Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı möhtəşəm tarixi zəfərə həsr edilmiş “ZƏFƏR – 44” adlı uşaq rəsm yaradıcılıq turniri elan olunub.
Ağcabədi Dövlət Rəsm Qalereyasının dərnək üzvü Novruzova Məryəm Nizami qızı turnir çərçivəsində Xətai Sənət Mərkəzində keçirilən plenerdə iştirak edib. Ağcabədi Dövlət Rəsm Qalereyasının direktoru Əkbər İsayev bildirib ki, iştirakçılar tərəfindən iki saat ərzində mövzuya uyğun rəsm əsərləri çəkilib. Məryəm Novruzovanın çəkdiyi “Mənim Şuşam” adlı rəsm əsəri böyük maraqla qarşılanıb.
Ümumilikdə respublika üzrə 10-21 yaşarası uşaq, yeniyetmə və gənclərdən ibarət 700 nəfərin iştirak etdiyi yaradıcılıq turniri bitdikdən sonra seçilmiş əsərlər yekun sərgidə nümayiş etdiriləcəkdir.