“Yığmada massajçı da, inzibatçı da, tərcüməçi də, videooperator da mən idim”
Stajlı futbolsevərlər Faiq Hüseynovu yaxşı xatırlayır. Ölkə futbolunun “peraşki dövrü”ndə milli komandamızda çalışan həkim-masajçı artıq 20 ildən artıqdır ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ)-də işləyir. Vaxtilə ölkəmizin “Sumqayıt”, “Neftçi” və “Qarabağ”da fəaliyyət göstərən, hazırda isə BƏƏ-nin “Şəbab Əl-Əhli Dubay” komandasında çalışan mütəxəssis tarixin şahidlərindən sayılır. Ara-sıra uzaq Dubaydan da futbolumuzla bağlı paylaşımlar edir, ötən günlərin videoları və fotoşəkilləri ilə bizi keçmişə qaytarır, nostalji hisslərin əsirinə çevirir. Məhz bu səbəbdən həkim-masajçı ilə söhbətləşməyə qərar verdik. Faiq Hüseynovla söhbət zamanı həm ölkəmizdəki karyerasına nəzər saldıq, həm də BƏƏ-dəki fəaliyyəti barəsində danışdıq.
– Artıq 20 ildən artıqdır ki, Birləşmiş Ərəb Əmirliklərində işləyirsiniz. Maraqlıdır, ora gedişiniz necə reallaşmışdı?
– O vaxt Dubayda şəhərin adını daşıyan yeni klub yaradılmışdı. Yığmamızın sabiq üzvü Deni Qaysumov da Dubayın eyniadlı klubunda çıxış edirdi. Klub rəhbərliyi Azərbaycan millisinin müdafiəçisindən xahiş etmişdilər ki, məni komandaya dəvət etsin. Qaysumov rəhbərliyin istəyini mənə bildirdikdən sonra Birləşmiş Ərəb Əmirliklərinə yollandım.
– Maraqlıdır, BƏƏ-yə yollanmazdan əvvəl BƏƏ haqqında hansı fikirləriniz var idi və bu ölkədə yaşadıqdan sonra hansı təəssüratlarınız formalaşdı?
– Düzü, bizim mentalitetlə ərəblərin adət-ənənəsi arasında o qədər də ciddi fərq yoxdur. Ona görə də bu ölkə barəsində düşüncələrimdə ciddi dəyişiklik olmadı.
– Yəqin ki, vətəndən uzqda olmaq o qədər də asan deyil…
– Təbii, doğma vətənimiz üçün darıxıram. Klublarımızın və milli komandanın oyunlarını izləyirəm. Burda dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər çalışır. Azərbaycandan isə yalnız mənəm.
– Yəqin ki, ilk vaxtlar problem təkcə vətəndən uzaqda olmaq deyildi. Fərqli dil, mədəniyyət və mətbəx və s. Bütün bunlar ilk vaxtlar hansı çətinliklər yaradırdı?
– Təbii, müəyyən fərqlər var, ancaq məsələn, mətbəxlə bağlı ciddi çətinlik yaşamamışam. Bura ailəmlə birlikdə gəldiyim üçün yeməklə bağlı çətinlik olmadı.
– Şübhəsiz, yerli əhali ilə ölkəmiz haqqında söhbətləriniz olur. Maraqlıdır, BƏƏ-də Azərbaycanla bağlı ən çox nəyə təəccüblənirlər?
– Ərəblər Azərbaycanın təbiətinin gözəl, mətbəxin isə çox dadlı olması haqqında danışırlar. Ölkəmiz haqqında BƏƏ əhalisinin nə düşündüyünü mətbuatdan da oxuya bilərsiniz.
– BƏƏ-yə yollandıqdan sonra nə vaxtsa yerli klublarımızdan iş təklifi almısınız?
– Yalnız bircə dəfə Ramin Musayev Azərbaycana qayıtmağı təklif etmişdi. son vaxtlara qədər PFL-in prezidenti kimi fəaliyyət göstərən Musayev “Neftçi”də işləyəndə məni “Neftçi”yə dəvət etmişdi, ancaq o vaxt komandam ilə müqaviləm davam edirdi və bu səbəbdən Bakıya dönüşüm mümkün olmamışdı.
– Qurban Qurbanov millini çalışdıran vaxt hiss olunurdu ki, ölkə futbolunda həkim-fizioterapevt sahəsindən narazıdır. Həmin vaxt və ya ümumiyyətlə nə vaxtsa sizə yığmada işləmək təklif olunmayıb?
