Bitməyən işıq problem ilə bağlı şikayət bu dəfə Nəcəfqulubəyli kənd sakinlərindən gəldi. Doğrusu, onların narahatçılığına səbəb qəzalı vəziyyətdə olan elektrik dirəkləridir. Bu müraciətləri nəzərə alıb, yollandıq adıçəkilən kəndə. Sakinlərin müraciət etdikləri zaman dedikləri, bizim gördüklərimizin yanında heç nə idi. İstifadə müddəti bitmiş elektrik dirəklərinin yerində sonradan basdırılmış nərmənazik, incə- mincə ağaclar, elektrik xətlərini candərdi tutub saxlayırdılar. Elə bu ağaclar özləri də sakinlər tərəfindən candərdi olaraq basdırılıblar. Hələ bu harasıdır? Siz qaz borularından imdad umaraq ona birləşdirilən elektrik dirəyini- yox, yox, elektrik budağını görəydiniz.
Bu arada, o qırıq- sökük ağaca, çubuğa bənd edilən naqillər özləri də istifadə müddətini başa vurub məzlum-məzlum sökülüb dincə qoyulacaqları günü gözləyirlər. Ümumilikdə kənd ərazisində elektrik dirəkləri qəzalı vəziyyətdədir söyləmək azdır. Bu dirəklərin yarısı diz çökərək, yarısı lap yerlə sürünərək aidiyyatı qurumlardan imdad diləyir. Baxmayaraq ki, biz bura sakinlərin halına acıyıb gəlmişdik, bu dirəklərin vəziyyətini görəndə sakinlər yadımızdan çıxdı, biz elə dirəklərin halına yas tutaraq geri döndük.
Həmişəki kimi problemi işıqlandırmaq bizdən, həlli aidiyyatı qurumlardan…
Rəmziyyə HƏSƏNOVA