Klub rəhbərlərinin və azarkeşlərin hakimləri ittiham etdiyi vaxtda heç kim bəzi futbol qaydalarının ağılasığmaz olmasından danışmır. Hərçənd, elə qaydalar var ki, gülməli, hətta biabırçıdır. Hər halda Almaniyanın məşhur Bild nərinin qeyri-adi futbol qaydalarından bəhs edən yazısını oxuduqca bu qənaətə gəlməmək mümkün deyil. Bu halların hər biri Azərbaycan stadionlarında da yaşana bilər. Belə olan halda, qaydanı bilməyənlərin əlindən nə hakimlər, nə də başqası yaxa qurtara bilər. Həmin qaydalara nəzər salmaq maraqlı olardı. Özü də bu, hakimlərimiz və klub rəsmilərinə də lazımdır.
Birinci vəziyyət?
Oyun başlamayıb. Komandalar meydana çıxmaq üzrədir. Futbolçu rəqibinə zərbə endirib, onu yerə çırpır.
Hakim nə etməlidir?
Heç nə! Qırmızı vərəqə göstərilə bilməz. Rəqibi vuran futbolçu heç nə olmayıbmış kimi, oyunu davam etdirir. Sadəcə, baş verənlər protokola yazılır.
İkinci vəziyyət:
Oyun başlamayıb. Lakin futbolçular meydanda dayanıb hakimin fitini gözləyir. Futbolçu rəqibini vurur.
Hakim nə etməlidir?
Vuran oyunçuya qırmızı vərəqə göstərilir. Lakin onun komandası əvəzetməyə əl ataraq, meydana başqa futbolçu buraxır.
Üçüncü vəziyyət:
Top boş qapıya yuvarlanır. Artıq qol olacaq… Amma bu an meydana qaçan azarkeş topu saxlamağa çalışır. Lakin bacarmır və top qapı xəttini keçir.
Hakim nə etməlidir?
Qol qeydə alınmır. Mübahisəli top qərarı verilir. Əgər meydana qaçan zədələnərək meydanı tərk edən futbolçudursa, qol sayılır.
Dördüncü vəziyyət:
Kubok oyununun 120 dəqiqəsi qalibi müəyyənləşdirməyib. Lakin bir komandanın 3 futbolçusu qırmızı vərəqə alıb.
Hakim nə etməlidir?
Penalti seriyası ərəfəsində digər komanda bu zərbələri vurmaq hüququnu itirən 3 üzvünü müəyyənləşdirir. Və hər komandada 8 futbolçu penalti vurmaq imkanına malik olur.
Beşinci vəziyyət:
Oyunun gedişində qapıçı ilə müdafiəçi formalarını dəyişirlər. Yeni qapıçı topu əlinə götürür.
Hakim nə etməlidir?
Oyuna davam. Lap küçədə olduğu kimi, qapıçı dəyişdirilir. Lakin növbəti dəfə oyun dayananda, hər iki futbolçuya forma dəyişməsinə görə sarı vərəqə göstərilir.
Təbii ki, sözügedən qaydalar qeyri-adi göründüyündən bu məsələni aydınlaşdırmaq üçün ekspertə müraciət etdik. Bizimlə fikirlərini bölüşən sabiq FİFA referisi, “Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov mövzunu əhatəli formada şərh etməklə aşağıdakıları dedi: “Futbol dünyada milyardlarla insanı özünə cəlb edən, coşduran, həyat tərzinə çevirən bir nömrəli idman növüdür. Futbol qaydaları şablonluğu sevmir və cazibədarlığı da bir tərəfdən müzakirələrdə, mübahisələrdədir. Yüz ildən çox tarixi olan futbolda bu günə kimi “Oyun qaydaları”nda önəmli dəyişiklər, yeniliklər edilib. Vaxt olub matçlarda əvəzetmələr olmayıb, zədəli, oyundan çıxan futbolçuları dəyişmək qaydaları tətbiq edilmirdi. Sonrakı dövrlərdə bir əvəzetmədən başlayaraq günümüzdəki dəyişiklər sisteminə gəlinib.
Sarı və qırmızı vərəqələrin tarixi yaxın əlli ilə təsadüf edir. Ən önəmli, futbolun sürətini, baxımlılığını, taktiki gedişləri, rəngarəngliyi artıran, müasir futbola müsbət təsir edən qayda dəyişikliklərdən biri, qapıçılarla bağlı oldu:- 1990-cı ildə müdafiəçilərin ayaqla topu ötürdüyü halda qapıçıların əllə oynamaq qadağası. Gənc nəsil xatırlamaz, bu dəyişiklik futbolda inqilabi təsir qüvvəsinə malik oldu. Qapıçılar ayaqla oynamağı öyrəndi, görüşlərin tempinin “öldürülməsi” minimuma endirildi. Yoxsa hər dəfə rəqib meydanda pressinq tətbiq edilən kimi top qapıçıya ötürülürdü və o da topu saysız-hesabsız əllə oynamaq imkanına malik olurdu. Eynilə 6 saniyə və və ya digər yeniliklər…
Müasir texnologiyaların futbola təsiri ilə günümüzdə futbol daha da dəyişib. VAR sistemi tətbiq edilir. Bununla yanaşı futbol mübahisələri səngimək bilmir. Qaydalarda dəyişikliklərin edilməsi çox həssas məqamdır və hər dəfə uğurlu alınmır. Futbolun gözəlliyi, ruhu toxunulmaz qalmalıdır.
“Oyun qaydaları”nda təzadlı, bir-birini “döyən”, hətta məntiqlə təkzib edən məqamlar çoxdur və əlavə olaraq neçə-neçə nümunələr gətirilə bilər. Bunların çoxu “passiv” qaydalardır ki, futbolda, əsasən də peşəkar səviyyədə çox nadir hallarda rast gəlinir. Start fiti verilmədən, oyun başlamadan hansısa komandanı 11-likdən məhrum etmək doğru olmaz. Qeyd edilən anda əgər intizamsızlıq və ya zədə halı baş verirsə, heyət nizamlanır texniki zonada isə əvəzetmə sayı azalır.
“Passiv”, futbolda yaddan çıxan, istifadə edilməyən, faiz, baş vermə dərəcəsi çox aşağı olan qaydalar birmənalı olaraq müasir tələblərə uyğunlaşdırılmalıdır. Bununla yanaşı qayda xaosuna da yol verilməməlidir. Nə qədər təsadüfi hallarda müəyyən qaydalar üzə çıxa bilərsə, hadisə bir dəfə baş verir yanaşmasıyla qabaqlayıcı tədbirlərin, bəzi qaydalarda korrektələrin edilməsinə həqiqətən də böyük ehtiyac var. Sadəcə, belə halların çox az və ya ümumiyyətlə baş verməməsi, cavabdehlərin özlərini istifadə olunmayan qaydalar kimi passivləşdirir.
Müasir futbolda üzdə olan penalti, ofsayd, sarı/qırmızı vərəqələr və s. önəmli qaydalar aktuallığını saxlayır, hər oyunda baş verir və bütün diqqət belə halların üzərinə yönəlir. Paralel olaraq qeyd olunan, az rast gəlinən məqamlar da diqqətdən qaçmamalıdır.”
Hazərladı: Tural Məmmədov