Respublikamızın iri pambıqçılıq bölgələrindən sayılan rayonumuzun təsərrüfatlarında hər il yüksək keyfiyyətli bol məhsul yetişdirilərək emal müəssisələrinə təhvil verilir. Fermerlərimiz ildən-ilə daha çox pambıq istehsal edərək, rekord nəticələrə imza atırlar. Rayon pambıqçıları Vətən müharibəsi və Covid-19 pandemiyası dönəmlərində belə, ruh yüksəkliyi və inamla çalışaraq bütün çətinliklərə sinə gərib, yüksək nəticələr qazanıblar.
Cari təsərrüfat ilində də fermerlər pambıq əkininə geniş meydan veriblər. Rayon üzrə 11 min 838 hektardan çox sahədə məhsul yetişdirilib. Bölgənin əksər ərazilərində pambıqçıların nəticələri ürəkaçandır. Lakin Xan qızı kanalı vasitəsi ilə əkin sahələri suvarılan Kəbirli, Qaradolaq, Yeni Qaradolaq, Mehrablı və Aran kəndlərində fəaliyyət göstərən fermer təsərrüfatlarında vəziyyət qənaətləndirici olmayıb.
Yay mövsümündə havaların isti və quraq keçməsi, Xan qızı kanalında yaranmış su qıtlığı səbəbindən həmin fermer təsərrüfatları suvarma suyu təminatında ciddi problemlərlə üzləşiblər. Doğrudur, görülmüş əlavə tədbirlər, alternativ su mənbələrindən istifadə olunması hesabına sahələr qismən suvarılıb. Lakin suvarmada yaranan böyük fasilələr tarlalarda məhsuldarlığın xeyli aşağı düşməsi ilə müşahidə olunub.
Vəziyyəti yerində öyrənmək məqsədi qeyd olunan kəndlərin fermer təsərrüfatı rəhbərləri ilə görüşmək qərarına gəldik. Bununla əlaqədar fermer təsərrüfatlarının başçıları, Mehrablı kənd sakini Zülfüqar Əliyev, Qaradolaq kənd sakinləri Bayram İsmayılov, Çingiz Abbasov və Vüsal İsmayılova müraciət etdik. Onlarla söhbət məsələyə bir qədər aydınlıq gətirib.
Fermerlərin sözlərinə görə, ötən 2021-ci ildə ərazidə suvarma suyu sarıdan problem olmadığından fermer təsərrüfatlarında yaxşı nəticələr əldə olunub.
Mehrablı kəndindən olan fermer Zülfüqar Əliyev həmin il təsərrüfata məxsus 54 hektar əkin sahəsinin hər hektarından 38 sentner pambıq istehsal etməyə nail olub.
Təcrübəli fermer bu il 65 hektar sahədə pambıq əkib. Lakin onun qənaətinə görə, suvarmada yaranan problem üzündən tarlalarda məhsuldarlıq kifayət qədər aşağıdır. Bütün imkanlar səfərbərliyə alınmaqla mövsüm ərzində hər hektardan maksimum 35 sentner pambıq tədarük etmək mümkün olacaq.
Qaradolaq kəndindən olan fermerlər Çingiz Abbasov ötən təsərrüfat ilində 13, Vüsal İsmayılov isə 5 hektar əkin sahəsinin hər hektarından 50 sentner “ağ qızıl” götürüblər. Vüsal İsmayılov bu il 16 hektar sahədə pambıq yetişdirib. Artıq tarlalarda məhsulun birinci üzü yığılıb, hər hektardan 35 sentner pambıq götürülüb.
Fermer Çingiz Abbasov cari mövsümdə yetişdirdiyi 22 hektar pambıq sahəsindən 34-35 sentner məhsul gözlənildiyini bildirib.
Gənc fermer Bayram İsmayılov isə pambıqçılıqla bu ildən məşğul olur. O da suvarma sahəsindəki mövcud problemlə əlaqədar əkin sahəsinin hər hektarından ən çoxu 35 sentnerə qədər məhsul götürmək mümkün olacağını bildirib.
Daha nə demək olar, təki fermerlər ruhdan düşməsinlər, sonadək əzmkarlıq göstərsinlər.
Yəhya PAŞAZADƏ