Məlum olduğu kimi, ötən həftənin bazar günü futbol üzrə Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsində mübarizə aparacağı rəqiblər müəyyənləşdi. Elə ilk baxışdan püşkatmadan yığmamızın bəxtinin gətirmədiyini söyləmək olar. Komandamızın 5-li qrupa düşməsi bizim əlehimizə olan məqamdır. Yəni 6-lı qrupa düşsəydik, bizdən zəif daha bir rəqiblə üz-üzə gəlməli olacaqdıq. İndiki halda isə ölkəmizin əsas millisi Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq. Mövcud durumda qrup mərhələsində işimiz heç də asan olmayacaq. Hər halda, rəqiblərin gücü və FIFA reytinqində yer aldığı sıralama bunu deməyə əsas verir. Amma istənilən halda yığmamızın rəqiblərini təhlil etmək yerinə düşərdi.
Dünya ulduzlarının komandası
Milli komandamızın yer aldığı qrupun əsas favoriti şübhəsiz ki, Belçika yığmasıdır. Roberto Martinesin baş məşqçi postunu tutduğu “qırmızı ilbislər”in Edin Azar, Tibo Kurtua, Romelu Lukaku,Yannik Karrasko, Kevin de Bruyne, Mişi Batşuayi, Aleks Vitsel kimi dünya ulduzlarına sahib olması sıradan fakt deyil. Düzdür, bu komandanın “qızıl nəsli” artıq qürub çağını yaşayır, ancaq FIFA reytinqində 2-ci pillədə qərarlaşan Belçika milli komandasının futbolçularının dəyəri 554 milyon avrodur ki, bu da rəqibin heyətinin hansı səviyyədə futbolçulardan təşkil olunduğunu ortaya qoyur. Son 5 böyük turnirə vəsiqə qazanan “qırmızı iblislər” final mərhələsində oynamaqla kifayətlənməyib, həm də pley-offa vəsiqə qazanır. Zarafat deyil, biz son dünya çempionatının bürünc mükafatçısından danışırıq.
Milli komandamız Belçikaya qarşı:
Ölkənin 1 nömrəli komandası indiyə kimi ümumilikdə Belçikaya qarşı dörd oyun keçirib ki, bu görüşlərin 3-də Belçika qələbə qazanıb, 1-də isə qalib müəyyənləşməyib. Topların nisbətində də rəqib öndədi – 9:2.
11.11.2006. Brüssel. AÇSO. Belçika – Azərbaycan 3:0
21.11.2007. Bakı. AÇSO. Azərbaycan – Belçika 0:1
29.03.2011. Brüssel. AÇSO. Belçika – Azərbaycan 4:1
02.09.2011. Bakı. AÇSO. Azərbaycan – Belçika 1:1
Vaqif Sadıqovu sevindirən yığma
Püşkatmada ikinci səbətdə yer alan Avstriya milli komandası Avropa futbolunun nəhənglərindən olmasa da, heç də zəif rəqib deyil. Hər halda heyətində Alaba, Arnautoviç və Sabitser kimi dünya ulduzları çıxış edən və futbolçuların ümumi dəyəri 243,2 milyon avro olan komanda Azərbaycan millisindən xeyli üstün görünür. Hər halda son iki Avropa çempionatında iştirak edən və hazırda FIFA reytinqində 34-cu sırada yer alan Ralf Ranqnikin komandasının hazırda inkişafda olmasını da qeyd edək.
Milli komandamız Avstriyaya qarşı:
Bu komanda ilə oyunlarda cəmi bir qol vurub, bir xal qazanmışıq ki, həmin xal da Vaqif Sadıqovun milli komandamızın baş məşqçisi kimi qazandığı yeganə xaldır. Ümumiyyətlə, bu komandalar 4 dəfə üz-üzə gəlib. Bu görüşlərin hamısı rəsmi matçlar olub. Avstriya 3 oyunda qələbə qazanıb. 1 görüşdə, ümumiyyətlə, hesab açılmayıb – 0:0. Topların nisbətində də “bizim oğlanlar” ləqəbini daşıyan Avstriya seçmə komandası öndədir – 9:1.
08.09.2004. Vyana. DÇSO. Avstriya – Azərbaycan 2:0
07.08.2005. Bakı. DÇSO. Azərbaycan – Avstriya 0:0
08.10.2010.Vyana. AÇSO. Avstriya – Azərbaycan 3:0
07.11.2011. Bakı. AÇSO. Azərbaycan – Avstriya 1:4
İbrahimoviçin həmvətənləri
Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməməsi və son Millətlər Liqasında uğursuz çıxışı səbəbindən püşkatmada üçüncü səbətdə yer alsa da, milli komandamızın yer aldığı F qrupunun güclü kollektivlərindən biri olan İsveç millisi pley-off mərhələsinə vəsiqə qazanmağa əsas namizədlərdən biri hesab olunur. Skandinavlar hazırda nəsildəyişmə prosesindən keçsələr də, Viktor Lindelöf, Antoni Elanqa, Emil Forsberq, Deyan Kulusevski, Patrik Volemark Avropanın top-klublarının üzvləridir. Yanne Anderssonun rəhbərlik etdiyi Zlatan İbrahimoviçin həmvətənləri FIFA reytinqində 25-ci pillədə qərarlaşıb.
Milli komandamız İsveçə qarşı:
Ümumiyyətlə, yığmamız bu rəqiblə cəmi iki dəfə üz-üzə gəlib. Bu görüşlərin 2-də də məğlub olmuşuq. Ən pis məqam isə rəqibin qapısından top keçirə bilməməyimizdir – 4:0.
