…Şəhərimizdə kanalizasiya su xətti çəkiləndə hamımız sevindik. Dedik ki, içməyə bol suyumuz olar, çirkabları axıtmağa kanalizasiyamız. Lakin sevincimiz çox çəkmədi. Cəmi iki ildən sonra tamam başqa mənzərə ilə rastlaşdıq. Şəhərin hər addımlığında üzə çıxan ciddi problemlər narahatlığa çevrildi. Küçələrdə, prospektlərdə, meydanlarda, hətta magistral yollarda su və kanalizasiya xətlərinin tez-tez dağılması səbəbindən qazılmış çalalara rast gəlinməsi adi hal aldı başlanıldı. Nədənsə həmin çalalar təmir işləri aparıldıqdan sonra doldurulmur və üzərinə asfalt örtük çəkilmir. Bu xoşagəlməz vəziyyət şəhərin Heydər Əliyev prospektində, Qarabağ, Həsən Əliyev və digər küçələrində daha çox hökm sürür. Təəssüf doğuran haldır ki, su xətlərinin dağılması ilə əlaqədar qazıntı işləri bəzi küçələrdə dəfələrlə aparılır. Lakin görülən işlərin heç bir nəticəsi olmur. Həsən Əliyev küçəsində aparılan qazıntıların sayı artıq yaddan çıxıb. Ayın əvvəllərində bu ərazidə qazılmış çala bu günə qədər hələ də doldurulmayıb, asfalt yol bərpa olunmayıb.
Maraqlıdır ki, 4 aya yaxındır Heydər Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişdiyi ərazidə su xəttinin sıradan çıxması ilə əlaqədar axan su, quyu qapağının üstündən aşaraq, həm Heydər Əliyev prospekti, həm də Qarabağ küçəsi boyu yayılır. Axan su yaxınlıqdakı arxlara dolur, üfunət yaradır. İndiyə qədər heç kim tərəfindən buna məhəl qoyulmayıb. Yəqin ki, əlaqədar təşkilatlar tərəfindən, göstərilən nöqsanları aradan qaldırmaq üçün lazımi ölçülər götürüləcək.
P.S. Suyun küçələri basması bir yana, içmək üçün yararsız olduğu narahatlıq doğurur. Evlərə çəkilmiş su xətlərindən sudan çox xlor axması sakinlərin haqlı narazılığına səbəb olur. Elə bu səbəbdən də əhali öz həyətlərindən deyil, köhnə ərazilərdə mövcud olan bulaqlardan istifadə etmək məcburiyyəti ilə üzləşirlər. Elə buna görə də hər birimiz gün ərzində içməli su üçün növbə gözləyən adamlarla tez-tez qarşılaşırıq…
Adil MİSİRLİ