Dolanışıq ucbatından Bakıda bazarda alver edirdim. Gördüm bazardakı cavanlar yerlərini təhvil verir,özləri də elə bil bayrama tələsirdilər.Soruşdum ki, nə olub, belə kefləri kökdür,özü də yerlərini də mallarını da təhvil verirlər?
Yaxınlığımda olan oğlan dedi:
– Eşitməmisən? Prezidentin əmri var. Müharibə başladı. Bizimkilər əks hücuma keçiblər. Neyləyək, xalqın canı burnuna yığılmışdı. Bu günü həsrətnən gözləyirdik.
Elə bil dünyanı mənə verdilər. Mən də tələsik yerimi təhvil verməyə qaçdım. Bu xəbəri sevinclə qəbul etdim. Yorğun olduğum üçün axşam er yatmışdım, odur ki, bu xəbəri eşitməmişdim.
İlahi, hər kəs Hərbi Komissarlığa tələsirdi. Mən də maşın tutub özümü bir başa Ağcabədi Hərbi Komissarlığına çatdırdım. Komissarlıqda bizə müəyyən bir vaxtda yola düşəcəyimizi dedilər. Bir qədr vaxt var idi. Yenidən maşın tutub kəndə anamla görüşməyə getdim. Anamla,yoldaşımla, körpəmlə xudafizləşib gəldiyim taksi ilə geri qayıtdım. Komissarlığın qabağında nə qədər insan var idi.Biz maşınlara minib yola düşdük.
İlk getdiyimiz yer Fizuli oldu.Döyüş zonasından xeyli aralıda maşından düşdük. Tabor komandiri boş, dağılmış evlərə çəkilməyimizi əmr etdi. Biz yenicə evlərə çəkilmişdik ki, ermənilər tərəfindən mərmi atəşinə tutulduq. Tez evlərdən çıxıb dağılışdıq. Bir azdan beş nəfər kəşviyyatçı yanımıza gəldi. Onlar bildirdi ki,biz səngərə düşməliyik.
Biz səngərə düşdük. İlahi, səngərdən qan iyi gəlirdi. Bu bizim qardaşlarımızın qanı idi. Yağış da ara vermədən yağırdı.Bir yandan yağış, bir yandan güllə, mərmi yağışı. Başını səngərdən çıxarmaq mümkün deyildi.İslanmışdıq, gecələr çox soyuq olurdu.Ərzaqımız, suyumuz qurtarmışdı. Amma mərmi yağışından səngərə yaxınlaşmaq mümkün deyildi. Bir həftə idi ki, dilimizlə nəm torpağı yalayırdıq. Aclığa dözmək olurdu, ancaq susuzluğa heç mümkün deyildi. Ancaq biz dözürdük. Nəhayət, hücum əmri verildi. Yadda qalan bir döyüş oldu. Biz qarşı postu götürdük.
Ermənilər kifayət qədər hərbi sursatı qoyub qaçmışdılar. Hələ meyitləri, yaralıları, bədəndən ayrı düşmüş qol, qıç, nə qədər imdad diləyən yaralılar var idi. Bizə düşməndən qalan qənimət o qədər idi ki, adam fikirləşirdi ki,bir belə sursatı olan döyüşçülər səngəri qoyub qaçarmı? Kifayət qədər qənimətimiz var idi. Çoxlu avtomat,yeşik- yeşik patron, minamyot aqeislər, dörd ədəd ural maşın, altı ədəd mina axtaran, iki snayper , minalar,gecə görmə cihazları, ərzaq, su…
Şad idik, şad idik ki, düşmən qarşımızdan qaçırdı. Bu qədər hərbi sursatı ola – ola qaçırdılarsa, deməli bu torpaqda artıq olduqlarını bilirdilər. Sevgi yoxdur bu torpağa ürəklərində, vətənləri olmadığına görə uğrunda ölmək istəmirlər…
Biz nə bir yaralı döyüşçümüzü,nə də şəhidimizi səngərdə qoymazdıq qalsın. Onların isə yaralıları zarıya- zarıya qalmışdılar.
Fizulinin Ağdam tərəfdən müdafiəsi üçün bizim bölük oraya göməyə getməli oldu. Elə şiddətli döyüşlər gedirdi ki, bizim xeyli döyüşcü qardaşımız şəhid oldu. Əllidən bəlkə də çox yaralımız odu. Axır ki, qarşı postu götürə bildik. Bizim itgimiz ona görə çox oldu ki, düşmən postu yüksəklikdə, biz isə aşağıda idik. Biz onların səngərinə girəndə adamın ürəyi qalxırdı. Yenə də urvatsız erməni meyitləri, yaralıları,qan gölü, olduqca çox hərbi qənimət. ..
Əmr gəldi ki, sonrakı postu da götürək. Bu postu götürəndə bir şəhid, iki yaralımız oldu. İgid döyüşçümüz Alim şəhid oldu. Biz həmin postu Alim postu adlandırdıq. Döyüş ara vermişdi .Biz iki postu birdən aldığımız üçün çox məmnun idik. Ancaq itirdiyimiz qardaşlarımıza, yaralılarımıza görə içimizdə çox ağrımız var idi. Səngərdə sakit dayanıb yenicə itirdiyimiz cəsur Alim haqqında düşünürdüm. O, hamı ilə səmimi idi. Birdən bir- iki metr aralıda qarşıma mərmi düşdü. Qulaqlarımın pərdəsi partladı, altı yara aldım. Qulağımı təmizlədilər, yaralarıma sarğı qoyuldu.Qospitala göndərmək istədilər. Qəti surətdə imtina etdim. Çünki yaralarım çox da qorxulu deyildi.Həm də bir çavuş kimi öhdəmdəki yeddi əsgərimi qoyub gedə bilməzdim.
Addım – addım irəliləyirdik. Artıq Hadrutda idik. Bizim yerimizi təyin eləyən düşmən bizi mərmi atəşinə tutdu. Yerimizi dəyişməyə məcbur olduq. Tuğ kəndinə getdik. Gecə idi.Tuğda soyuq adamın iliyinə işləyirdi. Bir yandan yağırdı, bir yandan da soyuq külək əsirdi. İslaq paltar da bizi dondururdu. Demək olar ki, əynimizdə bir quru şey qalmamışdı. Yoldaşlar tonqal qalayıb qızınmağı düşündülər. Çətinliklə dəolsa tonqal qalandı. Dəmir lövhələrdən dalda düzəltdik ki, düşmən görməsin. İki tonqal qalandı ki, hamı isinə bilsin. Yenicə tonqalın ətrafında toplaşmışdıq ki, o biri tonqalın düz ortasına mərmi düşdü. Aman Allah! İki döyüşçü qardaşımız elə oradaca şəhid oldu. Döyüş zamanı şəhid olan yoldaşlarımızı görməyə imkanımız olmur. Ancaq döyüşün mükəmməl olmağının dərdində olursan. Burada isə, yox, mən bunu təsvir edə bilmərəm. Minamyotla atılan mərmi iki döyüşçünün həyatına son qoydu. Hərə bir tərəfə qaçdı. Tonqal söndürüldü.
Şuşaya doğru inamla yaxınlaşırdıq. Komandirimiz Şuşaya kömək göndərildiyini dedi. Baxdım ki, mən o siyahıda yoxam. Tabor qomandirimiz Elşən Dövlətovun yanına qaçdım. Mənim də Şuşaya getməyimə icazə verməyini xahiş etdim. Bu mənim arzum olduğunu bilincə qollarını açıb məni bağrına basdı. Sonra dedi:” Sənə nə haqqım keçibsə halalın olsun. Get! ” Qaçıb yola düşməyə hazırlaşan ural maşınlarından birinə çatdım. Doqquz saat yol getdik. Bu yol indiki”Zəfər yolu” idi. Artıq gecə idi. Müəyyən bir yerdə maşınlar dayandı və biz maşından düşüb piyada geməli olduq. Hardasa ensiz bir çaydan keçdik. Bu çayın Daşaltı çayı olduğunu sonra bildim. Şuşanın girəcəyi tərəfdən türməyə daxil olduq. Burada adam yox idi. Uşaqlar Dilqəmlə, Şahbazın məktublarını tapdıqlarını dedilər. Düzü, mən o məktubları nə gördüm, nə oxudum. Heç məzmunun da bilmədim . Çox dözülməz yer idi. Bir gecə orada qaldıq. Əsas məqsəd Xankəndindən gələn yolu nəzarətdə saxlamaq idi. Bir yandan da Şuşada özünə səngər yuvalar qurmuş ermənilərin diqqətini xüsusi təyinatlılardan yayındırmaq idi.
