Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin oktyabr ayının 13-də Astanada Asiya Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə toplantısnın plenar iclasında iştirak etmişdir.
Əsas məqsədi Asiyada Sülhün və Təhlükəsizliyin təmin edilməsi üçün çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək olan Asiya Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında bir çox ölkənin dövlət və hökumət başçısı və nazirlər iştirak etmişlər.
Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək, Cənubi Qafqazda yaranan vəziyyət barədə məlumat vermiş, ATƏT-in Minsk qrupunun Ermənistan Azərbaycan münaqişəsinin nizamlanması üçün 28 ildə heç bir iş görmədiyini qeyd etmiş, ona görə də Azərbaycan öz qüvvəsi hesabına BMT Nizamnaməsinə müvafiq olaraq münaqişəni özü həll etdiyini vurğulamışdır. 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatmış, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzazı ilə 3 tərəfli Bəyannamə qəbul edilmişdir. Lakin müharibənin başa çatmasından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan Bəyannaməni bir sıra müddəalarına əməl etməmiş, hazırda təmas xəttində təxribat və pozuculuq əməllərini davam etdirir. Tərəfimizdən aparılan fəal danışıqlar və sülh müqaviləsinin bağlanması istiqamətində gördüyümüz işlər təəssüf ki, Ermənistanın, bəzi Beynəlxalq təşkilat və dövlətlərin antiazərbaycan fəaliyyəti nəticəsində problemin həlli müşkül məsələyə çevrilmişdir.
Müharibə dövründə Ermənistan tərəfindən bizim ərazilərdə basdırılmış bir milyondan artıq minanın xəritəsi Ermənistan tərəfindən təqdim edilməmiş, təqdim edilən xəritələr isə reallığı əks etdirmir. Nəticədə müharibədən sonrakı dövrdə 250 nəfərdən artıq vətəndaşımız minaların partlaması nəticəsində ya həlak olmuş, ya da ciddi xəsarət almışdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, təkcə Laçın rayonu ərazisində Ermənistanın 2021-ci ildə istehsal etdiyi 1400 mina basdırılıb. Ona görə də Azərbaycan indi dünyada mina ilə çirklənmiş ölkələr sırasında ön yerdə qərar tutur. Bu isə o deməkdir ki, müharibə bitdikdən sonra da Ermənistan terrorçuluq fəaliyyətini davam etdirir. Bütün bunlar Ermənistanın Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı planlı şəkildə həyata keçirilən və Beynəlxalq konvensiyalara zidd olan cinayətdir. İşğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıq aşkar edilmişdir.Lakin bunlara baxmayaraq Azərbaycan öz humanist mövqeyini qoruyub saxlayır. Ölkəmiz ədalətli sülhün tərəfdarı olmaqla Ermənistan tərəfə 5 müddəadan ibarət sülh müqaviləsi təqdim etmişdir. Lakin Ermənistan hələ də müxtəlif bəhanələrlə sülh danışıqlarını ləngidir.
Son vaxtlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyanın iştirakı ilə,həmçinin 6 oktyabr tarixində Praqa şəhərində əlavə olaraq Fransa Prezidenti Emmanuel Makronun qoşulduğu 4 tərəfli görüşdə münaqişənin həlli istiqamətində müzakirələr aparılmışdır. Lakin bu görüşlərdə Fransanın ermənipərəst mövqeyi sayəsində mühüm bir irəliləyiş əldə edilməmiş, əvəzində Azərbaycana siyasi təzyiqlər göstərilmiş, biz razı olmasaq da Ermənistan sərhəddinə Avropa İttifaqının mülki missiyanın göndərilməsi qərara alınmışdır.
Lakin görüşlərdə konkret bir nəticə əldə edilməsə də, Azərbaycan götürdüyü öhdəliklərə sadiqdir. Ermənistan tərəfindən mütəmadi olaraq təxribatlar davam etsə də Azərbaycan səbr nümayiş etdirir.
Bu siyasi proseslərin fonunda ölkəmiz işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini davam etdirilir və paralel olaraq “Böyük Qayıdış” proqramı çərçivəsində vaxtilə həmin ərazilərdə yaşamış qaçqın və məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına qayıtması layihələrini həyata keçirir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini