Rayon idmançılarının uğurları

Ağcabədi Rayon Gənclər və İdman İdarəsi rayonumuzda uşaq, yeniyetmə və gənclər arasında idman-sağlamlıq işlərinin aparılması, gənclərdə sağlam həyat tərzinin formalaşdırılması və onların idmana cəlb olunması məqsədilə bir çox tədbirlər həyata keçirib. Belə tədbirlərdən biri – Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə sektoru ilə birlikdə həyata keçirilən “Çempionumuz” sosial idman layihəsi mühüm əhəmiyyət kəsb edir. Layihə nailiyyət qazanmış idmançıları cəmiyyətdə tanıtmaq, bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işlərinin genişləndirilməsində, sakinlərin könüllülük iştirakı ilə bağlı təsəvvürlərin formalaşdırılmasında xüsusi rol oynayıb. Sözügedən qurum görülmüş işlərlə yanaşı 2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyasının müvafiq bəndinə uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaq, yeniyetmə və gənclərin idmanla məşğul olması üçün rayonda fəaliyyət göstərən idman qurumlarının yerli bölmələrinin məşqçi-müəllimlərinin, idman mütəxəssislərinin fəaliyyətlərinin əlaqələndirilməsini diqqət mərkəzində saxlayıb. 

Rayonda idmana yaradılan şəraitin nəticəsidir ki, həmyerlilərimiz ölkə, avropa və dünya çempionatında uğurlu nəticələrə imza atmışlar. 2022-ci ilin ötən dövrü ərzində idmançılarımız 101 medal qazanmışdır ki, bunlardan 45-i qızıl, 30-u gümüş, 26-sı bürünc medaldan ibarətdir. Belə ki, taekvondo idman növü üzrə idmançılarımızdan Əli Cəfərov, Minayə Əkbərova, Hikmət Musayev, Nəsimi Bünyadlı, Vasif Səlimov, Səfər Behbudzadə, boksçulardan Sübhan Məmmədov, Vüsal Heydərov, Coşqun Quliyev, alpaqut idman növü üzrə Elsevər Puri, kikboksinq idman növü üzrə idmançılardan Vüqar Mamedov, Mahmud Hüseynov, Sübhan Mamedov, idmanın MMA qaydasız döyüş növü üzrə təmsilçisi Orxan Sadıqov respublikamızda keçirilən birinciliklərdə və beynəlxalq turnirlərdə mükafata layiq yerlər tutublar. Sevindirici haldır ki, yaxın vaxtlarda taekvondo idman növü üzrə idmançı Minayə Əkbərova, kikboksinq idman növü üzrə idmançı Sübhan Mamedov Avropa və dünya çempionatı yarışlarında uğurla çıxış edərək, qızıl medala yiyələnmişlər.

İdmançılarımızın bu uğurunda məşqçilər Eldəniz Qənbərov, Tapdıq Əkbərov, Mehman Quliyev və tanınmış idman mütəxəssislərinin gərgin əməyi vardır.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com