Ermənilərin səngəri özləri üçün alınmaz qala olsa da bizim xüsusi təyinatlıları heç nə ilə təəccübləndirmək olmaz. Nə də qarşısı alınmaz qala yoxdur onlar üçün. Xüsusi təyinatlılarımız “Cıdır düzü” tərəfdən yalçın qayalardan dırmaşaraq əlbəyaxa döyüşlə elə səngərdəcə ermənilərin nəfəsini kəsdilər. Tarixdə qalası bir döyüş. Səs- sədası ölkələr dolaşan, örnək olan bir döyüş nümunəsi göstərdilər.
Ermənidən qalan tör- töküntülər dallarına baxmadan qaçdılar. Şuşa azad idi . Səs, haray Şuşanı başına götürmüşdü. Azadlıq himnini qayalar əks- səda ilə qulaqlarımıza doldururdu. Müqəddəs bayrağımız ,artıq,Şuşanın hər tərəfində dalğalanırdı. Qürur hissi bizim hərəmizi on döyüşçü eləmişdi.Şuşa azad idi. Şuşa gözəlləşmişdi. Şuşa elə bil hiss edirdi ki, doğmaları qayıdıb. Bayrağımız öz gözəlliyi ilə dalğalandıqca ürəyim də o bayraqla birgə elə bil uçurdu. Sinəm darlıq edirdi ürəyimə. Quş ola bilsəydim dolanardım o bayrağın ayının, ulduzunun başına. Başımızın üzərində dalğalandıqca göy qurşağı tək bəzəkli bayrağımız bizim yenilməz qürurumuz idi. Şuşa gülümsəyirdi.
Döyüşçü dostlarımla birgə Gövhər ağa məscidin ziyarət etdik, oradan da “Cıdır düzü”nə çıxdıq. Şuşanı özününkü bilən düşmən bu şəhərə mina basdırmamışdı. Rahat gəzə bilirdik.
Möcüzə kimi yayıldı bu döyüşün xəbəri. Heyif qardaşlarımızdan. Onların , şəhid qardaşlarımızın hərəsinin qəlbində bir Qarabağ, ələlxüsus, bir Şuşa var idi. Ancaq şəhidlikləri ilə bir ölməzlik qazandılarsa da özləri boyda Vətən oldular.
Bizim sevincimiz ,artıq yeni tapşırıqla əvəzləndi. Bizi Daşaltı kəndinə göndərdilər. Hələ min doqquz yüz doxsan ikinci ildə bu tərəfdən düşmən hücumları intensif olubmuş. İndi də bu bölgədə düşmən tərəfindən hücum gözlənilirdi. Hücum gözlənilən hər tərəfdən ordumuz postları bərkidirdi. Orada bir neçə gün qaldıq. Sonra Laçının “Qızıl qaya” postunun müdafiəsi vacib oldu. Komandirdən xahiş etdim, məhz, orada, “Qızıl qaya” postunun müdafisində iştirak etmək isədiyimi bildirdim.Komandir yenə də məni sınağa çəkdi,dedi: “ Bilirsənmi,o yüksəklik çox soyuqdur. “ Ürəyimdən keçirdim”qardaşlarım necə dözəcəkdirsə mən də elə dözəcəm.” On gündən artıq “Qızıl qaya”nın müdafisində oldum, Sonra Ali Baş Komandanın əmri oldu.Əmirdə deyilirdi ki, ailəli döyüşçülər, bir də müəyyən yaşı olanlar evə buraxılsın. Düz dekabrın iyirmi doqquzunda evə buraxıldım. Müharibədən xeyli sonra Fizulinin azad olunmasına görə, həm də Şuşanın alınmasına görə medallatəltif olundum. Bu da mənim qırx dörd günlük döyüş yolum. Doğrudur, mən hər şeyi danışmadım, çünki mənim ürəyim dözmürsə, oxuyan şəhid analarmız, bacılarımız, atalarımız heç dözməz. Hələ əlinin xınası getməmiş şəhid xəbəri eşitmiş gəlinlərin, ata yolu gözləyən balaların qəlbini göynədə bilmərəm. Onların ürəyinə xal düşər.
Bu döyüşlərdə unudulmaz dostlar, qardaşlar, yoldaşlar qazandım. Mirzəyev Mənsur,Məmmədov Röyal,Ağamalıyev Həbib, Məmmədov Fəzail mənim unuda bilmədiyim döyüş dostlarımdır. Hətta, biz hərdən görüşürük
Bütün bunları danışan Kazımov Ramin Allahverən oğlu idi.
Tahirə İsaqızı
Azərbaycan Yazıçılar Birliyinin üzvü