Fermerlər üçün iformasiya məsləhət xidmətləri

         2022-ci ilin 6 oktyabr tarixindən başlayaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən  ölkənin müxtəlif regionlarında fermerlər üçün informasiya məsləhət xidmətləri həyata keçirilir. Fermerlərin informasiya-məsləhət xidmətlərinin həyata keçirilməsilə respublikanın 100 kəndində 35 000-dən artıq fermeri əhatə edəcək təlimlərin keçirilməsi nəzərdə tutulub. Tədbirin əsas məqsədi gübrə növləri və onlardan istifadə qaydaları, habelə sertifikatlı taxıl toxumları barədə yerlərdə fermerlər arasında maarifləndirmə işlərinin aparılmasıdır.

Oktyabrın 17-də Ağcabədinin Avşar, Hüsülü, Rəncbərlər, Muğanlı, Minəxorlu, Yuxarı Qiyaməddinli, Hindarx və Poladlı kəndlərində sözügedən mövzuda fermerlərin iştirakı ilə “Düzgün gübrə + sertifikatlı toxum = bol məhsul” başlığı altında toplantı keçirilib. Mütəxəssislər qeyd ediblər ki, düzgün gübrələmə yüksək məhsuldarlığın təminatıdır. Eyni zamanda torpaqlarda azot, fosfor və kalium çatışmazlığı kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında əsas məhdudlaşdırıcı amildir. Bitkiyə yalnız ehtiyacı olan gübrəni vermək lazımdır. Hər bir qida elementinin özünəməxsus funksiyası vardır və bir qida elementi digər qida elementini əvəz edə bilməz – deyə vurğulanıb.

Aqrar Təlim Mərkəzinin əməkdaşları həmçinin təlim predmetlərini özündə əks etdirən açıqcaları fermerlərə təqdim ediblər. Mərkəzin direktoru Azər Sərdarlı gübrə və sertifikatlı toxumların istifadə qaydaları və əhəmiyyəti ilə bağlı ətraflı məlumat verib. Sonra fermerlər arasında mövzunu əhatə edən kiçik bir viktorina da keçirilib. Bütün sualları doğru və tez cavablandıran fermer Tanrıverdi Fətəliyev viktorinanın qalibi olub və bir kisə “Amafos” gübrəsi ilə mükafatlandırılıb.

Sonda toplantı iştirakçıları Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.

Gündüz SEVİNDİK

Fotolar Mais İbrahimov

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com