Pərioğullar kənd sakini Tələt Qasımov rayonumuzda bacarıqlı pambıqçılardan sayılır. O, sovet dönəmində də bu gəlirli təsərrüfat sahəsi ilə məşğul olub, Bakı kolxozunda pambıqçılıq briqadiri kimi tanınıb. İxtisasca aqronom olan səriştəli mütəxəssis müstəqillikdən sonra özünəməxsus pay torpağında əkin-biçinlə məşğul olub, ailəsini dolandırıb. Artıq 6 ildən çoxdur ki, T.Qasımov ailə üzvləri ilə birlikdə yaratdığı fermer təsərrüfatında pambıq yetişdirməklə məşğuldur. O, hər il tarlalarda yetişdirilən bol məhsulu dövlətə təhvil verir. Ötən il fermer 17 hektar əkin sahəsindən 34 tondan çox pambıq götürməyə nail olub. Cari mövsümdə 25 hektar əkin sahəsində “ağ qızıl” yetişdirilib. Mütəxəssisin sözlərinə görə, “Azərpambıq” MMC Ağcabədi filialı ilə müqavilə əsasında sahələrdə geniş aqrotexniki tədbirlər aparılıb, səmərəli suvarılma işləri həyata keçirilib. Səriştəli təsərrüfat rəhbəri mövsüm ərzində 80 tondan artıq məhsul götürməyi planlaşdırıb, bu da hər hektardan 40 sentner məhsul deməkdir. Pambıq yığımını vaxtında aparmaq üçün femer təsərrüfatına “Azərpambıq” MMC Ağcabədi filialı tərəfindən pambıqyığan maşın, traktor, lafetlər və digər texniki vasitələr ayrılıb. Artıq tarlalarda xeyli məhsul toplanaraq, emal müəssisəsinə göndərilib.
Təsərrüfat başçısı bu il 4 hektar əkin sahəsində taxıl əkmək fikrindədir. Hazırda həmin ərazilərdə şumlanma tədbirləri görülüb.
Hüseyn QULUZADƏ