Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABİTAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı inkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva forumun açılış mərasimində iştirak etmişlər.
Cənab Prezident tədbirdə çıxış edərək qonaqları salamlamış və qeyd etmişdir ki, mən çox şadam ki, Azərbaycan Milli Şəhərsalma Forumu bir zamanlar həyat dolu olan, indi isə Ermənilər tərəfindən tam dağıdılmış bir şəhərin- Ağdam şəhərinin yerləşdiyi məkanda keçirilir. Vaxtilə Qarabağ regionunun ən böyük şəhəri olan Ağdamda tikinti-quruculuq işlərini başlamaqla keçmiş məcburi köçkünləri öz evlərini qaytarmaq üçün bizim həyata keçirdiyimiz və qarşıdakı illərdə planlaşdırdığımız işləri görmək üçün 44 ölkənin 130-dan çox nümayəndələrinə forumda iştirak etdiklərinə görə təşəkkür edən cənab Prezident vurğulayıb ki, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20%-nin işğal edilməsinə Beynəlxalq aləm uzun müddət biganə qalıb. Bu gün Azərbaycan özü Beynəlxalq hüququ bərpa edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək milli ləyaqətimizi bərpa edib. Bizim apardığımız mübarizə beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə uyğundur. Problemi həll etmək əvəzinə formal və barışdırıcı missiya yerinə yetirən vasitəçilər münaqişə dövründə demək olar ki, heç bir iş görmədilər.
İndi bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik.
Bir milyondan çox vətəndaşımızın çəkdiyi əzab-əziyyətlərə baxmayaraq, biz tolerant bir xalq kimi düşmənçiliyə, ədavətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır-Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılmasıdır.
Forumda BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif də çıxış edərək qeyd edib ki, Azərbaycan postmünaqişə ərazisində şəhərlərin bərpası istiqamətində çox böyük uğurlara imza atır, fədakarlıq nümayiş etdirir. Siz vətəndaşlarınız üçün daha yaxşı gələcək qurursunuz. Ağdamı yenidən bərpa etmək üçün sadiqliyə və ayrılmış ehtiyatlara həqiqətən də heyranam. Əminəm ki, özümüzü bu məqsədə həsr etsək, biz Zati-aliləri cənab Prezidentin heç kimin, heç bir yerin urbanizasiyaya məruz qalmış dünyada geridə qalmamasına dair baxışının reallaşdırılmasını təmin edə bilərik.
İşğal olunmuş ərazilərin bərpasına yönəlmiş Ağdam şəhərsalma forumu çox faydası olan bir toplantı oldu.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini