“Aran” qəzetinin ilk sayının işıq üzü görməsindən 90 il keçir. Bu, bir peşəkar jurnalist kimi məni çox sevindirdi. Bütün kollektivi, eyni zamanda çoxsaylı oxucularınızı yubiley münasibətilə təbrik edir, hər birinizə yeni yaradıcılıq uğurları arzulayıram.
Hər bir mətbuat orqanı dövrün tarixi salnaməsidir. Qəzetiniz ötən dövr ərzində həyatınızın bütün sahələrinə nüfuz edərək Ağcabədi rayonunun tarixi salnaməsinə çevrilmişdir. Nə yaxşı ki, qəzet bölgədə gedən ictimai-siyasi və mədəni inkişaf prosesindən kənarda qalmır, cəmiyyətin mənəvi inkişafında mühüm rol oynayır.
Qəzetiniz Azərbaycan milli mətbuatının ənənələrini şərəflə davam etdirir, ətrafına tanınmış qələm sahiblərini toplamışdır.
“Aran”ın ictimai-siyasi mövqeyi aydındır. Sizin əsas vəzifəniz oxucuya düzgün yol göstərmək, baş verənləri, ölkəmizdə qazanılan uğurları olduğu kimi, heç bir təhrifə yol vermədən ictimaiyyətə çatdırmaqdır. Yaxşı haldır ki, bunun öhdəsindən bacarıqla gəlirsiniz.
Bu gün rayonunuzda geniş abadlıq, quruculuq işləri gedir. Rayonun icra başçısı Rafil Hüseynovla Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində bir qrupda oxumuşuq. Biz tələbə yoldaşları onu mənəviyyat, kamillik, müdriklik örnəyi, istedadlı qələm sahibi kimi tanıyırdıq. Bu gün də belədir. Ruhən, qəlbən sözə bağlılıq fəaliyyət göstərdiyi bütün yerlərdə Rafil müəllimi qələm sahiblərinə sevdirə bilmişdir. Qəzetinizin 90 illik yubileyinin ümumrayon səviyyəsində qeyd edilməsi bunun parlaq nümunəsidir.
Mən 1971-ci ildən “Lənkəran” qəzetinin məsul katibi, redaktor müavini, redaktoru, “Lənkəranın səsi” qəzetinin baş redaktoru işləmişəm. 1995-ci ildən isə “Aşkarlıq” ictimai-siyasi qəzetinin baş redaktoruyam. Arada “Günay” beynəlxalq qəzetinin bölgə müxbiri, Lənkəran Dövlət Universiteti mətbuat xidmətinin rəhbəri kimi də fəaliyyət göstərmişəm.
Qeyd etmək istəyirəm ki, “Lənkəran” qəzeti də özünün 90 illik yubileyinə hazırlaşır.
Bu gün Azərbaycan mətbuatı, o cümlədən “Aran” qəzeti hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Bu baxımdan qəzetiniz milli jurnalistika ənənələrinə sadiq qalaraq, dövrün ictimai-siyasi həyatının fəal təbliğatçısına çevrilmiş, ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi naminə həyata keçirilmiş işlərə işıq salmışdır.
Böyük sənətkar C.Məmmədquluzadə “Molla Nəsrəddin”in dili ilə yazırdı ki, “Molla Nəsrəddin” təkcə bir nəfərin deyil, qələminə sadiq, əqidəcə saf, dövlətinə, vətəninə sadiqlik göstərən bütün oxucularındır.
“Aran” qəzeti də bütün oxucuların, onu sevənlərindir.
“Aran” oxunaqlı qəzetdir, yaradıcı kollektiv Azərbaycan dilinin saflığını, jurnalist şərəfini, etikasını qoruyur, milli mətbuatımızın ən yaxşı ənənələrini yaşadır.
90 yaşın mübarək, “Aran”! Qələminiz həmişə iti, yolunuz işıqlı olsun!..
Hacı Etibar ƏHƏDOV,
Lənkəranda çıxan “Aşkarlıq” qəzetinin baş redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü