Respublika Gənclər və İdman naziri Fərid Qayıbov oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialında görüş keçirib. Görüşə filialın professor-müəllim heyəti, tələbələr, media mənsubları qatılıb.
Tədbirdə Gənclər və idman nazirinin müavini Mariana Toteva Vasileva, nazirliyin Gənclərlə İş şöbəsinin müdiri Fuad Babayev, Ağcabədi rayon Gənclər və idman idarəsinin rəisi Rüfət Quliyev də iştirak ediblər.
Filialın direktoru Mobil Məcidov müəllim-tələbə heyəti adından qonaqları salamlayaraq, təhsil ocağında görüş üçün onlara təşəkkür edib və bu görüşün gənclər üçün faydalı olacağını bildirib.
Tədbir zamanı Fərid Qayıbov gəncləri dinləyib, onların təklif və istəkləri ilə maraqlanıb. Tələbələr öz uğurları və fəaliyyətləri barədə danışıb, nazirə müxtəlif mövzularda suallar veriblər. Sonra region gəncləri üçün nazirliyin layihələri haqqında məlumat verilib.
Tədbirin sonunda filialın tələbə-gənclər təşkilatı ilə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi arasında əlaqələrin gücləndirilməsi, müxtəlif təşəbbüslərin birgə həyata keçirilməsi, gənclərin sosial fəaliyyətlərə daha çox cəlb edilməsi və vətənpərvərlik istiqamətində fikir mübadiləsi aparılıb.