– Milli komandanın baş məşqçisi postuna Qurban Qurbanov təyin olunanda buna çox sevinmişdim. Elə bilirdim ki, məni milliyə dəvət edəcək, ancaq heç bir təklif olmadı. Niyə? Bu sualın cavabını isə bilmirəm.
– Altı il Azərbaycan millisində massajçı işləmisiniz. Həmin vaxtları necə xatırlayırsınız?
– Mən Azərbaycan milli komandasının ilk masajisti olmuşam. Təbii ki, istənilən işə yeni başlayanda müəyyən çətinliklər olur. O dövr vəziyyət o həddə idi ki, yığmada massajçı da, inzibatçı da, tərcüməçi də, videooperator da mən idim. Həmin vaxt SSRİ yenicə dağılmışdı və hər şey yeni-yeni formalaşırdı. Bu səbəbdən Avropa səviyyəsində futbol sərgiləmək asan deyildi. İndiki dövrdə isə şərtlər başqadır. Hər cür şərait var və indiki halda yaxşı futbol nümayiş etdirmək daha asandır.
– Yeri gəlmişkən, milli komandamızın baş məşqçisi postunu son illər ancaq xarici mütəxəssislər tutsa da, nəticələr ürəkaçan deyil. Buna baxmayaraq De Byazi ilə müqavilə yenidən uzadıldı. Sizcə, millini əcnəbi məşqçiyə tapşırmaq nə dərəcədə düzgündür?
– Bu məsələni AFFA həll edir. Bu mənada mənim nəsə deməyim artıqdır. Ancaq sualınıza cavab olaraq deyə bilərəm ki, bizim mütəxəssislərimiz əcnəbilərdən heç də geri qalmır.
– Son illər AFFA təkcə məşqçi dəvət edərkən xaricə üz tutmur. Eyni zamanda, istər həkimlər, istərsə də massajçılar olsun, daha çox əcnəbilərə üstünlük verilir. Necə düşünürsünüz, niyə öz mütəxəssislərimizə güvənmirlər?
– Yuxarıda da qeyd etdiyim kimi, azərbaycanlılar heç də xaricdən dəvət olunanlardan geri qalmır. Məncə, yerlilərə güvənmək olar.
– Çalışdığınız kluba azaərbaycanlı futbolçuları təklif edirsinizmi?
– Bu məsələ ilə menecerlər məşğul olur. Klubun tibbi personalından kiminsə agent kimi futbolçu keçidində iştirak etməsi düzgün olmaz. Qısası, hər işin mütəxəssisi öz işi ilə məşğuldur burda.
– Amma vaxtilə millimizin gürcüstanlı üzvü Badri Kvaratsexliyanı çalışdığınız komandaya təklif etmisiniz.
– Bu mənim üçün birinci və sonuncu belə təcrübə oldu. Sonradan mənim də, Badrinin də, klubun da çoxlu problemləri oldu. Bu haqda danışmaq istəmirəm.
– Bizdə olan məlumata görə o vaxt Badrinin transferinin alınmasına Aslan Aslanov mane olmuşdu. Problem dedikdə bunu nəzərdə tutursunuz?
– O vaxt “Şəmkir”də və yığmada oynayanda onu “Dubay” rəhbərliyinə məsləhət görmüşdüm. Badrinin özü də Dubaya gəlməkdə maraqlı idi. Hətta gəlmişdi də. “Dubay”ın məşqlərində iştirak etmiş, baxışdan uğurla keçmişdi. Amma “Şəmkir” onu buraxmadı. İş müqavilə bağlamağa çatanda Aslan Aslanov icazə verməmişdi.
– Yeri gəlmişkən, təxminən iki il qabaq daha bir milliləşdirilmiş legionerimiz BƏƏ-yə üz tutmuşdudu. Sizcə, “Baniyas” klubuna transfer olunan Riçard Almeyda ölkəmizdəki çıxışına, yoxsa braziliyalı olduğuna görə “Baniyas”ın diqqətini çəkmişdi?
– Mən “Baniyas”da işləmirəm. Buna görə də bu taransfer haqqında, sözügedən keçidin necə reallaşması barəsində nəsə deyə bilmərəm. Ancaq onu deyim ki, Almeydanın gəlişindən sonra “Baniyas” daha inamlı çıxış edirdi, ancaq sonradan Almeyda yenidən Azərbaycana qayıtdı
Söhbətləşdi: Tural Məmmədov