02.09.2000. Bakı. DÇSO. Azərbaycan – İsveç 0:1
07.10.2001. Stokholm. DÇSO. İsveç – Azərbaycan 3:0
Münasib rəqib
Qrupdakı tək münasib rəqibimiz Estoniyadır. Baltikyanı ölkənin millisi də bizim kimi indiyə qədər heç bir turnirdə iştirak etməyib. Amma bu komanda AÇ-2012-nin seçmə mərhələsində ikinci yeri tuta bilmişdi. Sadəcə, pley-off mərhələsində onların qarşısını İrlandiya yığması kəsmiş və nəticədə komanda tarixi şansı qaçırmışdı. “Göyköynəklər” hazırda FIFA reytinqində 109-cu pillədə yer alıb. Onların hesabında 1184,64 əmsal var. Tomas Höberlinin komandasının heyətində yer alanlar, demək olar ki, De Byazinin kollektivi ilə eynidir. Başqa sözlə, Estonların hazırkı heyətində də adlı-sanlı oyunçu axtarmaq mənasızdır. Amma Norveçin “Budo Qlimt” klubunda Mattias Kyayt və İsveç “Helsinborq”unda Vladislav Kreyda kimi yarımmüdafiəçiləri var. Hücumda isə Niderland “Venlo”sunun üzvü Erik Sorqa və Çexiyanın “Karvina” komandasından Vlasiy Sinyavski top qovur. Əksər oyunçular Estoniya çempionatında oynayır.
Milli komandamız Estoniyaya qarşı:
Ümumiyyətlə, bu komandalar indiyə kimi ancaq yoldaşlıq görüşlərində üz-üzə gəlib. 8 görüşün 3-də estonlar qələbə qazanıb. 1 qarşılaşmada sevinən tərəf biz olmuşuq. 4 matçda isə qalib müəyyənləşməyib. Topların nisbətində də rəqib öndədir – 8:5.
15.02.1996. Larnaka. YO. Estoniya – Azərbaycan 0:0
01.03.1997 .Larnaka. YO. Azərbaycan – Estoniya 0:2
04.06.1997.Vilyandi. YO. Estoniya – Azərbaycan 1:0
16.05.1998.Vilyandi. BT. Estoniya – Azərbaycan 0:0
28.11.1998.Gəncə. YO. Azərbaycan – Estoniya 2:1
06.03.1999. Larnaka. YO. Azərbaycan – Estoniya 2:2
03.07.2002. Kuressaare. YO. Estoniya – Azərbaycan 0:0
15.11.2013. Tallin. YO. Estoniya – Azərbaycan 2:1
Püşk məşqçilərin gözü ilə
Avro-2024-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqiblərinin kimliyinə aydınlıq gəldikdən sonra həm ölkəmizin idman mətbuatında, həm də qrupdakı digər yığmaların təmsil etdiyi ölkələrin mediasında seçmə komandaların baş məşqçilərinin püşkə münasibəti yer aldı. Hər halda, yığma çalışdırıcılarının rəqiblər haqda fikirləri az maraq doğurmur. Elə isə həmin fikirlərlə tanış olmağa dəyər.
Canni De Byazi (Azərbaycan millisinin baş məşqçisi): “Əlbəttə, püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı. Asan qrup deyil. Rəqiblərimizi ayrı-ayrılıqda dəyərləndirməli olsaq, təbii ki, qrupun aşkar favoriti Belçika millisidir. Eyni zamanda, digər iki komandanı – İsveç və Avstriya millilərini də xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik”.
Roberto Martines (Belçika millisinin baş məşqçisi):”Düzü, 5 komandalı qrupa düşmələrini müsbət haldır. Bu üzdən gənclərin təcrübə toplamaları üçün təqvimə yoldaşlıq görüşləri əlavə edə bilərik. Rəqiblərə gəlincə, Avstriyanın Ralf Ranqnik kimi təcrübəli baş məşqçisi var. İsveç yığması UEFA Millətlər Liqasında gözlənilən qədər yaxşı çıxış etmədi. Estoniya kollektivini isə yaxşı tanıyırıq. AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanmaq o qədər də sadə deyil. Dünya çempionatında olmayan Avropa çempionu İtaliyaya nəzər yetirməyiniz kifayətdir. Azərbaycan isə uzaqdadır və bu, özlüyündə bir problemdir.”
Ralf Ranqnik (Avstriya millisinin baş məşqçisi):”Qrupumuz daha asan, eyni zamanda, nisbətən çətin ola bilərdi. Belçika qrupun favoritidir. Amma bizim məqsədimiz bu qrupdakılar da daxil olmaqla bütün rəqibləri məğlub edə biləcək qədər inkişaf etməkdir. Eyni zamanda, Avropa çempionatının final mərhələsinə vəsiqəni hədəfləyirik. Buna nail olmaq üçün hər şeyi edəcəyik.”
Yanne Anderson (İsveç millisinin baş məşqçisi): “Beş komandalı qrup yaxşıdır. Bu o deməkdir ki, biz də yoldaşlıq görüşləri keçirəcəyik.Daha pis qrupa düşə bilərdik. Eyni zamanda, bundan da münasib qrup var idi. Məncə, bu, müəyyən mənada orta qrup sayılmalıdır. Çətin, amma mərhələ adlamağımızın mümkün olduğu qrupdur”
Tomas Heberli (Estoniya yığmasının baş məşqçisi):”Əlimizdən gələni edəcəyik. Qrupumuzda güclü komandalar var. Yalnız Azərbaycan millisi bizimlə eyni səviyyədə olan komandadır. Əsas odur ki, 4-cü səbətdən Türkiyə və Yunanıstanla düşmədik. Bu iki komandadan başqa, digərləri bizim üçün mükəmməl rəqib olardı”
Tural Məmmədov