27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin sərhədlərimizdə yaratdığı təxribata cavab olaraq uşaqdan böyüyədək hamı torpaqlarımızın müdafiəsinə qalxdı. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz işğal edilmiş Qarabağ torpaqlarını 44 gün müddətinə erməni işğalçılarından təmizlədi. Öz xilaskar liderinin ətrafında sıx birləşən xalqımız bu zaman əsl iradə və mübarizlik nümayiş etdirdi.
Xalqın birliyi, həmrəyliyi “dəmir yumuruğa” çevrildi, ərazi bütövlüyümüz, torpaqlarımızın suverenliyi bərpa olundu. 8 noyabr 2020-ci il tarixdə Şuşanın azad olması ilə Ermənistan ordusu üzərində tarixi qələbəmizin əsası qoyuldu. Əslində, Şuşanın azad olunması müharibənin taleyini həll etdi. Bununla da, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi. Təsadüfü deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 8 noyabr tarixi ölkəmizdə Zəfər Günü elan edilib. Respublikamızda hər il bu şanlı tarixi gün böyük təntənə ilə qeyd edilir.
Milli Ordumuzun parlaq qələbəsi ağır döyüşlər, çətinliklər hesabına, şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına başa gəlib. Qanlı döyüş meydanlarında qazanılan tarixi qələbədə hər bir əsgər və zabitin, sadə vətəndaşın əmək adamının payı vardır, desək, yanılmarıq.
Qeyd edək ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların xidməti böyük olub. Bu müharibə bir daha göstərdi ki, ölkəmizdə bütün xalqlar dostluq, qardaşlıq və həmrəylik şəraitində yaşayır. Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, milli ruh, həmrəylik, birlik bu parlaq qələbəni təmin edib.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət nəticəsində torpaqlarımız düşmən tapdağından xilas olunub. Heç şübhəsiz ki, qazanılan bu tarixi qələbəmizin siyasi-diplomatik, iqtisadi, mənəvi-psixoloji əsasları vardır. Lakin bu zəfərin əldə edilməsində milli-mənəvi dəyərlərin də mühüm əhəmiyyəti, böyük rolu olub.
Azərbaycan tarixinin parlaq və unudulmaz səhifələrindən biri olan 44 günlük Vətən müharibəsindəki qələbədə dövlətimizin sosial-iqtisadi, siyasi, mədəni və hərbi sahədə uğurları ilə yanaşı, milli-dini birlik də xüsusi önəm daşıyıb. Dövlət başçısının ətrafında sıx birləşən müxtəlif xalqlara və dinlərə mənsub olan ölkə vətəndaşları müharibədə əsl həmrəylik nümayiş etdiriblər.
Onlar azğın düşmənlə çarpışmalarda çiyin-çiyinə, qətiyyətlə, yüksək vətənpərvərlik ruhu ilə döyüşərək, işğala son qoyublar. Respublikada fəaliyyət göstərən bütün dini konfessiyalar mənfur erməni faşistlərinin ölkəmizə qarşı yönələn təxribatlarına dəfələrlə kəskin etirazlar ediblər. Ayrı-ayrı din xadimlərinin Ordumuzun qələbəsi üçün daim etdikləri dualar, həyata keçirdikləri ayinlər diqqət çəkib.
Yeri gəlmişkən, qeyd edək ki, Vətən müharibəsi zamanı xalqımızın hər an dövlətin və Ordunun yanında olması, iqtidar-xalq, həmçinin etnik qrupların, dinlərin birliyi, həmrəyliyi ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətin aydın təzahürüdür.
Vətən müharibəsində ən böyük üstünlüyümüz milli, dini dəyərlərə möhkəm bağlılığımızdan ibarət olub. Həmin vaxt bu dəyərlərə olan sevgi və ehtiram, Vətən yolunda fədakarlıq, qətiyyət güclü silaha çevrildi. Bununla da, xain düşməndə vahimə, qorxu yarandı, onlar üçün məğlubiyyət qaçılmaz oldu.
Zeynəb QULİYEVA,
“Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri