublikanın hər yerində olduğu kimi, bölgədə baytarlıq xidməti özəl sahəyə çevrilib. Fermer və şəxsi təsərrüfatlara məxsus qoyun-quzu, qaramal və digər heyvanlara göstərilən baytarlıq xidməti ödənişlə həyata keçirilir. Dövlət tərəfindən heyvanlarda müxtəlif yoluxucu xəstəliklərə qarşı istifadə olunan vaksinlər isə əhaliyə pulsuz verilir.
İdarə rəisinin dediklərinə görə, rayonda son üç il ərzində heyvanlar arasında yoluxucu xəstəliklər qeydə alınmayıb. İdarənin nəzdində fəaliyyət göstərən 13 nəfər texniki işçi və 30 nəfərdən ibarət özəl xidmət edən baytar tərəfindən rayon sakinlərinə məxsus mal-qaranın brüseliyoz xəstəliyi ilə əlaqədar geniş müayinə, müalicə və profilaktik tədbirlər həyata keçirilib.
Sahibsiz itlərə qarşı görülən işlərdən söz açan N.Cəfərov qeyd edib ki, onlara vaksinlər vurulması üçün lazımi tədbirlər görülür. Quduzluğa qarşı vaksinasiya xüsusi qidalarla ağız vasitəsi ilə (yedizdirmə) təmin olunur. Bununla əlaqədar olaraq yeməkxanaların yerləşdiyi ərazilərə, itlərin toplaşdıqları yerlərə, ağaclıqlara həmin qidalar qoyulur. Bu üsulla eyni zamanda itlərlə bərabər meşə heyvanları, çaqqallar, tülkülər üçün də quduzluq əleyhinə vaksinlərdən istifadə edilir. Görülmüş tədbirlərə baytarlıq xidməti işçiləri tərəfindən xüsusi nəzarət olunur.
N.Cəfərov söhbət zamanı onu da əlavə etdi ki, heyvanlarda xəstəliklərə qarşı mübarizəni səmərəli təşkil etmək məqsədi ilə rayon əhalisi arasında geniş maarifləndirici tədbirlər aparılır.
Yəhya PAŞAZADƏ