Füzuli inkişaf yolunda

2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz Ermənistanın bütün cəbhə boyu başladıqları hücuma cavab olaraq əks-hücum əməliyyatlarına başlayaraq yaşayış məntəqələrimizin ardıcıl olaraq azad etməyə başladılar. Ordumuz Vətən Müharibəsinin ilk günlərindən inamla irəliləyərək azğın düşməni qarış-qarış geri çəkilməyə məcbur etdi.

17 oktyabrda Füzulinin erməni  işğalçılarından azad olunması  2 ili tamam olur. Məhz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma  çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun  aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib- Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi,  İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Müharibənin başlanmasının 21-ci günündə Füzulinin düşməndən geri qaytarılmasını xalqımız böyük sevinclə qarşıladı. 30 il ərzində bu ərazidə düşmənlərin qurduğu müdafiə sədləri, döyüş zonasında  piyada  və tank əleyhinə çoxsaylı minaların basdırılmasına görə alınması müşkül hesab edilən Füzulinin azad edilməsi ordumuzun qələbəyə inamını daha da artırdı, xalqın milli ruhunu yüksəltdi.

Bu müraciəti Xalqımızın böyük sevincinə səbəb oldu. Həm Xalq, həm də Orduda bir  əminlik yarandı ki, artıq müharibənin gedişində əsaslı dönüş yaranıb. Əgər ermənilərin strateji əhəmiyyətli ən möhkəm dayaq məntəqələri alınıbsa, demək qələbə uzaqda deyil.

Bu uğur, Azərbaycan əsgərinin qələbə əzminin, ermənilərin isə  Azərbaycan ordusu qarşısında  acizliyinin  nümayişinin sübutu oldu. Halbuki, ermənilər  uzun illər  belə bir mif formalaşdırmışdılar: Füzuli alınmaz  qaladır, onu heç cür fəth etmək olmaz. Müzəffər Azərbaycan Ordusu bu fikri darmadağın edərək Füzuli şəhəri və onun yeddi kəndini 2 il əvvəl qəhrəmancasına azad etdi. Əslində Füzuli şəhərini yox, onun vaxtilə yerləşdiyi ərazi işğaldan azad edildi. Çünki erməni vandalları bu müddətdə ərazidə bir salamat bina və tikili qoymamışdılar. Cənab Prezidentin dediyi kimi “sanki buradan vəhşi qəbilə keçmişdir”. 

Azərbaycan Ordusunun Füzulidə keçirdiyi əməliyyatlar  taktiki cəhətdən ən uğurlu döyüşlərdən biri kimi yaddaşlarda qaldı. 1993-cü ilin avqust ayının 23-də işğal olunan Füzuli rayonu xalqımızın iradəsi, qəhrəman ordumuzun rəşadəti, xalqla-iqtidarın həmrəyliyi nəticəsində işğaldan azad edildi. Füzuli azad olunandan sonra Müzəffər Ali Baş Komandanın 2020-ci ilin noyabr ayının 16-dan başlayaraq tez-tez Füzuliyə səfər etməsi, ərazinin strateji cəhətdən çox böyük əhəmiyyətə malik olması ilə bağlı idi. Bu səfərlər Ali Şəxsin gəlişi ilə Füzulidə başlanan  bərpa və quruculuq işlərinə təkan  kimi yaddaşlara hopan tarixi günlər olub. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Dövlətyarlı kəndində “Ağıllı kənd” layihəsinin, Rəqəmsal Stansiya İdarəetmə  Mərkəzinin, Füzuli Peşə liseyinin və çoxmənzilli yaşayış massivinin təməlqoyma mərasimlərinin keçirilməsi onu göstərir ki, cənab Prezident işğaldan azad olunmuş Füzulidə sürətlə bərpa-quruculuq işləri həyata keçirilməsinə şəxsən özü nəzarət edir. Bu isə o deməkdir ki, çox keçməz ki, tarixi Azıx mağarasında  qədim insanların məskunlaşdığı dövrə gedib çatan Füzulidə həyat yenidən öz axarına düşəcək,  ürəkləri qurub-yaratmaq eşqi ilə coşub-daşan Füzuli əhalisi öz doğma ata-baba yurdlarına sevinclə qayıdacaqlar.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com