Zəfər Gününə həsr olunmuş görüş

            Bugünlərdə Ağcabədi rayon MKS-nin Pərioğullar kənd filialında Zəfər Günü münasibəti ilə görüş keçirilib. Tədbirdə kitabxana və tibb işçiləri, müəllimlər, şagirdlər, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, rayondan olan yazarlar, ziyalılar, media mənsubları iştirak ediblər. Öncə, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan Pərioğullar kənd kitabxana filialının müdiri Nübar Qasımova qonaqları salamlayıb. Natiq çıxışında, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun 44 günlük Vətən müharibəsi günlərində göstərdiyi qəhrəmanlıqlardan, torpaqlarımızın erməni işğalından xilas olunmasında nümayiş etdirdiyi qələbə əzmindən ətraflı söhbət açıb, bu istiqamətdə kənd kitabxanasında təşkil olunmuş sərgi, müzakirə və söhbətlər haqqında məlumat verib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Zahid Avşar Eloğlu, “Aran” qəzetinin redaktor müavini Adil Misirli, yazar Eldar Qarqarçay, Pərioğullar bələdiyyəsinin sədri Mansur Quliyev, Pərioğullar kənd tam orta məktəbinin direktor müavini Samirə Həsənova, gənc yazıçı Səadət Kamal, Hacıbədəlli kənd kitabxana filialının müdiri Adilə Məmmədova və başqaları çıxış edərək, kənd kitabxana filialında təşkil olunmuş digər tədbirlər kimi “8-Noyabr Zəfər Günü”nə həsr olunmuş yığıncağın əhəmiyyətindən danışıb, Vətən müharibəsi haqqında fikir və mülahizələrini, xatirələrini bölüşüb, sözügedən kənd kitabxanasında 40 il ərzində səmərəli fəaliyyət göstərmiş təcrübəli kitabxanaçı Nübar Qasımovanı yubiley münasibəti ilə təbrik ediblər.

Tədbirdə Pərioğullar kənd tam orta məktəbinin şagirdlərinin Vətən, Qarabağ mövzusunda səsləndirdikləri şeirlər diqqəti çəkib. Sonda görüş iştirakçıları həmin məktəbin şagirdi, istedadlı gənc rəssam Mirzə Məmmədovun Vətən müharibəsi şəhidlərinə həsr etdiyi portretlərdən ibarət sərgi ilə tanış olublar.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər