Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Müraciətlərə Operativ Baxılma Mərkəzinə rayon sakinlərinin müraciətləri davam edir. Müxtəlif sahələr üzrə problemləri əhatə edən məsələlərlə bağlı əməkdaşlar tərəfindən vətəndaşların sualları ətraflı cavablandırılır, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq izahatlar verilir. Mövcud problemlərin aradan qaldırılması və həlli ilə əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlar, təşkilatlar və müəssisələrlə əlaqə saxlanılıb. Bunun nəticəsində bir sıra rayon sakinin problemləri vaxtında həllini tapıb. MOB Mərkəzindən verilən məlumata görə, rayonun Cəfərbəyli kənd sakini Hasil Əliyev kənd ərazisindən keçən Qara su kanalından onların əkin sahələrinə gələn su arxının uçmasına görə suyun kəsilməsi, Avşar kənd sakini Arif Piriyev isə əkdiyi 3 hektar əkin sahəsində yoncanın suvarılmasında çətinliklərin yaranması ilə əlaqədar mərkəzə müraciət edib. Hər iki vətəndaşın müraciəti nəzərə alınaraq, problemlərinin həlli istiqamətində rayon icra hakimiyyəti tərəfindən Ağcabədi Suvarma Sistemləri İdarəsinin nümayəndəsi ilə əlaqə saxlanılıb, qaldırılan məsələlər operativ surətdə öz həllini tapıb. Rayonun Mehrablı kənd sakini Ramil Hidayətov isə müraciətində MKT Kommersiya MMC Ağcabədi filialı ilə müqavilə bağladığını, qonşu sahədəki ərazidən pambığın yığıldığı halda, onun sahəsində olan pambığın yığılmadığını bildirərək, lazimi köməkliyin göstərilməsini xahiş edib. Məsələnin həlli üçün rayon icra hakimiyyəti tərəfindən Mehrablı kənd inzibati ərazi dairəsinin nümayəndəsi ilə əlaqə yaradılıb. O, bildirib ki, kənd ərazisində pambıq sahələri növbəlilik şəklində yığılır, növbəlilik əsasında Ramil Hidayətovun tələbi ödənilib.
Hüseyn QULUZADƏ