Suvarma suyuna ehtiyac böyükdür

Rayon ərazisində hər il olduğu kimi cari təsərrüfat ilində də əkin sahələrinin suvarılması diqqət mərkəzində saxlanılıb. Təsərrüfatlarda sahələrin səmərəli suvarılmasını təşkil etmək üçün lazımi addımlar atılır. Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsinin şöbə rəisi Zahir İsmayılovun dediklərinə görə, adıçəkilən müəssisə tərəfindən bölgə ərazisində yerləşən 63 min hektar əkin sahəsinə xidmət göstərilir. Belə ki, mövsüm ərzində 11 min 838 hektar pambıq, 19 min 11 hektar taxıl, 817 hektar qarğıdalı, 159 hektar şəkər çuğunduru, 18 min 693 hektar köhnə, 2 min 950 hektar təzə yonca, 1419 hektar bostan-tərəvəz, 110 hektar günəbaxan sahəsində suvarılma işləri təşkil olunub. Mütəxəssisin dediyi kimi 2 min 981 hektar çoxillik bitki, 774 hektar örüş-otlaq və 4 min 248 hektar isə həyətyanı torpaq sahəsində suvarılma tədbirləri həyata keçirilib. Z.İsmayılov söhbət zamanı qeyd edib ki, hazırda kollektiv tərəfindən 2 min 198 hektar təkrar qarğıdalı və 2 min 121 hektar xəsil sahəsində suvarılma işləri aparılır. Rayonda suvarılma işləri Xan qızı, Qarabağ kanalları, Kür çayı və subartezian quyuları vasitəsilə təmin olunur. Bu məqsədlə idarəyə məxsus 62 ədəd su-nasos stansiyasının və 94 ədəd aqreqatın gücündən istifadə olunur. Lakin bu nasos stansiyalarının və aqreqatların bəzilərinin təmir olunmasına ehtiyac yaranıb.

Cari ildə rayonda havaların isti keçməsi, su qıtlığı səbəbindən taxıl və pambıq əkin sahələrinin suvarılmasında çətinliklərin yarandığını vurğulayan Z.İsmayılov onların aradan qaldırılması üçün müəyyən addımların atıldığını qeyd edib. Onun sözlərinə görə, Xan qızı kanalında suyun olmaması üzündən rayonun Kəbirli, Mehrablı, Qaradolaq, Yeni Qaradolaq və Aran kəndlərində fermerlər ciddi problemlərlə üzləşib. Buna baxmayaraq, imkan daxilində alternativ yollarla həmin yerlərə lazımi köməkliklər göstərilib.

Hüseyn Quluzadə

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləTarixi Qələbənin müzəffər komandanı
Növbəti məqalədəHaqqın Zəfəri

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com