Komissiyanın hesabat yığıncağı keçirilib

   Oktyabrın 13-də Ağcabədi Rayon İcra Hakimiyyəti yanında  Şəhid ailəsi üzvləri, əlillik dərəcləri təyin olunmuş müharibə iştirakçıları və “Müharibə veteranları” ilə işin təşkilinə dair Komissiyanın hesabat yığıncağı keçirildi.

   Yığıncaqda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısı aparatının məsul işçiləri, sözügedən komissiyanın üzvləri,  hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, RİH başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak edib.

    Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı və ərazilərimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov giriş sözü ilə çıxış edərək Vətən müharibəsindən söz açıb. O, qeyd edib ki, hazırda Zəfərimizin növbəti ilini qeyd etməyə hazırlaşırıq. Bunun üçün xüsusi tədbirlər görülür. İcra başçısı çıxışında 44 günlük müharibə zamanı  düşmən tərəfindən dinc əhaliyə olan hücumlardan da söz açaraq, bunu Ermənistanın məğlubiyyətlə barışa bilməməsinin nəticəsi kimi dəyərləndirib.Qeyd olunub ki, həmin dövrdə rəhbər, ordu və xalqımızın  birliyi nəticəsində düşmən Dəmir yumruğun  gücünü gördü. İllər keçəcək, amma Ermənistan bu yumruğun zərbəsini unuda bilməyəcəkdir. 

     Sonra RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov məruzə ilə çıxış edib. Məruzədə qeyd ounub ki, Vətən müharibəsində Ağcabədi rayonundan 3000 nəfərə yaxın  şəxs iştirak etmişdir. Müharibə nəticəsində rayondan 1 nəfər mülki olmaqla, 42 nəfər şəhid olmuş, 310 nəfər yaralanmış, 63 nəfər müharibə iştirakçısının əlillik dərəcələri müəyyən olunmuşdur. 12-14 sentyabr 2022-ci il tarixlərində erməni silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində isə Ağcabədi rayonundan Fərzəliyev Emin Elnur oğlu şəhidlik zirvəsinəucalmışdır.    

Məruzədə o da vurğulanıb ki, rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon ictimaiyyətinin iştirakı ilə şəhidlərimizin nəşinin gətirilməsi, dəfni, yas , ildönümü mərasimləri və digər mühüm tədbirlər həyata keçirilmiş, şəhid məzarları mütəmadi olaraq ziyarət olunmuşdur.  

  Müharibə dövründə və müharibədən sonrakı dövrdə evinə qayıtmış müharibə iştirakçılarından 168 nəfəri Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən evlərində ziyarət olunmuş, həmin günlərdə evdə olmayan bütün yaralıların ailələrinə isə yardımlar göndərilmişdir. Bundan başqa, qismən səfərbərliklə hərbi xidmətə cəlb olunmuş rayon sakinləri, eləcə də, müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçular və zabitlərin ailələrinə müharibə dövründə rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına ərzaq sovqatları çatdırılmışdır. Belə ki, 2020-ci ilin dekabr ayınadək 2200 nəfər Vətən müharibəsi iştirakçısının ailəsinə sovqat verilmişdir. Müharibə zamanı Ağdam, Tərtər və Ağcabədidə təmas xəttinə yaxın kəndlərdə yaşayan və evlərini tərk etməyə məcbur olmuş 20000-ə qədər sakinlər isə rayon icra hakimiyyəti tərəfindən müxtəlif sığınacaqlarda yerləşdirilmiş, ərzaq, isti geyim və digər lazımi ləvazimatlarla təmin edilmişdir. 

  Vətən müharibəsində Ağcabədi rayonundan şəhid olmuş hərbi qulluqçuların ailələrinə “Azərsğorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi, Heydər Əliyev Fondu tərəfindən nəğd vəsait, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən dəfn xərci ödənmiş, rayon İcra Hakimiyyəti tərəfindən yas və ildönümü mərasimlərinin  xərcləri qarşılanmışdır.

   Şəhid adlarının əbədiləşdirilməsi üçün rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə 42 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilmiş, həmin küçələrdə xatirə lövhəsi ucadılmışdır.  

   Məruzəçi şəhid ailəsi üzvləri, qazilər, onların ailə üzvləri və müharibə iştirakçılarının münasib işlə təmin edilmələriistiqamətində görülən işlərdən danışarkən qeyd edib ki, bugünədək 100-dən artıq şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçıları müxtəlif yerli dövlət qurumlarında işlə təmin olunmuşdurlar.

   Ş.Orucov həmçinin yeni yaradılmış komissiyanın fəaiyyəti ilə bağlı qarşıda duran işlərdən söz açıb və bildirib ki, komissiaya üzvlərinin ərazilər üzrə bölgüsü aparılmış, 6 zona üzrə təhkimçilər müəyyən edilmişdir ki, bu da həmin ərazilər üzrə problemlərin daha yaxından öyrənilməsinə, bu ailələr ilə daha sıx əlaqə yaradılmasına imkan verəcəkdir.

  Sonra hesabat məruzəsi ətrafında çıxışlara başlanılıb. SHXÇDX-nin  Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik-leytenant Qabil Rzayev, DSMF Qarabağ Regional Filialının Ağcabədi rayon şöbəsinin müdiri vəzifəsini icra edən Emin Əsədov, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində Qazilərlə iş üzrə mütəxəssis Elbrus Əhmədov, şəhid anası Güleyşə Allahverdiyeva, şəhid atası Mübariz Qəhrəmanov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Ağcabədi rayon filialının sədri, Qarabağ müharibəsi əlili İsmayıl Məhərrəmov, III qrup Vətən müharibəsi əlili Cavid Allahverdiyev və digərləri çıxış ediblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com